EN

“Evdə iydən otura bilmirik” – Zabrat və Məhəmmədidə illərin kanalizasiya problemi niyə həllini tapmır?

Payızın sərin küləyi Bakının Sabunçu rayonunun küçələrində dolaşsa da, Zabrat və Məhəmmədi qəsəbələrində bir başqa qoxu duyulur. Bu, illərdir sakinlərin həyatını zəhərə döndərən kanalizasiya problemidir.

Sakinlər danışırlar ki, burada hələ də mərkəzi kanalizasiya sistemi yoxdur. İnsanlar çarəni quyu qazıb çirkab sularını ora axıtmaqda tapıblar. Amma quyu dolanda məcbur qalırlar ki, xüsusi maşın çağırsınlar. Bu isə həm baha başa gəlir, həm də ətrafı dözülməz hala salır.

“Evdə iydən otura bilmirik. Hər tərəfdən nəcis iyi gəlir. Zirzəmilərimiz də sularla dolur. İndi qapını, pəncərəni açmaq olmur, yayda isə vəziyyət daha da dəhşətli olur. Küçədən keçmək belə mümkün deyil”, - deyə Məhəmmədidə yaşayan sakin deyir.

Hesablama aparmaq da çətin deyil: 10 ton çirkabın daşınmasına görə 25 manat, 12 ton üçün 30-35 manat ödəmək lazımdır. Əgər ünvana məsafə uzundursa, qiymət də artır. Pirşağıya maşın çağırmaq, məsələn, 40-45 manata başa gəlir.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etdik.

Qurumdan Musavat.com-a bildirildi ki, hazırda Zabrat və Məhəmmədi qəsəbələrində mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil:

“Kanalizasiya sistemi olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.

Rəsmi cavabda mərhələlərdən, planlardan danışılır. Amma Zabrat və Məhəmmədidə yaşayan insanlar üçün hələlik reallıq dəyişməyib: hər gün qoxu, hər gün təmizlik xərci, hər gün gözlənti...

Chosen
13
1
ekologiya.az

2Sources