EN

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib Yenilənib-Foto



Sentyabrın 12-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclası açan komitə sədri Tahir Rzayev yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb, gündəliyə 4 məsələnin daxil edildiyini bildirib.
İlk növbədə, komitə sədri 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Aqrar siyasət komitəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ötən sessiyada 13 iclas keçirilib, 14 məsələyə baxılıb, o cümlədən, “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə təşkil olunub.
Daha sonra Tahir Rzayev Aqrar siyasət komitəsinin 2025-ci il payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Komitə sədri bildirib ki, gələn sessiyada qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri müzakirə olunacaq, komitənin profilinə uyğun mövzularda dinləmələr keçiriləcək, vətəndaşlarla mütəmadi görüşlər təşkil ediləcək və aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq davam etdiriləcək.

Sonra gündəliyin üçüncü məsələsi “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulmaq haqqında” qanununun layihəsi ilə bağlı məlumat verilib. Bildirilib ki, preambula və 19 maddədən ibarət Nizamnaməyə qoşulmaq gələcəkdə Avropa çərçivəsində xəstəliyin qarşısının alınmasına, onun yayılmasının məhdudlaşdırılması üçün nəzarət tədbirlərinin gücləndirilməsinə şərait yaradacaq.
Gündəliyin sonuncu məsələsi – “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə qanun layihəsi haqqında məlumat verilib. Komitə sədri Tahir Rzayev bildirib ki, sənəd dövlətlər arasında təhlükəli kimyəvi maddələrin və pestisidlərin idxalı və ixracı ilə bağlı məlumat mübadiləsini təmin etmək, onların istifadəsi nəticəsində yarana biləcək risklərin azaldılmasına nail olmaq və insan sağlamlığı ilə ətraf mühitin qorunmasını gücləndirmək məqsədini daşıyır.

Müzakirələr zamanı komitə sədrinin müavini Razi Nurullayev, üzvləri Eldar İbrahimov, Vüqar İsgəndərov, Novruzəli Aslanov, Cavanşir Paşazadə, Azər Badamov və Aydın Hüseynov çıxış edərək məsələlərlə bağlı fikirlərini söyləyiblər, təkliflərini irəli sürüblər.
Tədbirin sonunda ötən sessiyada görülmüş işlər məqbul hesab edilib, komitənin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq olunub, qanun layihələri isə birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İclasda Aqrar siyasət komitəsinin üzvü Xanlar Fətiyev və digər rəsmi şəxslər iştirak ediblər.



Chosen
29
2
aia.az

3Sources