EN

Türkiyə və Ermənistan rəsmiləri sərhəddə görüşdü ANKARA SÜLH SAZİŞİNİ GÖZLƏMƏDƏN SƏRHƏDİ AÇACAQMI?

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Ermənistana səfər edib. Onu Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsi olan Marqarada Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan qarşılayıb. Səfər simvolik xarakter daşıyır və artıq tarixi addım kimi qiymətləndirilir, çünki bu cür təmaslar çox nadir hallarda baş verir və hər dəfə iki ölkə arasında mürəkkəb münasibətlərdə potensial irəliləyiş kimi qəbul olunur.

Hazırkı normallaşma mərhələsinin əsas intriqası Türkiyə ilə Ermənistan arasında sərhədin açılması imkanları ilə bağlıdır. İndiyədək Ankara bu addımı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə şərtləndirirdi. Lakin yeni diplomatik təşəbbüslər fonunda ortaya bir sual çıxır: Türkiyə Ermənistanla sərhədi Cənubi Qafqazda sülhün son olaraq rəsmiləşməsini gözləmədən aça bilərmi?

Bir tərəfdən, bu, Türkiyəyə regionda əlavə təsir rıçaqları qazandıra, həmçinin öz maraqları naminə hərəkət edən müstəqil regional oyunçu imicini gücləndirə bilər. Digər tərəfdən, belə bir addım Türkiyənin Qafqazdakı əsas müttəfiqi olan Azərbaycanla münasibətlərdə risklər yarada bilər.

Azərbaycan buna necə reaksiya verə bilər?

Çox güman ki, Türkiyənin belə addımı rəsmi Bakıda birmənalı qarşılanmayacaq, ən azı ona görə ki, Ermənistanla danışıqlarda Azərbaycanın mövqeləri zəifləyə bilər.

Burada başqa bir amil də nəzərə alınmalıdır. Türkiyədə müəyyən narazılıq qalmaqdadır ki, sülh sazişinin paraflanması Ankarada yox, Vaşinqtonda baş tutdu. Türkiyə mətbuatı bu hadisəyə kəskin reaksiya verdi.

Bu hadisə, regionda sülh quruculuğu prosesinin təşəbbüskarı məsələsinin nə qədər həssas olduğunu göstərir. Türkiyə üçün regional sülh arxitekturasında əsas oyunçu olmaq prinsipial əhəmiyyət daşıyır və Yerevan və Bakının Ankaranı kənarda qoyan hər hansı addımı həssaslıqla qarşılanır və qarşılanacaq.

Türkiyə-Ermənistan sərhədinin sülh sazişi olmadan açılması yalnız müvəqqəti ola bilər və daha çox diplomatik xoşməramlı jestin nümayişə qismində.

Potensial olaraq Azərbaycan bu addımı pozitiv qarşılamasa da, Ankara düzgün diplomatiya ilə bunu Yerevana təzyiq vasitəsi kimi izah edə bilər ki, sülh prosesini sürətləndirməyə çalışır.

Vaşinqton amili isə Türkiyənin səssiz narazılığını gücləndirir və onu regionda daha fəal olmağın yollarını axtarmağa vadar edir, o cümlədən Ermənistanla münasibətlərdə simvolik addımlar vasitəsilə.

Beləliklə, Sərdar Kılıcın Ermənistana səfəri təkcə simvolik jest deyil, həm də yeni mərhələnin başlanğıcıdır. Bu mərhələdə Türkiyə həm Azərbaycana müttəfiq sadiqliyi, həm də regiondakı öz maraqları arasında balans qurmağa çalışacaq.

Kamran Cəfərov

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
48
22
icma.az

10Sources