AZ

Türkiyə sərhəddə fiziki maneələri qaldırmağa hazırdır - siyasi qıfıllar isə qalır

"Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın erməni həmkarı Ruben Rubinyan ilə tarixi Marqara sərhəd-keçid məntəqəsindəki görüşü iki ölkə arasında onilliklərdir bağlı olan sərhədlərin açılması istiqamətindəki ümidləri yenidən alovlandırıb. Kılıçın səfər zamanı verdiyi müsbət mesajlar və Ermənistan tərəfinin də məsələyə hazır olduğunu bildirməsi prosesdə müəyyən irəliləyişin olduğunu göstərsə də, bu yolun sonu birbaşa Cənubi Qafqazda daha geniş sülh prosesinə bağlıdır".

Bu barədə Musavat.com-a açıqlamasında Türkiyədə yaşayan politoloq, professor Toğrul İsmayıl deyib.

togrul.jpg

Politoloq bildirib ki, Ankaranın mövqeyi aydın və prinsipialdır:

"Ermənistanla tam normallaşma yolu birbaşa Bakı ilə hərtərəfli sülhün əldə edilməsindən keçir. Bu səbəbdən sərhədlərin açılması üçün ilk və ən fundamental şərt Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasını və sərhədlərin delimitasiyasını nəzərdə tutan yekun sülh müqaviləsinin imzalanmasıdır.

Sərdar Kılıçın bəyanatlarında Zəngəzur dəhlizinin əhəmiyyətini xüsusi vurğulaması bu məsələnin Ankara üçün sadəcə bir nəqliyyat xətti deyil, həm Türkiyəni birbaşa Azərbaycana və Türk dünyasına bağlayan, həm də region iqtisadiyyatını canlandıran strateji bir zərurət olduğunu göstərir. Buna görə də dəhlizin açılması normallaşma paketinin ayrılmaz tərkib hissəsi hesab olunur. Bununla yanaşı, Türkiyə Ermənistanın gələcəkdə hər hansı bir ərazi iddiasından rəsmən imtina etməsini və ikitərəfli münasibətlərə zərər vuran radikal fəaliyyətlərə son qoymasını da etimadın bərpası üçün vacib sayır. Belə bir şəraitdə, "sərhədlər sülh müqaviləsindən əvvəl açıla bilərmi" sualı gündəmdə qalır".

Toğrul İsmayıl qeyd edib ki, mütəxəssislərin fikrincə, ticarət və vətəndaşların sərbəst gediş-gəlişi üçün tam açılış sülh sazişi imzalanmadan real görünmür:

"Lakin sülh danışıqlarında əldə olunacaq ciddi irəliləyişə paralel olaraq, etimad quruculuğu tədbiri kimi üçüncü ölkə vətəndaşları və diplomatlar üçün sərhədin açılması kimi məhdud addımlar atıla bilər.

Nəticə etibarilə, Sərdar Kılıçın diplomatik mesajları topun Ermənistanın meydanında olduğunu göstərir. Türkiyə sərhəddəki fiziki maneələri qısa müddətdə aradan qaldırmağa hazır olduğunu bəyan edərkən əslində əsas siyasi qıfılların açarının Bakı və İrəvan arasında əldə olunacaq yekun razılaşmada olduğunu vurğulayır. Bu səbəbdən Ankara-İrəvan münasibətlərinin taleyi Cənubi Qafqazda qurulacaq davamlı sülhdən asılı olaraq qalır".

Xatırladaq ki, Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Ermənistanda səfərdədir. O, həmkarı Ruben Rubinyan ilə Ermənistan–Türkiyə sərhədindəki “Marqara” nəzarət-buraxılış məntəqəsində görüşüb.

Kılıç bir gün əvvəl Ermənistanla təmasların davam etdiyini, müxtəlif məsələlərin araşdırıldığını və əvvəlki fəaliyyətlərin dəyərləndirildiyini açıqlamışdı. Onun sözlərinə görə, gələcəkdə iki ölkə və bütövlükdə regionun iqtisadi həyatı üçün atılacaq addımlar müzakirə olunacaq.

Diplomat həmçinin Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunaraq, bu xəttin təkcə Ermənistan və Türkiyə deyil, Orta Asiya və türk respublikaları ilə əlaqələrin genişlənməsinə də mühüm təsir göstərəcəyini bildirib.

Xalidə Gəray
Musavat.com

Seçilən
30
22
musavat.com

10Mənbələr