EN

Böyük Qayıdış: Güzəştlər tətbiq olunmalı, investorlar cəlb edilməlidir

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

(Yazı "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusunda hazırlanıb)

Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsi və bir günlük anti-terror əməliyyatından sonra ölkənin ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev və xalq-Silahlı Qüvvələr vəhdəti sayəsində ölkənin bir saylı taleyüklü problemi həll edildi. Bu tarixi qələbə qarşıya yeni vəzifələr və hədəflər qoydu - işğaldan azad olunmuş ərazilərdə təlükəsizliyin təmin edilməsi, tikinti quraşdırma və məskunlaşma işlərinin həyata keçirilməsi prosesləri.

Siyasi şərhçi Əli Orucov Qaynarinfo-ya müsahibəsində bildirib ki, bunun üçün ilk növbədə hüquqi baza yaradılmalı, maliyyə və digər resurslar cəlb edilməlidir:

"Azərbaycan öz torpaqlarının işğaldan təkbaşına azad etdiyi kimi, tikinti-quruculuq və məskunlaşma prosesini də öz gücünə həyata keçiririr. 2022-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda və Milli Prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda bütün bu məsələlər geniş və detallı şəkildə işlənib-hazırlanıb. Qəbul edilmiş həmin sənədlərə uyğun olaraq vacib infrastruktur layihələr icra edilib, əhalinin yenidən məskunlaşması üçün şərait yaradılıb. İndiyədək dövlət büdcəsindən quruculuq işlərinə 20 milyard manatdan çox vəsait xərclənib və 44 min nəfər məskunlaşdırılıb. Bu, çox böyük göstəricidir. Ötən 4 il ərzində yolların, körpülərin, elektrik, qaz, su xətlərinin çəkilməsi, istehsal müəssisələrinin, xidmət sahələrinin, təhsil obyektlərinin, kənd təsərrüfatı sahəsinin dirçəldilməsi, hava limanlarının, xüsusi hudrotexniki qurğuların inşası böyük zəhmət, maliyyə və təşkilatçılıq hesabına başa gəlib".

Əli Orucov işğal dövründə həmin ərzilərin darmadağın olduğunu xatırladıb:

"Daş-daş üstündə qalmayıb, bütün infrasrtuktur dağıdılıb, ərazilər mina və partlayıcı qurğularla çirkləndirilib. Bu isə tikinti-quruculuq və məskunlaşma proseslərinin ləngiməsinə səbəb olur və riskləri artırır. Təəssüf doğuran odur ki, Ermənistan minalanmış və partlayıcı qurğularla çirkləndirilmiş ərazilərin xəritəsini Azərbaycana verməkdən yayınır, bundan əlavə, təqdim etdiyi məlumatlar da yanlış çıxır. İndiyədək işğaldan azad olunmuş bölgələrdə kənd təsərrüfatı və tikinti-inşaat işləri ilə məşğul alan yüzlərlə vətəndaşlarımız həmin minaların qurbanı olub".

Şərhçi hesab edir ki, beynəlxalq nümyəndəliklərin səfərlərinin mütəmadi təşkili, mötəbər tədbirlərin, dövlət və hökumət başçılarının görüşlərinin yeni salınan şəhərlərdə, yaşayış məskənlərində keçirilməsi təqdirəlayiqdir:

"Bu, həmin bölgəyə diqqətin daha çox cəlb edilməsi üçün faydalıdır. Lakin bununla belə, işğaldan azad olunmuş ərazilərdə gerçəkləşdirilən layihələr, tikinti-inşaat işlərinə xarici investorların cəlb edilməsində çətinliklər və qüsurlar qalmadadır. Ayrılan bütün vəsait dövlət büdcəsindəndir və işləri görən, tenderləri qazanan şirkətlər də həmin büdcə hesabına fəaliyyət göstərir. Məncə, prosesin sürətini artırmaq və büdcəni bir qədər yüngülləşdirmək üçün investorların cəlb edilməsi də yerinə düşər. Müəyyən güzəştlər tətbiq edilməlidir".

Əli Orucovun sözlərinə görə, Azərbaycanın beynəlxalq diaspor təşkilatları bu vacib prosesə cəlb olunmalıdır:

"Ölkənin hüdudlarından kənarda azərbaycanlı iş adamları, biznesmenlər yaxud cəmiyyətin müxtəlif sferalarında nifuz sahibi olan soydaşlarımız var. Onlar kənarda qalmamalıdır. Bu praktika uğurlu olub. Azərbaycan yenidən müstəqiliyini qazananda imkanlı soydaşlarımız iqtisadiyyatın dirçəlməsində öz töhfələrini verdilər. Həmçinin Azərbaycanla sıx iqtisadi-ticari və dostluq münasibətlərində olan dövlətlərin imkanlarından və potensialından da yararlanmaq ümumi işlərin xeyrinə olardı. Onu da vurğulamaq lazımdır ki, Qarabağ iqtisadi zonasından Azərbaycanın reinteqrasiya təkliflərinə və təhlükəsizlik təminatana məhəl qoymayaraq könüllü şəkildə tərk edən ermənilərin boşaltdıqları yaşayış yerlərinə də məcburi köçkünləri yerləşdirmək mümküdür. Boş qalan həmin evlər, binalar və qurğuların bir çoxu baxımsızlıq səbəbindən dağılıb yararsız hala salınıb, təmirə ehtiyacı var".

Bahar Rüstəmli

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
qaynarinfo.az

1Sources