EN

Yaddaşlardan silinməyən ata yurdu - Allahverdi

​Qərbi Azərbaycanın sinəsində yara olan, hər bir Borçalı türkünün ürəyində daşıdığı bir ad: Allahverdi. Bu torpaqlar sadəcə bir coğrafi ərazi deyil, türkün nəfəs aldığı, iz qoyduğu, Borçalı mahalının tarixi Loru bölgəsinin ürəyi idi. Bu qədim yaşayış məskəni tarix boyu Azərbaycan türklərinin etnik-siyasi kimliyini yaşatmış, mədəni irsini qorumuşdur.

Bir vaxtlar Borçalı mahalına daxil olan, sonra Tiflis quberniyasının Borçalı qəzasına tabe edilən bu torpaqlar, 1930-cu ildə müstəqil inzibati rayon kimi təşkil olundu. 1988-ci ilə qədər Allahverdi torpaqlarında azərbaycanlılar nəsillər boyu sülh içində yaşayırdı, alın təri ilə qazandıqları hər nemət onların zəhmətinin bəhrəsi idi. Burada 35.600 nəfərə yaxın əhali yaşayırdı. Rayon şimalda Gürcüstanın Marneuli rayonu, cənubda və cənub-şərqdə Ermənistan SSR-in İrəvan və Noyemberyan rayonları, şimal və şimal-şərqdə isə Quqark (Böyük Qarakilsə), Stepanavan (əvvəlki Cəlaloğlu) və Kalinino (keçmiş Varantsovka) rayonları ilə həmsərhəd idi. 1880–1918-ci illərdə Tiflis quberniyasının Borçalı qəzasının Borçalı və Loru nahiyələrinin tərkibinə daxil olmuş, 1921–1930-cu illərdə Ermənistan SSR-in Loru-Pəmbək qəzasına birləşdirilmişdi. 1918–1920-ci illərdə isə mübahisəli status daşıyan neytral zona elan edilmişdi. 1921-ci ilin noyabrında bolşevik rəhbərliyi, yəni Moskvanın diktəsi ilə, bu ərazi Ermənistan SSR-in inzibati sərhədlərinə verildi. Nəticədə, Allahverdi faktiki olaraq Ermənistanın tərkibinə keçdi.

Rayon mərkəzi əvvəllər "Manas" adlanmış, daha sonra isə "Allahverdi" kimi tanınmışdır. Bu şəhərdən İrəvana olan məsafə 191 kilometr idi və ərazidən Tiflis–İrəvan dəmir yolu xətti keçirdi.

Lakin tarix, bəzən ən ağrılı səhifələrini yazır. 1918–1920-ci illərdə ermənilər xarici havadarlarının dəstəyi ilə rayon ərazisində azərbaycanlılara qarşı kütləvi soyqırımı törətdilər. Yüzlərlə dinc sakin qətlə yetirildi, kəndlər yandırılıb dağıdıldı. Təkcə 29 noyabr 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra bir çox soydaşımız doğma yurdlarına dönə bildi. Allahverdi rayonunun sakinləri Böyük Vətən müharibəsi illərində də Vətənə sədaqət nümunəsi göstərmiş, çoxsaylı qəhrəman oğul və qızlar cəbhəyə yollanmış, bəziləri igidliklə həlak olmuş, bəziləri isə müharibədən orden və medallarla qayıtmışdır. Amma bu dönüş qısa ömürlü oldu. 1948–1953-cü illərdə SSRİ rəhbərliyinin – başda İosif Stalin və Vyaçeslav Molotov olmaqla – yeritdiyi deportasiya siyasəti nəticəsində Ermənistandan 150 minə yaxın azərbaycanlı sürgün edilmişdir. Bu acı talehi yaşayanlar arasında Allahverdi rayonunun dinc sakinləri də var idi. Onlar ailələri ilə birlikdə qışın sərt çağında evlərindən zorla çıxarılmış, ağır şəraitə məhkum edilmişdilər.

Yaddaşın qanayan yarası 1988-ci ildə yenidən açıldı. SSRİ-də başlayan yenidənqurma siyasətindən istifadə edən erməni-daşnak dairələri M.Qorbaçovun himayəsi altında xalqımıza qarşı növbəti terror və zorakılıq dalğasını başladı. Fevraldan başlayan sistemli təzyiqlər noyabra qədər davam etdi, azərbaycanlılar öz ata-baba torpaqlarından kütləvi şəkildə didərgin salındılar. Deportasiya zamanı Allahverdi rayonunun dinc sakinləri də ağır zülm və faciələrlə üzləşdilər. Moskvaya göndərilən çoxsaylı şikayət teleqramlarına cavab verilmədi. Lakin bütün bu ağır sınaqlara baxmayaraq, Allahverdi sakinləri, xüsusilə yaşlı nəsil bu gün də doğma yurda qayıdacağı günün ümidi ilə yaşayır.

Və o ümidin işığı gəldi. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə, Qərbi Azərbaycana qayıdış konsepsiyasını siyasi gündəmin əsas hədəfinə çevirdi. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti, deportasiya olunmuş soydaşlarımızın təhlükəsiz və ləyaqətli şəkildə, beynəlxalq hüquqa əsasən, sülh yolu ilə öz torpaqlarına qayıtması üçün ardıcıl siyasət yürüdür.

Allahverdililər bu siyasətə inanır, qayıdışa qətiyyətlə hazırlaşır və bu prosesi səbirsizliklə gözləyirlər. Onlar bilirlər ki, illərlə çəkilən həsrət sona yetəcək. Ata yurduna, qədim Allahverdi torpaqlarına dönüş çox da uzaqda deyil. Mən də inanıram ki, tezliklə ata yurdum olan Qərbi Azərbaycana qayıdacağıq!

Nargilə Kərimova:

YAP Mingəçevir şəhər təşkilatının fəalı,

 Qərbi Azərbaycan İcmasının üzvü 

Chosen
33
gundem.az

1Sources