Sakarya Zəfəri Türk millətinin əsarət altında yaşamağı heç vaxt qəbul etməyəcəyini, ən çətin şəraitdə belə azadlığından əsla dönməyəcəyini göstərdi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Sakarya Zəfərinin 104-cü ildönümü münasibətilə mesajında yer alıb.
Ərdoğan mesajında qeyd edib ki, millətin istiqlal və gələcək mübarizəsində dönüş nöqtələrindən biri olan Sakarya Meydan Döyüşündə 1921-ci il sentyabrın 13-də qazanılan şanlı qələbənin ildönümü qürurla yad edilir.
“Sakaryada nümayiş olunan qəhrəmanlıq yalnız hərbi bir uğur deyil, millətimizin birlik və həmrəylik ruhunun ən güclü təzahürlərindən biridir” - deyə Prezident Ərdoğan bildirib.
“Bu gün bizə düşən vəzifə, bu böyük mirası qoruyaraq, əziz millətimizin birlik və həmrəylik içində aşa bilməyəcəyi heç bir maneənin olmadığı şüurunu gələcək nəsillərə ötürməkdir. Başda Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal olmaqla, Sakarya Zəfərinin bütün qəhrəmanlarını, əziz şəhidlərimizi, qazilərimizi rəhmət və şükranla yad edir, bu mənalı günün millətimizə ilham və güc qaynağı olmasını arzulayıram.”
Qeyd edək ki, 1922-ci il avqustun 22-dən sentyabrın 13-dək türk və yunan orduları arası davam edən Sakarya Meydan müharibəsi Türkiyənin Qurtuluş Savaşının dönüm nöqtəsi hesab edilir.
Yunan ordusunun geri çəkilməsi ilə nəticələnən müharibənin sonunda Türk ordusu 5 713 şəhid, 18 480 yaralı, 828 əsir və 14 268 itkin olmaqla ümumilikdə 39 289 nəfər itki verib. Yunan ordusunun itkiləri isə 3758 nəfər ölü, 18 955 yaralı, 354 itkin olmaqla ümumilikdə 23007 nəfərdir. Sakarya Meydan Müharibəsində çox sayda zabit itkisi olduğu üçün bu döyüşə “Zabit döyüşü” də deyilir.
Qazi Mustafa Kamal Atatürkün məşhur “Müdafiə xətti yoxdur, müdafiə səthi vardır. O səth bütün Vətəndir” (Hattı müdafaa yoktur, sathı müdafaa vardır. O satıh bütün vatandır) sözləri müharibənin ruhunu ifadə edir.