EN

Çin Azərbaycan: fövqəldövlətin və regional liderin strateji tərəfdaşlığı

Ses qazeti saytına istinadən ain.az xəbər verir.

Çin Xalq Respublikası (ÇXR) təkcə böyük dövlət deyildir, həm də nəhəng sivilizasiyadır. ÇXR artıq dünyanın ikinci iqtisadi və siyasi liderinə çevrilmişdir. 2030-cu ilə qədər isə dünyanın 1-ci iqtisadiyyatı olmaq imkanı yüksək qiymətləndirilir. Bu dövlət 100 illik strateji niyyətini uğurla həyata keçirib, 2021-ci ildən rəsmən yoxsulluğun ləğvinə nail olaraq, orta zənginlikli cəmiyyət qurmağı bacarmışdır. 2049-cu ildə isə növbəti 100 illik məqsədinə çataraq müasir texnologiyalı bir nömrəli modern dövlət quracağı labüd prosesdir. Bu möhtəşəm uğurlar ardıcıl, sistemli və məntiqi dovlət siyasətinin həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

XX əsrin 70-ci illərindən başlayaraq Çin Xalq Respublikası dərin iqtisadi islahatlar siyasətinə start vermişdir. Ölkənin inkişafı Den Syaopinin məlum “gücünü gizlət, məqamını gözlə” formulu əsasında gerşəkləşdirilməyə başlamışdır. Ölkədə bütün proseslər davamlı iqtisadi artımın təmin edilməsi mənafeyinə xidmət etmişdir. Təsadüfi deyildir ki, ötən əsrin 90-cı illərində ÇXR-də sabit iqtisadi artım 10% olmuşdur.

2008-2009-cu illərdə Qərbdə baş verən iqtisadi böhran ABŞ maliyyə sisteminin çöküşünə səbəb oldu və Vaşinqton konsensusunu tarixin arxivinə göndərdi. Çin üçün həqiqət anı və tarixi məqam yetişdi. 2009-cu ilin iyul ayında ÇXR-in həmin dövrdə Sədri olmuş Xu Çzintao çağırış etdi ki, ölkəsi beynəlxalq arenada öz gücünü və təsir imkanlarını maksimum genişləndirməlidir.

2013-cü ilin payızında isə ÇXR-in Sədri cənab Si Cinpin Avrasiyada qlobal quru və dəniz nəqliyyat dəhlizlərinin yaradılması ideyasını özündə ehtiva edən konkret layihələr irəli sürdü: İpək Yolu İqtisadi Kəməri və XXI əsr Dəniz İpək Yolu. Sonralar bu layihələr birləşdirildi və “Bir kəmər, bir yol” adı altında fəaliyyət göstərməyə başladı. Hazırda isə bu qlobal layihə “Kəmər və Yol Təşəbbüsü” adlandırılır. Atılan strateji əhəmiyyətli addımlar öz nəticəsini çox gözlətmədi. Çinin Milli Statistika Bürosunun (UİB) məlumatına görə, 2023-cü ildə ölkənin Ümumi Daxili Məhsulu (ÜDM) 126,06 trilyon yuana (təxminən 17,71 trilyon dollara) bərabər olmuşdur. Dünya iqtisadiyyatında Çinin payı 18,5%-dir. Orta illik iqtisadi artım isə 7,2% təşkil edir. Buğda istehsalında dünyada birinci yerdə olan Çin 1,4 milyardlıq əhalisinin ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin edir. Çin polad əridilməsi, kömür hasilatı, sement, kimyəvi kübrə, televizor, habelə pambıq, bitki yağları və meyvə istehsalına görə də dünyada birinci yerdədir. Elektrik enerjisi, pambıq-parça məhsulları, ət və çay istehsalına görə isə ikinci yerdə bərqərar olmuşdur.

Yer kürəsinin bütün əhalsinin beşdə biri və işlək əhalsinin üçdə birinə malik olan ÇXR sübut etmişdir ki, vaxtilə geridə qalan dövlət həyati əhəmiyyətli sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı üzrə aparıcı mövqeyə çıxa bilər.

Eyni fikirləri enerji təhlükəsizliyi ilə bağlı da söyləyə bilərik. Çin valyuta ehtiyatlarına görə dünyada liderdir. Ölkədə internet istifadəçilərinin sayı 1,03 milyard nəfərə çatmışdır. Bu faktın özü Çinin demokratik inkişafının mühüm göstəricisi hesab oluna bilər.

ÇXR 140-dan çox ökənin və regionun əsas iqtisadi-ticarət tərəfdaşıdır. Bu ölkələr arasında Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan Respublikasının xüsusi yeri və çəkisi vardır. Rəsmi Bakı-Pekin münasibətləri tarixi ənənə və müasir gesosiyasi reallıqlar fonunda dinamik inkişaf tempinə malikdir.

2500 il əvvəl tarixi “İpək yolu” vasitəsilə xalqlarımız arasında mədəni və ticari əlaqələr formalaşmışdır. Xalqlarımız arasında tarixi bağlılıq dahi Azərbaycan şairi Nizami Gəncəvinin XII əsrdə yazdığı əsərlərdə də öz əksini tapmışdır. Nəhəng söz ustası olan Nizami Gəncəvi Çin xalqına olan böyük hörmət və ehtiramını “Yeddi gözəl” poemasında “Çin gözəli”nin vəsfi ilə ifadə etmişdir.

İkitərəfli münasibətlərimizdə keyfiyyət dəyişikliyi Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra baş verdi. 1994-cü ilin mart ayında Ümummilli Lider Heydər Əliyevin ÇXR-ə ilk rəsmi səfəri oldu. Səfər çərçivəsində ikitərəfli münasibətlərin mühüm hüquqi-normativ bazasını yaradan 8 müqavilə imzalandı.

Rəsmi Bakı-Pekin münasibətləri üçün xarakterik əməkdaşlıq və dostluq mühiti Azərbaycan Respublikasının Prezident İlham Əliyev və ÇXR-in Sədri Si Cinpin tərəfindən daha da inkişaf etdirilərək Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması ilə strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmışdır.

Carı ilin 23 aprel tarixində Pekində Azərbaycan və Çin siyasi liderlərinin imzaladıqları “Azərbaycan Respublikasıı və Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” sayəsində iki dövlət arasında münasibətlər keyfiyyətcə ən yüksək səviyyəyə qalxmışdır.

Fundamental məsələlərdə hər iki dövlətin və onun liderlərinin mövqeyi tam üst-üstə düşür. Azərbaycan “Vahid Çin” ideyasını qəbul edir və onu həm ikitərəfli, həm də çoxtərəfli formatlarda tam dəstəkləyir. Azərbaycan Tayvan, Honkonq və Sincan-Uyğur Muxtar Rayonu məsələlərində Çinin mövqeyini müdafiə edir və Tayvanda keçirilmiş seçkiləri pisləyən ilk ölkələrdən biridir. ÇXR də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələlərində anoloji mövqe ortaya qoyur, haqq işimizi hər yerdə və hər zaman dəstəkləyir. Yeri gəlmişkən, onu da qeyd edək ki, hər iki dövlətin liderlər arasında şəxsi dostluq münasibətlərinin olması faktı da dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına təsir edən həlledici amillərdən biridir.

ÇXR-in Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Lu Meyin haqlı olaraq qeyd etdiyi kimi, “Bu səfərdə bütün proseslərdə iştirak edərək ən çox hiss etdiyim odur ki, dövlət başçılarının diplomatiyası Çin-Azərbaycan münasibətlərinin inkişafında bir kompas və yüksələn ulduzdur”. Fikirlərini davam etdirən xanım səfir xüsusi olaraq vurğulayıb ki, “Prezident İlham Əliyev Çinə artıq 7 dəfə səfər edib və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə 10-dan çox görüş keçirilib. İki dövlət başçısı arasında yaxşı işgüzar əlaqələr qurulub və dərin şəxsi dostluq münasibətləri möhkəmləndirilib. Məhz dövlət başçılarının strateji rəhbərliyi altında Çin-Azərbaycan əlaqələri tarixdə ən yüksək səviyyəyə çatıb. Bununla da böyük və kiçik dövlətlər arasında bərabər münasibət və dostcasına əməkdaşlıq nümunəsi formalaşdırılıb”.

Təsadüfi deyildir ki, ÇXR-in Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə olan yüksək etimadını “Cənab Prezident Çin xalqının köhnə dostudur. Siz Çin-Azərbaycan münasibətlərinin inkişafı üçün daim səy göstərirsiniz”, - deyə ifadə etmişdir.

Prezident İlham Əliyev də öz növbəsində cənab Si Cinpinin Azərbaycana olan xeyirxah münasibətini yüksək dəyərləndirərək vurğulamışdır ki, “Mən bilirəm ki, siz bizim ölkəmizə xoş münasibət bəsləyirsiniz. Azərbaycanda sizi çox yaxşı tanıyırlar, dünyamiqyaslı məsələlərdə oynadığınız rola, həmçinin Azərbaycana xeyirxah münasibətinizə görə Sizi yüksək dəyərləndirirlər”.

Yuxarıda qeyd olunan reallıqlar fonunda ikitərəfli partiyalarası siyasi dialoq mühitinin inkişafı üçün olduqca münbit şərait yaranmışdır. Zəmanəmizin dühası Heydər Əliyevin “Dünənin, bu günün və gələcəyin partiyası”, Prezident İlham Əliyevin “Ümumxalq partiyası” adlandırdığı Yeni Azərbaycan Partiyası (YAP) ilə ÇXR-in Sədri Si Cinpinin “Rəhbər siyasi qüvvə” kimi səciyyələndirdiyi Çin Kommunist Partiyası (ÇKP) arasında səmimi dostluq və etibarlı tərəfdaşlıq münasibətləri formalaşmışdır. ÇKP Mərkəzi Komitəsinin Avrasiya Departamentinin rəhbərliyinin 1999-cu il dekabrın 20-21-də Yeni Azərbaycan Partiyasının I qurultayında iştirak etmək üçün ölkəmizə səfəri ilə partiyalararası əməkdaşlıq əlaqələrinin əsası qoyulmuşdur.

İkitərəfli Azərbaycan-Çin əlaqələrinin inkişafında parlament diplomatiyasının rolu kifayət qədər böyükdür. Qarşılıqlı olaraq hər iki dövlətin qanunvericilik orqanları arasında səmimi və işguzar münasibətlər formalaşmışdır. Hər iki dövlətin parlamentlərində qarşlıqlı işçi qrupları fəaliyyət göstərir. Milli Məclisdə ayrı-ayrı ölkələrlə bağlı formalaşmış işçi qrupları arasında Azərbaycan-Çin işçi qrupu say tərkibi və funksionallığı baxımından ən böyük və fəallardan hesab olunur.

Milli Məclisin sədri Sahibə Qafarovanın qeyd etdiyi kimi, “Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə Çinə ilk rəsmi səfəri əlaqələrimizin təməlini qoyub. Prezident İlham Əliyevin Çinə səfərləri, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşləri münasibətlərimizin inkişafına böyük stimul vermişdir. Qarşılıqlı səfərlər münasibətlərin daha da inkişafına töhfə verir. O cümlədən, parlamentlərimizdə fəaliyyət göstərən dostluq qrupları əlaqələrimizdə körpü rolunu oynayır. Həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində parlamentlərarası əlaqələrin genişləndirilməsi imkanları mövcuddur”.

Qeyd edilən reallıqlar fonunda avqustun 27-dən sentyabrın 6-dək Azərbaycan-Çin Parlamentlərarası dostluq qrupunun üzvləri - Soltan Məmmədov (sədr), Elman Nəsirov, Afət Həsənova və Fatma Yıldırımdan ibarət parlament nümayəndə heyəti Çinə səfər etmiş və Pekin şəhərində inkişaf etməkdə olan ölkələrin parlamentlərinin 7-ci beynəlxalq seminarında iştirak etmişlər. Səfər çərçivəsində inkişaf etməkdə olan ölkələrin müasir beynəlxalq koordinatlar sistemində yeri və rolu, bu dövlətlərin Çinlə əməkdaşlığının əsas istiqamətləri və reallaşdırılma mexanizmləri, Qlobal Cənub və Qlobal Şimal arasında kəsişən və toqquşan maraqlar, inkişaf etməkdə olan ölkələrdə demokratiya və insan haqlar, vətəndaş cəmiyyəti institutlarının inkişafı dinamikası, qadın və uşaq problemləri və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Azərbaycan nümayəndə heyətinin üzvləri öz çıxışlarında rəsmi Bakı-Pekin münasibətlərinin geniş spektrinə dair məsələlər haqqında dolğun və ətraflı məlumat verdilər. Fundamental məsələlərdə hər iki dövlətin ortaq maraqlardan çıxış etdiyini vurğuladılar. Rəsmi Pekinin hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini müdafiə etdiyini xatırladan azərbaycanlı deputatlar onu da xüsusi olaraq qeyd etdilər ki, rəsmi Bakı “Vahid Çin” ideyasını birmənalı olaraq müdafiə edir.

Azərbaycan Parlamentinin üzvləri onu da qeyd etdilər ki, iki dövlət arasında olduqca münbit siyasi dialoq mühiti formalaşmışdır. Məhz bu reallıq fonunda avqust ayının 30-dan başalayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri başlamışdır. Dövlətimizn başçısı sentyabrın 1-də Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxış etmişdir. Cənab Prezident Azərbaycan-Çin münasibətlərinin strateji xarakter kəsb etdiyinə diqqəti cəlb edərək vuğulamışdır ki, “Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləmişdir. Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq”.

Çıxışında Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını, energetika, o cümlədən bərpaolunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndiyini vurğulamışdır. Cənab Si Cinpin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində də Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyini deyərək, Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyətini diqqətə çatdırmışdır, bu xüsusda Trans-Xəzər marşrutunun önəminə toxunmuşdur.

Onu da qeyd edək ki, sentyabrın 3-də Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paradı izləmək üçün Çinin paytaxtı Pekindəki Tiananmen Meydanına gəliblər.

Azərbaycan parlament nümayəndə heyəti isə sentyabrın 1-də Pekində inkişaf etməkdə olan ölkələrin paralamentlərinin 7-ci beynəlxalq seminarında iştiraklarını yekunlaşdıraraq sentyabrın 6-dək Çzilin əyalətinin Çançun və Şandun əyalətinin Çzinan, Dunin və Veyfan şəhərlərinə səfərlər etdilər. Bu səfərlər çərçivəsində əyalətlərin partiya rəhbərləri ilə görüşlər keçirilmiş, sözügedən bölgələrin yüksək texnologiyalı müəssisələri və inkişaf etmiş kənd təsəsrüfatı sahələri ilə tanışlıq baş tutmuşdur. Çinin qeyd edilən sahələr üzrə müasir və sürətli inkişaf dinamikası və topladıqları böyük təcrübə geniş maraq doğurmuşdur. Bütün bu qazanılan böyük uğurlar iqtisadi inkişafın “Çin möcüzəsi” kimi xarakterizə olunur və heyranlıq hissi doğurur.

Beləliklə, dünyanın fövqəldövlətlərindən biri olan ÇXR ilə regional güc mərkəzinə çevrilmiş Azərbaycan Respublikası arasında formalaşmış yüksək səviyyəli münasibətlərin yuxarıda təqdim olunan qısa analizi bir daha təsdiqləyir ki, siyasi liderlərimizin, xalqlarımızın, dövlətlərimizin, parlamentlərimizin və hakim siyasi partiyalarımızın dostluğu və qardaşlığı qazandığımız və hədəflədiyimiz bütün uğurlarımızın kökündə dayanan fundamental səbəblərdir. Çoxşaxəli lokal, regional və qlobal təhlükəsizlik mühitinin möhkəmlənməsi, xalqlarımızın rifahı və tərəqqisi Azərbaycan-Çin strateji tərəfdaşlığının daha uğurlu perspektivlərini labüd edir. Bu, zamanın çağırışıdır.

Elman Nəsirov

Milli Məclisin deputatı, Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
sesqazeti.az

1Sources