ain.az, Missiya.az saytına istinadən bildirir.
Bakıda "Avropa Mobillik Həftəsi" çərçivəsində "Avtomobilsiz gün" təşkil olunacaq.
Bu barədə Missiya.Az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, AYNA Bakı şəhərində "Avropa Mobillik Həftəsi"nə müraciət edib və namizədliyi uğurla təsdiqlənib. Bu istiqamətdə sentyabrın 16-22-də davamlı hərəkətliliyə yönələn tədbirlər və "Avtomobilsiz Gün" keçiriləcək.
Tədbirlər çərçivəsində mikromobillik və piyada zolaqlarının təhlükəsizliyi yoxlanılacaq, yeniyetmə və tələbələrə təhlükəsiz skuter sürmə təlimi keçiriləcək, veloyürüş təşkil olunacaq.
Bundan başqa, orta və ali təhsil müəssisələrində interaktiv maarifləndirmə sessiyaları keçiriləcək. Uşaqlar üçün avtobusla şəhər turu təşkil olunacaq. Məqsəd yol hərəkəti və yol nişanlarının izah olunmasıdır.
Sentyabrın 21-də isə Məhəmməd Naxçıvani küçəsində "Avtomobilsiz gün" təşkil olunacaq. Mikromobillik zonasında operatorlar tərəfindən müxtəlif növ velosiped və skuterlər nümayiş etdiriləcək, əhali üçün test sürüşləri və təlimlər keçiriləcək.
Yaradıcılıq zonasında "Nəqliyyat və ətraf mühit" mövzusunda keçirilən rəsm müsabiqəsi qaliblərinin işləri sərgilənəcək. Asfalt üzərində uşaqların rəsm çəkmək bacarıqları yoxlanılacaq. Hər kəs bu tədbirlərə dəvətlidir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.