EN

ABŞ Senatı Rusiyanı terrorizmin sponsoru kimi tanımağa hazırlaşır – Axios

ABŞ Senatında Rusiyanın terrorizmin sponsoru kimi tanınması təşəbbüsü yenidən gündəmə gəlib. Ulusal.az xəbər verir ki, “Axios” nəşrinin məlumatına görə, ikipartiyalı senatorlar qrupu Rusiya və Belarusun bu statusa layiq olduğunu bəyan edən yeni qanun layihəsi təqdim edib.

Qanun layihəsinin təşəbbüskarları respublikaçı senatorlar Lindsi Qraham və Keyti Britt, eləcə də demokrat senatorlar Riçard Blumental və Emi Klobuşardır. Onların fikrincə, xüsusilə Rusiya tərəfindən Ukraynada müharibə zamanı 19 mindən çox uşağın oğurlanması bu ölkənin terrorizmi dəstəkləyən dövlət kimi tanınmasına əsas yaradır.

Nəşr qeyd edir ki, hazırda ABŞ tərəfindən rəsmi şəkildə terrorizmin sponsoru kimi tanınan ölkələr sırasına İran, Şimali Koreya və bir neçə digər dövlət daxildir. Rusiya və Belarusun da bu siyahıya əlavə olunması üçün senatorlar qanunverici təşəbbüslə çıxış ediblər.

Senator Lindsi Qraham bildirib:

“Bu siyahıya düşmək asan deyil. Ancaq Rusiya artıq bu siyahıya daxil edilməyi haqq edir. Biz hər iki partiyanın liderlərindən bu məsələni gündəmə gətirmələrini və səsvermə keçirmələrini istəyəcəyik. Prosesə artıq başlamaq niyyətindəyik.”

O, həmçinin qeyd edib ki, Ağ Evin bu qanun layihəsini dəstəkləməsi üçün səylər davam etdirilir. Qraham əlavə edib ki, Rusiya neftini alan ölkələrdən idxal edilən məhsullara 500%-lik tarif tətbiq olunmasını nəzərdə tutan əlavə tədbirlər də planlaşdırılır. Onun sözlərinə görə, Ağ Ev bu təkliflərə müsbət yanaşır və razılığın əldə olunması yaxın günlərdə mümkündür.

Senator bu təşəbbüsə ictimai və siyasi dəstəyin artdığını da vurğulayıb:

“Biz Putin rejiminə qarşı daha bir cəbhə açmaq istəyirik. Rusiya Ukraynanı işğal edib və 19.546 ukraynalı uşağı ailələrindən ayırıb. Dünya ictimaiyyəti bu məsələyə reaksiya verməlidir. Bu, qəbuledilməzdir.”

Daha əvvəl də ABŞ Konqresində Rusiyaya qarşı sərt iqtisadi tədbirlər, o cümlədən ticarət qadağaları və əlavə rüsumlar nəzərdə tutan qanun layihələri təqdim olunub. Son hadisələr, o cümlədən Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Polşa hava məkanını pozması bu cür təşəbbüsləri daha da gücləndirib.

Bununla yanaşı, bəzi senatorlar ABŞ prezidenti Donald Trampın da bu istiqamətdə Konqresin sanksiyalarına dəstək verməyə hazır olduğunu bildiriblər.

Chosen
26
moderator.az

1Sources