EN

246 növ pendirin olduğu ölkə defoltun bir addımlığında...

ain.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Fransada hökumət böhranı böyüyür - Lekornyenin “çıxış yolları”

Bugünlərdə Fransa açıq hökumət böhranı yaşamaqdadır. Parlamentdə azlıq təşkil edən qrupun rəhbərinə çevrilmiş prezident Emmanuel Makron növbəti dəfə çıxılmaz vəziyyətlə üzləşib. Makron hakimiyyətinin 7-ci baş naziri olan Fransua Bayrunun istefası ölkədəki iflic durumu rəsmiləşdirdi. Büdcə kəsiri ÜDM-in 5 faizini keçən Fransanın çevik və effektiv idarəetməyə ciddi ehtiyacı var.

Bayru Fransanı “nə günə” qoydu...

Qeyd edək ki, əvvəlki baş nazir Bayru özünü ciddi maliyyə intizamının tərəfdarı elan etmişdi - onun hazırladığı 2026-cı il büdcəsi əsasən işçi və orta təbəqənin hesabına 40 milyard avrodan çox qənaət etməyi hədəfləyirdi. Amma həm sol, həm də ifrat sağçı müxalifət partiyaları onun bu hesablamalarını qəbul etmədi. Hər kəs düşünürdü ki, birinci mərhələdə Fransadakı büdcə böhranının qarşısını almaq üçün fevral ayında Milli Assambleya tərəfindən təsdiqlənən “Zucman vergisi” (super zənginlərə vergi) prinsipinə əl atılacaq. Amma Bayrunun və kabinetinin bu sənədin qarşısında “divara” çevrilməsi, nəticədə, siyasi və iqtisadi böhranın “qapısını” döydü. Artıq “reanimasiya” vəziyyətinə düşmüş Fransa büdcə problemi ilə bağlı Bayrunun “resepti” isə daha böyük ağrılara yol açır:

- sosial müavinətlərin dondurulması;

- dövlət qulluqçularının sayının azaldılması (rəsmi təqaüdə çıxarılır, vəzifə maaşı kəsilir)

- iki rəsmi bayramın ləğvi.

Məqsəd 2029-cu ilə qədər kəsiri Aİ-nin tələb etdiyi kimi ÜDM-in 3 faizdən aşağıya endirmək idi. Amma bu “resept” xalq tərəfindən qəbul edilmədi. Aylardır ki, sorğular da vətəndaşların əksəriyyətinin Bayrunun istefasını tələb etdiyini açıq-aydın ortaya qoyurdu. Fransua Bayru 2024-cü ilin əvvəlindən bu yana Fransada davam edən siyasi böhranı dərinləşdirərək istefa verən dördüncü baş nazir oldu. İstefanın verilmə situasiyası isə təxminən belədir: ölkənin dövlət borcu 3,3 trilyon avroya çatır, büdcə kəsiri ÜDM-in 5,8 faizini keçir - yəni Aİ standartlarından az qala iki dəfə yüksəkdir. 74 yaşlı Bayru bu problemlərin nəinki həll yolunu müəyyənləşdirə bilmədi, əksinə, problemi daha çıxılmaz dalana sürüklədi. Ölkənin dövlət borcu 3,3 trilyon avronu (ÜDM-in 114 faizi) ötüb ki, bu da avrozonada Yunanıstan və İtaliyadan sonra üçüncü ən yüksək göstəricidir. BVF-nin hesablamalarına görə, təcili tədbirlər görülməsə, Fransanın borcu 2030-cu ilə qədər ÜDM-in 130 faizinə çata bilər. “Borca xidmət” büdcə üçün getdikcə bahalaşır: borc ödənişləri ildə 50 milyard avroya qədər artıb və onilliyin sonunda 100 milyard avroya çatacağı gözlənilir ki, bu da təhsil xərclərini üstələyir və büdcənin ikinci ən böyük istiqamətinə çevrilir. Ekspertlər xəbərdarlıq edirlər ki, bu vəziyyətdə Fransa tezliklə BVF və ya Avropa Sabitlik Mexanizminin köməyinə ehtiyac duya bilər ki, bu da daha sərt və ağrılı struktur islahatları tələb edəcək.

Əsas tapşırıqlar...

Bu arada Fransanın yeni Baş naziri Sebastian Lekornye sentyabrın 10-da günorta saatlarında keçmiş Baş nazir Fransua Bayru ilə bağlı qapılar arxasında görüş keçirib. Görüşdən sonra hər iki siyasətçi qısa çıxışlarla ictimaiyyət qarşısına çıxıb. Ölkədə genişmiqyaslı “Hər şeyi bloklayaq” etiraz aksiyalarının fonunda Matinyon sarayında Baş nazir postunun təslim-təhvili olub. Silahlı qüvvələr naziri vəzifəsindən istefa verən Sebastian Lekornye, Fransua Bayru ilə keçirdiyi qapalı görüşdən sonra rəsmi olaraq yeni Baş nazir olub.

Lekornye çıxışında vurğulayıb ki, həm forma, həm də məzmun baxımından dəyişikliklər qaçılmazdır. “Reuters”, “Financial Times” və digər mənbələr Sebastian Lekornyenin ölkədəki iqtisadi-siyasi böhrandan çıxışı təmin etmək üçün hansı istiqamətlərdə tədbirlər görməyi planlaşdırdığı barədə mümkün strateji addımların xülasəsi haqda məlumat yayıb.

Lekornye hökuməti qarşısında duran əsas tapşırıqlar budur:

- Fransanın maliyyə sabitliyini bərpa etmək üçün büdcə platformasını yenidən qurmaq, xərcləri kəsmək,

- vergiləri ədalətli bölüşdürmək və parlamentdə kompromis mühiti yaratmaq.

Lakin bu planların uğuru, iqtisadi artım sürətindən, siyasi müxalifətin reaksiyasından və ictimaiyyətin məzənnətli qərarlara reaksiyasından asılı olacaq. Qeyd edək ki, yeni kabinetin bəzi təklifləri barədə də məlumatlar yayılıb. Bildirilir ki, 2026-cı il büdcəsində kəsirləri azaltmaq, defisit hədəfini aşağı salmaq üçün bəzi sərt tədbirlər gözlənilir. Vergi və gəlir artırılması üçün isə “Zənginlər vergisi” tətbiqinin, vergi boşluqlarının azaldılmasının planlandığı deyilir.

Gələcəkdə prioritet ola biləcək istiqamətlərə gəlincə isə:

- Avropa İttifaqı norma və tələblərinə uyğunluq - Üzv ölkə kimi Fransa 3 faiz büdcə kəsiri hədəfinə geri dönməyə çalışacaq, ən azı 2029-cu ildə bu səviyyəyə çatmaq məqsədi ilə .

- İnvestisiyaların təşviqi, iqtisadi artımın stimullaşdırılması - Məhdud xərclərlə yanaşı, dövlət siyasəti sərmayəyönümlü sahələrə yönəldilə bilər: texnologiya, yaşıl enerji, siyasətlərin sadələşdirilməsi və tənzimləyici yükün azaldılması.

- Sosial narazılığın idarə olunması - Kütləvi aksiyalar, etirazlar son vaxtlar artıb; Lekornye  hökuməti sosial ədalət və “paylaşma” mesajlarını gücləndirməklə legitimliyi qoruyub saxlamaq istəyəcək.

Siyasi böhranın davamı...

Böhranın siyasi səbəblərinə gəldikdə isə, mütəxəssislər yaşananları 2024-cü ilin yayında keçirilən parlament seçkilərinin birbaşa nəticəsi adlandırır. Makronun partiyasının Avropa Parlamenti seçkilərindəki məğlubiyyətindən sonra başlanan siyasi böhran bu gün özünün kuliminasiya mərhələsini yaşayır. Solçu “Milli Birlik” blokunun qalibiyyəti Makronu öz ölkəsinin parlamentdə də azlığa çevirdi. Bu, isə nəticədə Makronun quracağı hər hansı bir hökumətin yalnız müxalifət bloklarından birinin daimi dəstəyi ilə fəaliyyət göstərə biləcəyi həqiqətini ortaya qoydu.

Paris “partlayacaqmı”?

Hazırda ən aktual sual Fransanı yaxın gələcəkdə nə gözləməsidir. Makronun hazırkı seçimindən asılı olmayaraq, ölkə ciddi problemlərlə üzləşəcək:

- Büdcə qeyri-müəyyənliyi - 2026-cı il büdcəsi qəbul olunana qədər dövlətin maliyyələşdirilməsi hər hansı uzunmüddətli planlaşdırma və islahatları ləngidən müvəqqəti sxemlər üzrə həyata keçiriləcək;

- Sosial etiraz təhlükəsi - həmkarlar ittifaqları artıq sentyabr ayının ikinci ongünlüyü üçün “Hər şeyi bloklayın” şüarı ilə ümumi tətil və etiraz aksiyaları elan ediblər. Yeni hökumətin qənaət kursunu davam etdirmək cəhdləri küçələrdə sərt müqavimətlə qarşılaşacaq;

- Maliyyə bazarlarında təzyiq - sentyabrın 12-də Fitch Fransanın kredit reytinqini (hazırda mənfi proqnozla “AA-”) yeniləyəcək. Mümkün azalma daha bahalı borclanmaya və borc probleminin pisləşməsinə səbəb ola bilər;

- Ekstremal qüvvələrin artan populyarlığı - hazırkı böhran Marin Le Pen və Jordan Bardellanın “əlinə işləyir”. Sorğular göstərir ki, Milli Birlik Partiyasının sədri, keçmiş “tik-toker” Bardella 30 faizdən yuxarı reytinqlə ən populyar siyasətçidir, Makrona inam isə rekord həddə - 15 faizə enib.

Amma müxalifətin “istefa” şüarları güclənsə də, Makron vəzifəsini yarımçıq tərk etmək niyyətində olmadığını bildirir. Qeyd edək ki, Beşinci Respublika tarixində yalnız bir prezident vaxtından əvvəl istefa verib - Şarl de Qoll, 1969-cu ildə. O vaxt prezidentin məşhur deyimi trend olmuşdu: Şarl de Qoll demişdi ki, “246 növ pendirin olduğu bir ölkəni idarə etmək mümkün deyil”. Ekspertlər razılaşır ki, Makron öz postunda qalmaq üçün yeni Baş nazir Sebastian Lekornyeni “qurban” seçib.

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

2Sources