“Əvvəla dava-şava ancaq toylarda olmur ki. Marketdə də olur, küçədə, yolda, avtobusda da olur. Davanı ancaq toyun ayağına bağlamaq düzgün deyil. Bir məsələ var: aşığın sözü qurtaranda dalay-dalay deyər. Əgər elə hünərli bir təşkilat varsa, toyda bir neçə ciddi düzəliş etmək lazımdır”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında tanınmış yazıçı Seyran Səxavət deyib. O bildirib ki, toylarda ən başlıca israfçılığın qabağını almaq lazımdır:
Seyran Səxavət vurğulayıb ki, Milli Məclis toy və yas yerlərində yeməklərlə bağlı konkret menyu tərtib etməlidir:
“Qaldı ki, ciyəraxşamı kimi yığıncaqlara, bunlar ancaq mehribançılıq əlamətidir. Adamların bir yerə yığışıb dərdləşməyi, söhbət etməyi, bir tikə çörək yeməyi ancaq yaxşılığa doğru bir şeydi. Mən Bakı kəndlərində ciyəraxşamında olmuşam. Ləzzətli söz, yaxşı söhbət, dərdləşmə, bunun nəyi pisdir ki? Milli Məclisdə konkret olaraq, ora-buralarını qaşımaqla məşğuldurlar. İş-güc yox. Bilmirlər nə işlə məşğul olsunlar. İndi də bir deputatın paylaşımını oxudum. Yazıb ki, müharibədə əllərini, ayaqlarını itirən hərbçilərə ev yox, pul vermək lazımdır. Biri isə yazıb ki, arvad evdə çay süzürsə, kişi ona pul verməlidir. Milli Məclisdə bunlar müzakirə olunur. Komitə sədrləri bunları müzakirə edir. Çoxunun beyinləri quruyub. Özlərinin də şadlıq evləri və mərasim evləri var. Əgər elə deyilsə, niyə toylar üçün konkret menyu tərtib edilmir? Qərar qəbul etsinlər yas və toy məclislərinin menyusu haqqında. Qalan şeyləri xalq özü həll edəcək. Bir məsələ var: dəyirman bildiyini edir, çax-çax baş ağrıdır. Zəhmət çəksin Milli Məclsin qərar qəbul etsin ki, yasda menyu necə olmalıdır və toyda necə olmalıdır”.