Xəbər verildiyi kimi, ABŞ-da mühafizəkar fəal və podkast aparıcısı Çarli Kirk öldürülüb.
FBI direktoru bildirib ki, qətldə şübhəli şəxs hələ müəyyən olunmayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla belə, Rusiya təbliğatçıları artıq hadisənin əsas motivini tapdıqlarını iddia ediblər – guya Kirkın qətlinə səbəb Ukrayna barədə səsləndirdiyi fikirlər olub.
Dmitri Medvedev Kirkın qətlində “banderaçı Kiyevi” dəstəkləyən “sol-liberal tullantıları” günahlandırıb. O, X-dəki (keçmiş Twitter) ingiliscə paylaşımında yazıb: “Bəlkə də MAGA komandası başa düşməlidir ki, Ukraynanı dəstəkləməklə onlar qatiləri dəstəkləyirlər”. Maraqlıdır ki, onun rusdilli sosial şəbəkələrində bu yazı yer almayıb.
“Birinci kanal”ın aparıcısı isə süjetə girişində Kirkın Zelenskini “MİA-nın (CIA) kuklası” adlandırdığını vurğulayıb. Süjetdə həmçinin Kirkın “müharibədən faydalanan ukraynalı oliqarxlar”ı ittiham edən çıxışlarından sitatlar gətirilib.
RIA Novosti keçmiş ukraynalı deputat, 2014-cü ildə Rusiyaya qaçmış Vladimir Oleynikin şərhini dərc edib. Onun versiyasına görə, Kirkın qətlini Trampın islahatlarından narazı olan ABŞ xüsusi xidmət orqanları təşkil edə, bunun üçün isə Ukraynadan “peşəkar snayper” cəlb edə bilərdilər.
Başqa bir yazıda Kirkın qətli Slovakiyanın baş naziri Ficonun sui-qəsd cəhdi ilə müqayisə olunur – əsas dəlil isə hər iki siyasətçinin Ukraynaya yardımın əleyhinə çıxmasıdır.
“Buna görə öldürüldü”, – böyük Z-kanallardan biri Kirkin “Ukraynanın hakim sinif oliqarxları”nı tənqid etdiyi videonu paylaşaraq yazıb. Müəllif “xoxolların” (ukraynalılara qarşı təhqiramiz ifadə – red.) izinə baxılmasını təklif edib.
Musavat.com