EN

"Azərbaycan hər zaman terrorizmə qarşı mübarizə aparıb" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Azərbaycanın terrorizmə münasibəti aydındır və bu, Azərbaycanın hələ 11 sentyabrda Nyu-Yorkda törədilmiş terror aktından sonra antiterror koalisiyasına qoşulması faktında da öz əksini tapır. Azərbaycan antiterror koalisiyada aktiv iştirak edib və daim terrorçulara qarşı mübarizə aparıb. Ümumiyyətlə, Azərbaycan özü də ən çox terrorizmdən əziyyət çəkmiş ölkələrdən biridir. 30 ilə yaxın erməni faşist işğalçı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdə terror aktları həyata keçirilib, nəticədə insanlar həlak olub, infrastrukturumuz dağıdılıb, təbii sərvətlərimiz talan olunub, meşələrimiz qırılıb. Yəni Azərbaycan demək olar ki, terrorizmin bütün formalarına məruz qalmış bir ölkədir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Azərbaycan hər zaman terrorizmə qarşı mübarizə aparıb və bundan sonra da aparacaq. Müasir dövrdə terrorizm yalnız silahlı hücum və partlayışlarla məhdudlaşmır. Bu gün terrorçular informasiya müharibəsində, iqtisadi təxribatlarda, kiber hücumlardakı fəallıqları ilə də təhlükə mənbəyinə çevriliblər. Azərbaycan bu sahələrdə də özünəməxsus və effektli mübarizə strategiyası həyata keçirir. Kibertəhlükəsizlik, informasiya mühiti və iqtisadi sistemin qorunması istiqamətində atılan addımlar dövlətin antiterror siyasətinin vacib tərkib hissəsidir. Bu gün ölkəmizdəki ictimai-siyasi sabitlik heç də təsadüfi deyil. Bu, ilk növbədə Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarının həyata keçirdiyi effektiv antiterror tədbirləri nəticəsində mümkün olub. DSX tərəfindən tətbiq olunan müasir nəzarət mexanizmləri, məlumat bazaları və prosedurlar ölkənin təhlükəsizliyinə ciddi töhfə verir. Bu xüsusda narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkoterrorizmə qarşı mübarizə də xüsusi əhəmiyyət kəsb edir".

Hərbi ekspert fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyev terrorizmə qarşı mübarizəni dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edir: "Bu istiqamətdə ən müasir texnologiyalar ölkəmizə gətirilir, qabaqcıl beynəlxalq təcrübə tətbiq olunur və peşəkar kadr hazırlığı davamlı şəkildə aparılır. Dövlətin bu sahəyə verdiyi diqqət nəticəsində Azərbaycan regionda terrorizmə qarşı mübarizədə nümunəvi ölkəyə çevrilib. Terrorizmə qarşı mübarizə yalnız dövlət orqanlarının işi deyil. Bu, bütövlükdə cəmiyyətin işidir. Cəmiyyətin hər bir üzvü ayıq-sayıq olmalı, şübhəli hallarla qarşılaşdıqda dərhal müvafiq orqanlara məlumat verməlidir. Yalnız bu halda təhlükələrin qarşısı vaxtında alına bilər. Azərbaycanın təhlükəsizliyi naminə keçirilən əməliyyatların bəziləri məxfi xarakter daşıdığından ictimaiyyətə açıqlanmır, lakin nəticələr ortadadır: ölkəmiz bu gün dünyada nisbətən təhlükəsiz və sabit dövlətlərdən biri kimi tanınır.

Terrorizmlə mübarizə çərçivəsində Azərbaycanda mütəmadi olaraq müxtəlif səviyyələrdə – hərbi, xüsusi xidmət və hüquq-mühafizə orqanları tərəfindən təlimlər keçirilir. Bununla yanaşı, ölkəmiz beynəlxalq səviyyədə keçirilən antiterror təlimlərinə də qatılır, tərəfdaş ölkələrlə təcrübə mübadiləsi aparır. Bu əməkdaşlıq nəticəsində həm regional, həm də qlobal təhlükəsizlik sisteminə töhfə verilir. Nəticə olaraq, Azərbaycan Respublikasının terrorizmə qarşı mübarizəsi məqsədyönlü, çoxşaxəli və davamlı xarakter daşıyır. Ölkəmizin bu sahədə göstərdiyi fəaliyyət həm daxili təhlükəsizliyin təmin olunmasına, həm də beynəlxalq ictimaiyyətin terrora qarşı səylərinə ciddi dəstək verir. Həm dövlət qurumlarının, həm də vətəndaşların birgə səyləri nəticəsində Azərbaycan terrorçuluğa qarşı mübarizədə nümunəvi mövqe sərgiləyir".

Müəllif: Arzu Qurbanlı
Chosen
17
1
sia.az

2Sources