EN

"Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR - DƏRƏBƏYLİK

[center]"Optimal[/center]Azərbaycan cəmiyyətində kredit borcları artıq təkcə iqtisadi məsələ deyil, sosial və hüquqi faciəyə çevrilməkdədir. Bu gün yüzlərlə insan "Optimal Finance" adlı Bank Olmayan Kredit Təşkilatının (BOKT) fəaliyyəti ilə bağlı ciddi narazılıq içindədir. Bu MMC (dövlət qurumu deyil) təkcə qanuni yollarla deyil, eyni zamanda psixoloji təzyiqlə, ailə üzvlərini, hətta azyaşlı uşaqları hədəfə alaraq, insanları intihar həddinə çatdıracaq qədər ifrat addımlar atır.

BOKT-lar və qanuni icra sisteminin üz-üzə gəlməsi...

Azərbaycan qanunvericiliyi çox açıq şəkildə borc məsələlərinin həllində icra məmurlarının rolunu və səlahiyyətini müəyyən edir. Yəni, məhkəmə qərarından sonra borcun icrası yalnız qanuni icra məmurları vasitəsilə aparıla bilər. Lakin "Optimal Finance" adlı BOKT-un davranışları bu sistemə kölgə salır.

Optimal Finance" adlı BOKT icra məmurlarını və məhkəmə qərarlarını bir kənara qoyaraq, öz diktəsini irəli sürür, borclunun ailə üzvlərinə təzyiq göstərir, hətta azyaşlı uşaqların adını prosesə cəlb etməyə çalışır.

Bu nə deməkdir? Bu, artıq təkcə hüquq pozuntusu deyil, dövlətin hüquqi sisteminə qarşı açıq hörmətsizlik, vətəndaşın şəxsi toxunulmazlığına və ailə hüquqlarına hücum deməkdir.

Azyaşlı uşaqlara qarşı “məsuliyyət” tələbi – hüquqi nonsens

"Optimal Finance" bəzi hallarda azyaşlı uşaqların da məhkəmə proseslərinə cəlb olunmasını, hətta onların üzərinə məsuliyyət qoyulmasını tələb edir. Bu, hüquqi baxımdan tamamilə absurddur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinə və Ailə Məcəlləsinə əsasən, azyaşlı uşaqların hüquqi məsuliyyət daşıması mümkün deyil. Uşaqlar nə borc müqaviləsi bağlaya, nə də kredit öhdəliyinə cəlb oluna bilərlər. Bu səbəbdən, onların hüquqi məsuliyyətə cəlb olunması istənilməsi, hüququn açıq şəkildə təhrif olunması deməkdir.

Vətəndaşlar intihar həddinə çatdırılır

Vətəndaşların bir çoxu artıq özlərini psixoloji sıxışdırma, rüsvayedici zənglər və hədə mesajlarının hədəfində hiss etdir. Dövlətin ali qurumu olan icra məmuları vətəndaşçları başa düşür, onların maddi imkanlarını nəzərər alaraq ödənişləri mümkün qədər az-az ödəmə sistemi ilə tənzimləyir.

"Optimal Finance" adlı BOKT isə aşkar şəkildə deyir ki, get intihar et... Bu BOKT-ların əməkdaşları açıq-aşkar cinayət məsuliyyəti yaradaraq əməlləi ilə vətəndaşları intihara sövq edirlər.

Sosial şəbəkələrdə və ictimai müzakirələrdə "Optimal Finance"lə bağlı onlarla şikayət yer alır. İnsanlar az-az ödəməyə çalışdıqları borclara görə, “bütöv ödə, yoxsa ailəni rüsvay edərik, azyaşlı övladını axtararıq, onu məsuliyyətə cəlb edərik” tipli mesajlar alırlar.

Bu, açıq şəkildə psixoloji şiddət və vətəndaşın insan kimi dəyərini alçaltmaq cəhdidir. Qanunvericilik isə bu məsələdə hələ ki susqundur.

Dövlət bu məsələdə haradadır?

Bu sual birbaşa Ədliyyə naziri Fərid Əhmədova yönəldilməlidir:

Hörmətli nazir, sizin rəhbərlik etdiyiniz ədliyyə sistemi bu cür BOKT-ların qanunsuz hərəkətləri qarşısında niyə susur? Qanuni icra məmurları varkən, niyə özünü dövlətin yerinə qoyan bu şirkətlər insanlara divan tutur?

"Optimal Finance" və oxşar BOKT-lar yalnız borcluların deyil, Azərbaycan hüquq sisteminin də etibarını sarsıdır. Onlar sanki bu ölkədə qanunların küləyə sovrulduğunu, dövlətin aciz qaldığını, qorxudan kimsənin səsini çıxara bilmədiyini düşünərək hərəkət edirlər.

Kimdir bu “Optimal Finance”?

"Optimal Finance" özünü rəsmi olaraq Bank Olmayan Kredit Təşkilatı kimi təqdim edir. Amma fəaliyyəti ilə bağlı şəffaflıq, hesabatlılıq və sosial məsuliyyət baxımından çoxsaylı suallar doğurur:

Hansı qanunla bu qədər sərt və qeyri-insani təzyiqlər edir?

Onların fəaliyyətinə kim nəzarət edir?

Ədliyyə Nazirliyi, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi bu qurumların davranışını niyə izləmir?

Vətəndaşların hüquqlarını müdafiə edən orqanlar haradadır?

Bu ölkədə qanun var, ya yox?

Əgər bir BOKT istədiyi kimi insanları hədələyə, azyaşlı uşaqları məhkəməyə sürükləyə, borclunun ailəsinə psixoloji zərbə vura bilirsə, bu sual artıq ciddi şəkildə cəmiyyətin qarşısında dayanır: Bu ölkədə doğrudanmı qanunlar var, yoxsa, BOKT-lar dövlət sistemini girov götürüb?

Qeyd edək ki, Optimal Finance BOKT-un rəhbəri Laçın Əliyevdir. Onun əvvəlki fəaliyyəti, hansı qurumlarda çalışdığı ilə bağlı heç bir məlumat yoxdur. Görünür işçilərinə dövlətin qanuni icra məmurundan daha çox icra məmuru olmaq tapşırığını elə onun özü verib. Bu barədə daha ətraflı və geniş məqalə yaxın günlərdə...

"DİA-AZ"

Chosen
26
yenisoz.az

1Sources