EN

İKİ PARTİYA SƏDRİ ARASINDA ŞOK QARŞIDURMA – “Mütəllim Rəhimli mənə 150 min dollar təklif etmişdi, elmi işi saxtadır…”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Ədalət Partiyasının sədri Mütəllim Rəhimli arasında bir müddət əvvəl baş verən narazılıq hazırda bir-birinin ünvanına ağır ittihamlarla əvəzlənib.

Ulusal.az  xəbər verir ki, S.Cəlaloğlunun Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəfatından sonra keçirilən qurultay barədə səsləndirdiyi fikirlər M.Rəhimlinin narazılığına səbəb olub. O, “Qlobalinfo.az”a müsahibəsində bildirib ki, Ədalət Partiyası ölkənin siyasi həyatında fəaliyyət göstərən ilk qurumlardan biri kimi fəaliyyəti dövründə kifayət qədər yaxşı izlər qoyub. Partiyanın mərhum sədri İlyas İsmayılov isə siyasi müstəviyə əxlaqi dəyərləri gətirməyi bacarıb.

“O qeyd edirdi ki, siyasətlə əxlaqlı adamlar məşğul olmalıdır. Çünki siyasət xalqın taleyidir. ADP sədri olduğu dövrdə bu partiya ilə Müsavat arasında olan düşmənçilik münasibətlərinə son qoyub. Rəqiblərinin tənqid və yalanlarına dözümlü yanaşmağı bir nümunə kimi göstərib. Hazırda Ədalət Partiyası İlyas müəllimin qoyduğu bu mirası öz fəaliyyətində yaşatmaqdadır” – M.Rəhimli bildirib.

Sədr deyib ki, İlyas İsmayılovun vəfatından sonra partiya ciddi sınaqla üzləşib, lakin bu mərhələdən uğurla çıxdı: “Vaxtilə İlyas İsmayılovun yanında olan bütün şəxslər hazırda Ədalət Partiyasında qalır. 5 nəfər istefa verdi və onlar da Ədalət Partiyasına sonradan gələn şəxslərdir. Onların içərisində ən stajlı partiya üzvü 2014-cü ildə Ədalət Partiyasına üzv olub. O da indiyədək 3 partiya dəyişib, 4-cü partiya isə Ədalət oldu. Bütün rayon təşkilatları, funksionerlər və strukturlar yerindədir, fəaliyyətlərini davam etdirirlər”.

M.Rəhimli ADP sədri Sərdar Cəlaloğlunun bugünlərdə ona və rəhbərlik etdiyi partiyaya yönəlik ittihamlara da cavab verib. Deyib ki, 2000-ci ildə Sərdar Cəlaloğlunun Ədalətə qarşı oyunlarının baş tutmasına İlyas İsmayılov imkan vermədi və Ədalət Partiyası o zaman öz müstəqil fəaliyyətini bərpa etdi: “2025-ci ildə isə Ədalət Partiyasının üzvləri S.Cəlaloğlunun çirkin oyunlarının qarşısını aldı. Sərdar Cəlaloğlu İlyas müəllimin vəfatını fürsətə çevirib Ədalət Partiyasından qisas almaq istəyirdi, bu isə baş tutmadı. Partiyadaxili separatçıların başçısı Meydan Babayev ADP-nin təsisçilərindən biri olub. Sərdar Cəlaloğlu onun vasitəsilə Ədalət Partiyasının daxilində qarşıdurma yaratmaq istəyirdi”.

İxrac

Sərdar Cəlaloğlu isə “Hürriyyət TV”-yə müsahibəsində bildirib ki, Azərbaycanda baş verən son hadisələrə Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik kontekstindən baxmaq lazımdır. O, xatırladır ki, Rusiya rəsmiləri Azərbaycanı daxili qarşıdurmaya məcbur etməyin zəruri olduğunu deyirlər.

“Hətta Zatulin bildirib ki, biz Azərbaycandakı hücrələrimizi aktivləşdirməliyik” – partiya sədri vurğulayıb.

S.Cəlaloğlu qeyd edir ki, Rusiya Azərbaycandakı vəziyyəti gərginləşdirmək üçün bir neçə alətdən istifadə edə bilər, onlardan biri də Azərbaycanda fəaliyyət göstərən “beşinci kolon”un nümayəndələridir: “Rusiyanın maraqlarını müdafiə edən, göstərişi ilə vəzifələrə qoyulan adamlardır, onlar da öz oyunlarını oynaya bilərlər. Hakimiyyətdə bu istiqamətdə müəyyən aktivləşmələr var”.

ADP sədri yada salır ki, “Siyasi partiyalar haqqında” Qanuna görə partiyaların nizamnaməsinin forması müəyyən edilib, daha hərə bir nizamnamə yaza bilməz: “Orada partiyanın təsis olunması, buraxılması, qurultaya getməsinin qaydaları əksini tapıb. Amma Ədalət Partiyasının sədri İlyas müəllim rəhmətə gedəndən sonra bu Mütəllim Rəhimov bir qrup adamla qurultay keçirdi, partiyanın Məclisinin sədri, sədr əvəzi, MNTK-nın sədri orada iştirak eləmədi. Mən Ədliyyə Nazirliyinə müraciət edirəm: Ədalət Partiyasında qurultayın keçirilməsi, rəhbər orqanların seçilməsi araşdırılsın. Bu partiyanın rəhbərliyində baş verənlərə hüquqi qiymət verilsin. Bu nə deməkdir? Bizim bir hərf səhvimiz olanda nazirlik 50 dənə irad tutur, amma qanun açıq-aşkar pozulur, partiyanın Məclisinin, MNTK-nın sədri, rəhbər orqanları qurultayda iştirak eləmir. Daha sonra əsas rəhbərlər müəmmalı şəkildə istefa verib partiyadan gedirlər”.

S.Cəlaloğlu daha sonra Mütəllim Rəhimlinin konkret ittihamları üzrə danışıb: “Əvvəla, o iddia edir ki, partiyanın sədr əvəzi olmuş Meydan Babayev ADP-də olub, bəli olub, fəaliyyət göstərib. Bəs Mütəllim kim olub? O, 1992-1993-cü ildən Ədalət Partiyası bizdən ayrılana qədər ADP-də mətbuat katibi olub, mənim əmrimlə təyin edilib. O, partiyanın daxilində yerliçilik prinsipi ilə pozuculuq işləri aparıb, ona-buna pul təklif edib, Ədalət Partiyasına aparmağa çalışıb. Mən ADP rəhbərliyinə tapşırmışam ki, bir nəfər də reaksiya verməsin, özünüzü elə aparın ki, guya xəbəriniz yoxdur. Mütəllim məni əxlaqsızlıqda, merkantil maraqlar güdməkdə ittiham edir. Deməli, Ədalət Partiyası bizdən aralanandan sonra mən baş katib idim, mövqeyim vardı. Bu Mütəllim Zorge parkında bir çayxanada bizimlə danışıq aparmağa gəldi. Orada mənə 150 min dollar təklif edib ki, Ədalət Partiyasına keçim. Pulu gətirmişik, təqdim edə bilərik. İndi bu adam məni tamahkarlıqda, maraq güdməkdə ittiham edir. Şahidlər də sağdır, heç biri ölməyib. Onda mən Mütəllimə dedim ki, sənə ayıb olsun, yaşına-başına baxmırsan, mən sənə atalıq eləmişəm, 1-ci kursdan götürüb gətirmişəm, cibinə pul qoymuşam, Azərbaycanın siyasi mühitinə gətirmişəm. İlyas müəllimlə gedibsən, lap yaxşı, indi gəlib mənə pul təklif edirsən ki, Ədalət Partiyasına keç. Bu, Mütəllimin nə qədər “təmiz adam” olmasının sübutudur”.

ADP sədri daha sonra xatırladıb ki, M.Rəhimli universitetlərdən birində prorektordur, elmlər namizədidir: “Mən buradan rəsmi şəkildə deyirəm, onun öz elmi işindən xəbəri yoxdur. O, elmi işini özü yazıb? Gəlsin bura, ona elmi işindəki iki termindən sual verəcəm, görək bilir? O, elmi işi kim yazıb, yaxın ətrafımız bilir, ona da hörmətimiz var. Əxlaqsızlıq budur: başqasının ağlı ilə olmusan elmlər namizədi, prorektor, işlədiyin universitetdə də səni necə tanıyırlar, gedək rəy sorğusu keçirək. Ən mənfur fəaliyyət göstərən adamsan. Mütəllim orada nə oyunlardan çıxır, bunu tələbələr əzbər bilir. Mən buradan onun rektoruna müraciət edirəm ki, adamın zəncirini bağla…”“AzPolitika.info”

Chosen
14
1
moderator.az

2Sources