EN

Muxtar Babayev: Hər il dağlarımızda qar ehtiyatları azalır, buzlaqlar əriməyə məruz qalır 

İqlim dəyişikliyi və orta temperaturun artması dünyada olan su resurslarının yığılmasına və istifadəsinə çox böyük təsir göstərir. Bu gün həmin təsirlər buzlaqların əriməsinə, qar ehtiyatlarının azalmasına gətirib çıxarır. Hazırda bütün dünyada həmin proses gedir. Əfsuslar olsun ki, Azərbaycanda da buzlaqların əriməsini və qar ehtiyatlarının azalmasını müşahidə edirik.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - “Baku Water Week” çərçivəsində keçirilən "Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər" mövzusunda plenar sessiyada deyib.

Muxtar Babayev fikirlərinə belə davam edib: "Hər il dağlara, xüsusilə Böyük Qafqaza, Kiçik Qafqaza ekspedisiyalar təşkil olunur. Mütəxəssislər dağlarda çox ciddi prosesin getməsinə şahidlik edirlər. Hər il dağlarımızda qar ehtiyatları azalır, buzlaqlar əriməyə məruz qalır. Təəssüf ki, həmin proses bütün dünyada baş verir. Əlbəttə ki, ilkin səbəbi iqlim dəyişikliyi, orta temperaturun artması, digər səbəbi yağıntıların qeyri-bərabər bölünməsidir. Burada da istər-istəməz sululuğun azalmasına, daşqınların, sellərin və digər hidrometeoroloji hadisələrin baş verməsinə gətirib çıxarır. Əlbəttə ki, həmin məsələlərin müzakirəsində dövlətlərdən başqa, beynəlxalq təşkilatlar da aktiv rol oynayır. Demək olar ki, Azərbaycanda da illərdir beynəlxalq təşkilatlar və maliyyə institutları ilə birlikdə həmin məsələlərin müzakirəsi əhəmiyyət kəsb edir. Bununla yanaşı, beynəlxalq təşkilatlarla birlikdə çoxlu su layihələri həyata keçirilir. Lakin su ehtiyacının artması ilə əlaqədar böyük narahatlıq var. Dünyada ölkələr su bol olan, sarı zonada yerləşənlər, yəni su nisbətən onların ehtiyaclarını qarşılaya bilir və su qıtlığı ilə üzləşmiş və üzləşə bilənlərə bölünür. Su qıtlığı ilə üzləşmiş və ya onlara yaxın olan ölkələrin siyahısı hər il çoxalır. Əfsuslar olsun ki, Azərbaycan da həmin siyahının içindədir. Bizim üçün də çox ciddi tədbirlərin görülməsi vacibdir. Əlbəttə ki, ciddi risklərin qarşısının tam alınması mümkün görünmür, lakin adaptasiya planlarının hazırlanması mümkündür".

Chosen
14
2
azerbaijan-news.az

3Sources