EN

Gözdənuzaq ölkənin göz çıxaran problemləri

Yazını böyüt
Yazını kiçilt

Asiyanın dərinliklərində, Himalayın cənub yamaclarında yerləşən və tarixboyu dünyanın qalmaqallarından, səs-küyündən uzaq qalmış Nepal da gözə gəldi. Nə siyasi, nə iqtisadi, nə də adicə güzəran problemləri deyil, sosial media qadağası bu dinc Krallığı yandırıb-yaxdı. Federal parlament və Ali Məhkəmə binaları yandırıldıqdan və ən azı, 22 nəfər toqquşmaların qurbanı olduqdan sonra, daxili işlər naziri Rameş Lekhak, kənd təsərrüfatı və heyvandarlıq naziri Ramnat Adhikari və su təchizatı naziri Pradip Yadav istefa veriblər. Nəhayət, bir gün sonra Baş nazir Xadqa Prasad Şarma Oli hökumət başçısı postundan getdiyini açıqlayıb.

Hadisələrin, əslində, sosial mediaya qoyulan qadağadan daha böyük problemlərdən qaynaqlandığına dəlalət edən faktlar var ki, bunun da ən bariz nümunəsi nazirlərin istifasıdır. Yəni əslində bu sakit Krallıqda sosial problemlər insanları o qədər əzib ki, sosial media yasağı sadəcə səbri daşdırıb.

Hə, bu arada, hər birinin milyard yarım əhalisi olan iki dövlətin – Çin və Hindistanın arasına sıxışan 30 milyonluq Nepalda uzun zamandır, yayğınlaşan korrupsiyanın qarşısının alınmaması və ümumiyyətlə, buna səy göstərilməməsi əhalini bezdirib.

Etirazlar necə başladı?

Verilən müddət ərzində Nepalın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçə bilməyən Facebook, İnstagram, WhatsApp, YouTube, X, Reddit və Linkedİn kimi platformaların cümə axşamı bağlanması hiddətə səbəb olub.

Nazirlik bu addımın saxta xəbərlər və nifrət nitqi ilə mübarizə məqsədilə atıldığını iddia edərək, lazımi icazələri alan platformaların həmin gün yenidən açılacağını açıqlasa da, etirazçılar parlament binasına doğru yürüyüblər.

“Reuters”ə danışan etirazçılardan biri “Bütün nepallılar korrupsiyadan yorulub. Gənclər kütləvi şəkildə xaricə gedir. Biz gənclərimizi qorumaq və ölkə iqtisadiyyatını bərpa etmək istəyirik”, – deyib. Ölkə iqtisadiyyatı son 30 ildə nepallıların xaricə göndərdiyi pul köçürmələrinə getdikcə daha çox bağlı olub.

Dünya Bankının məlumatına görə, 15-25 yaş qrupu arasında işsizlik səviyyəsi 20,8 faizdir və siyasətçilərin övladlarının dəbdəbəli həyat tərzi tənqidlərə səbəb olur.

Belə çıxır ki, hökumət sosial media platformalarını sadəcə problemlərin işıqlandırılmaması, vəzifəlilərin rüşvət və korrupsiyasının gizli qalması məqsədilə  bağlayıbmış…

Qanlı qarşılıq

Uzun illərdir alışdıqları rahat və sakit “həyat tərz”ini qorumaq üçün polis bazar ertəsi parlamentin yaxınlığında etirazçıları bir araya gətirən nümayişi su şırnaqları, gözyaşardıcı qaz və həqiqi güllələrlə dağıtmağa çalışıb.

Yerli hakimiyyət orqanları Katmanduda 17, İtahari şəhərində iki nəfərin öldüyünü, ən azı 400 nəfərin yaralandığını bildirib. Daha sonra ölənlərin sayının ən azı 22 olduğu açıqlanıb.

Beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı etirazçıların ölümündən şoka düşdüyünü bildirib və Nepal hökumətini müstəqil araşdırma aparmağa çağırıb.

 “Amnesty İnternational” ölümlərlə bağlı “hərtərəfli, müstəqil və qərəzsiz araşdırmaya” çağırıb. Təşkilat nümayişçilərə qarşı həqiqi güllələrdən istifadə edildiyini bildirib və bu faktı nepallı həkimlər də təsdiqləyiblər.

Nazirlər helikopterlərlə qaçıb

Nepal hökuməti sosial media qadağasının aradan qaldırılacağını açıqlayıb, nazirlər istefa verib, lakin etirazlar səngiməyib. Baş nazir Xadqa Prasad Şarma Oli və bir neçə başqa siyasətçinin evlərinə hücum edilib. Nepal ordusu nazirləri iqamətgahlarından helikopterlə təxliyə edib.

Gözlənilən hərəkət Nepal Konqresinin Baş katibi Qaqan Thapanın Baş nazir Olinin hökumətinə dəstəyi geri götürəcəklərini və istefaya çağırışlarını elan etdikdən sonra başlayıb. Daha əvvəl “etirazçılara nüfuz edən veteran qrupları” günahlandıran və “Z” nəslinin tələblərinə mənfi baxmadığını bildirən Baş nazir Oli istefadan yayına bilməyib.

İctimai siyasət üzrə nepallı ekspert Binay Mişra Nepal rəhbəri Ram Çandra Poudelə yeni hökuməti formalaşdırmaq üçün parlamenti çağırmalı olduğunu xatırladıb. Mişra bildirib ki, heç bir partiya mütləq çoxluğa sahib olmadığından, Z nəslinin nümayəndələrinin müvəqqəti hökumətdə söz sahibi ola biləcəyinə inanır.

Sosial media niyə bloklandı?

Nepal hökuməti müəyyən edilmiş qaydaların pozulmasını əsas gətirərək, keçən cümə axşamı 26 sosial media platformasına girişi əngəlləməyə başlayıb. Nepalın Rabitə və İnformasiya Nazirliyi daha əvvəl sosial media şirkətlərinə qeydiyyatdan keçmək üçün son tarix vermişdi.

Qadağan edilmiş platformalara WhatsApp, Facebook, İnstagram və YouTube daxildir. Hökumət saxta xəbərlər, nifrət nitqi və onlayn fırıldaqlarla mübarizə aparmaq üçün sosial media platformalarının tənzimlənməsinə ehtiyac olduğunu iddia edirdi.

Müxalifət isə bildirib ki, tətbiq edilmiş qaydalar səlahiyyətlilərə uyğunsuz və ya hökumət əleyhinə hesab edilən hər hansı məzmunu izləmək və silmək səlahiyyəti verir.

17 milyon insanın sosial media platformalarından istifadə etdiyi Nepaldakı blok, bu xidmətlərə çox güvənən biznes və kommunikasiyalara əhəmiyyətli dərəcədə təsir göstərib. Sosial media məhdudiyyətləri bu geniş yayılmış etirazlara səbəb ola bilsə də, ölkədə rüşvətxorluq və qohumbazlıq kimi adiləşən hallar xüsusilə gənclərdə hökumətə qarşı qəzəbi coşdurub.

Gənc etirazçılar

İndiki etirazlar ölkə tarixində bu günədək keçirilmiş heç bir aksiyaya bənzəmir. Nümayişlər sosial media tərəfindən təhrik edilib və gənclər tərəfindən idarə olunur.

Etirazçılar “Z” nəsli (1997-2012-ci illər arasında doğulmuşlar) kimi təqdim olunurlar. Etirazlara rəhbərlik edən mərkəzi rəhbərlik olmasa da, bir çox gənc kollektivləri hərəkətverici qüvvə kimi meydana çıxıb. Bu qruplar fəaliyyət və yeniləmələr üçün onlayn çağırışlar verir.

Nepalın ən böyük şəhərlərində - paytaxt Katmandu, Poxara və İtaharidə kollec və universitet tələbələri etiraz aksiyalarında iştiraka çağırılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə də tələbələrin yürüşlərdə iştirak etdiyi görünür.

Təşkilatçılar etirazçıları forma geyinməyə, kitablarını özləri ilə götürməyə təşviq edirlər.

Tələblər

Yerli mediaya açıqlama verən 19 yaşlı Binu “Biz Nepalda korrupsiyanın sonunu görmək istəyirik. Liderlər seçki vaxtı vədlər verir və heç vaxt yerinə yetirmirlər. Bu qədər problemlərin səbəbi elə onlardır”, – deyib.

Binu, həmçinin bildirib ki, sosial media qadağası onun təhsilinə mane olub, onlayn kurslara və təhsil resurslarına çıxışını məhdudlaşdırıb.

Sosial media məzmununun yaradıcısı Subhana Budhatoki “Z” nəsli dayanmayacaq. Bu etiraz sosial mediadan daha çox şeydir. Onlar bizi susdurmaq istəyirlər və buna icazə verməyəcəyik”, – deyib.

Yeri gəlmişkən, aksiya iştirakçılarının iki aydın tələbi var: sosial media qadağası ləğv edilsin və hakimiyyət orqanlarının korrupsiyayasına son qoyulsun.

TikTok və İnstagramda yayılan siyasətçilərin ailələrinin dizayner paltarı geyinməsi, xaricə səyahət etməsi və lüks avtomobil sürməsi ilə bağlı görüntülər bir çoxu işsizlik və məcburi köç kimi çətinliklərlə üzləşən gənclərin həyatı ilə ziddiyyət təşkil edir. Ona görə də bu şüarlar bərabərsizlik üzərində qəzəbin simvoluna çevrilib.

Bundan sonra nə olacaq?

“Z” nəslinin rəhbərlik etdiyi etirazçılar geri çəkilmək əlaməti göstərmirlər və hərəkat həm internetdə, həm də küçələrdə daha da sürət qazanır.

Baş nazirin istefası ilə etirazçılar məqsədlərindən birinə nail olublar. Lakin ekspertlər xəbərdarlıq edir ki, gənclərlə mənalı əlaqə olmasa, etirazlar daha da böyüyə bilər.

Chosen
59
1
hafta.az

2Sources