EN

"Tağıyev" filminin rejissoru: "O səhnə mənə çox təsir etdi, Hacı xanımını təhlükəyə atır" - MÜSAHİBƏ

BAKI, 11 sentyabr. TELEQRAF

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevdən bəhs edən silsilə filmlərin rejissoru və ssenari müəllifi Zaur Qasımlı "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Bakı Media Mərkəzi tərəfindən çəkilən "Tağıyev: Neft" filmi "Ən yaxşı beynəlxalq bədii film" kateqoriyasında Kino Akademiyasının 98-ci "Oskar" mükafatına namizəd kimi təqdim edilib. Filmin mükafata layiq görüləcəyini düşünürsünüzmü?

- Allah nə məsləhət bilsə, o da olacaq. Necə olacağını bilmirəm. İlk dəfədir belə bir təcrübə yaşayıram. Ümidimiz qazanmaqdır, amma qazanmasaq da məyus olmayacam. Çünki tamaşaçılarımız filmi bəyənib. Mənim üçün ən böyük mükafat odur. "Oskar" da siyasətə bağlıdır, ona görə tam filmə verilir deyə bilmərəm. Görək necə olacaq. Heç vaxt Azərbaycan filmi qalib gəlməyib.

İnşallah, qalibiyyət olsa, çox sevinərik və Azərbaycan kinosu dünyada tanınar. Lomlinskə düşmək və ya ən azı şortlistə daxil olmaq belə qalibiyyət hesab olunur.

- "Tağıyev: Neft" və "Tağıyev: Çar" filmlərindən sonra bu ekran işinin davamı olaraq yeni bölümlərin çəkilməsi planlaşdırılırmı?

- Bəli, 9 ay ərzində dörd film çəkmişik. Sentyabrın sonunda üçüncü filmi təqdim edəcəyik. Filmin adı "Tağıyev: Sona” adlanır.

Film Tağıyevin həyatının 1896-cı ildəki dövrünü əhatə edir. Tağıyev həmin il Sona xanımla ailə qurur. Hadisələr onun ətrafında cərəyan edir. Dördüncü hissəni isə ilin sonunda təqdim etməyi planlaşdırırıq. Dördüncü filmin adı “Tağıyev: Məktəb" adlanır. Bu 1901-ci ili, Hacı Zeynalabdin Tağıyevin məktəb açdığı dönəmi əhatə edir.

- Hacı Zeynalabdin Tağıyevin neft gəlirlərindən təhsil, mədəniyyət və sosial rifaha verdiyi töhfələr filmdə necə göstərilir?

- Filmə baxıb, qiymət verərsiniz. Tağıyev neftdən və digər bizneslərdən qazandığı pulu xalqına xərcləyir, əsirgəmir. Onun gördüyü işlərin bəhrəsi indi də özünü göstərir. Məktəbini bitirən xanımlar, alimlər xalqına böyük xidmət edən tanınmış şəxsiyyətlər olublar.

- Filmin dördüncü hissəsində yalnız məktəb fəaliyyətinə yer verilib, yoxsa Tağıyevin ömrünün sonu da göstərilib?

- Filmdə Hacı Zeynalabdin Tağıyevin ömrünün sonu göstərilmir, yalnız məktəbin fəaliyyəti əks olunur.

- Tağıyevin neft sənayesinə daxil olması və cəmiyyətə təsiri filmdə necə təsvir olunur?

- Filmin birinci hissəsində neft sənayesinə qoşulması, ikinci hissədə xalqa qulluq etməsi, biznesdən qazandığı pulların böyük hissəsini xalqın maariflənməsi, rifahı və mədəniyyəti üçün xərcləməsi əks olunub. Tağıyev yaşadığı dövrdə xidmətlərinə görə “Xalqın atası” tituluna layiq görülüb.

- Ssenaridə Tağıyevin neft sənayesinə daxil olması real faktlar əsasında göstərilir, yoxsa bəzi bədii elementlər əlavə edilib?

- Film bioqrafik janrdadır, amma faktların üzərinə bədii elementlər qatmışıq. Hadisələrin tamaşaçılar üçün maraqlı olması üçün bədii əlavələr edilib.

- Ekran əsərində Tağıyevin həyatı hansı mərhələlər üzrə qurulub və neftin rolu necə əks olunub?

- Həyatının dörd mərhələsi göstərilib: 1873–1877-ci illər; Tağıyevin neft işinə qoşulması, neft quyusunun fantan vurması.
1888-ci il; Bakı şəhərinə İmperator Aleksandr III təşrif buyurur və Tağıyev onu qarşılayır. 1896-ci il; onun ikinci dəfə ailə qurması.
1901-ci Məktəbin açılışı.

- Film Tağıyevi iddeallaşıdırmır ki?..

– Çalışmışıq ki, onu çoxşaxəli insan kimi göstərək. Film portret xarakterli deyil, səhvləri və uğurları ilə əsl insan kimi təqdim olunur.

- Rejissor kimi filmdə hansı səhnə sizdə güclü təəssürat yaratdı?

- Dördüncü hissədə Tağıyev məktəbi açarkən həyat yoldaşını böyük təhlükəyə atır. Bu səhnə mənə çox təsir etdi. Bu haqda çox açıqlama vermək istəmirəm.

- Filmdə hansı mövzuya daha çox yer verdiniz?

- Daha çox Tağıyevin iç aləmini, şəxsiyyətinin özəyini göstərməyə çalışdıq. Onun kim olduğunu, nə düşündüyünü, nəyin onu narahat etdiyini əks etdirdik. Məqsədimiz Tağıyevi sadəcə pul paylayan insan kimi yox, çoxşaxəli bir şəxsiyyət kimi təqdim etməkdir.

Chosen
31
teleqraf.com

1Sources