EN

“Əlilliyi olan şəxslərin sosial müdafiəsinə dəstək“ layihəsinə start verildi - FOTOLAR

Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə dəstək“ layihəsinin icrasına başlayıb.

QHT.az xəbər verir ki, layihə rəhbəri Xədicə Mikayılovanın sözlərinə görə, əsas məqsəd əlilliyi olan şəxslərin sosial durumunun yaxşılaşdırılması, hüquqlarının daha yaxşı qavranılması, onların sosial müdafiə və iqtisadi təşviq mexanizmlərinə çıxış imkanlarının artırılmasıdır. Bu məqsədlə maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulur.

Layihə 01 avqust – 31 oktyabr 2025-ci il tarixlərini əhatə edir və Yardımlı, Tərtər, Ağdam və Bərdə rayonlarında həyata keçiriləcək. Statistik məlumatlara əsasən, bu bölgələrdə əlilliyi olan şəxslərin sayı daha çoxdur.

İlk tədbir Yardımlı rayonunda keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndəsi Şakir Kərimov, əlillər və şəhid ailələrinin üzvləri iştirak ediblər. Çıxış edən Şakir Kərimov layihə rəhbəri Xədicə Mikayılovanı təqdim edib. O, tədbir iştirakçılarını salamlayaraq Ulu öndər Heydər Əliyevi və torpaqlarımız uğrunda şəhid olan qəhrəmanlarımızı yad etməyi təklif edib.

Daha sonra Xədicə Mikayılova layihə barədə geniş məlumat verib. O bildirib ki, iştirakçılara təqdim olunan qovluqlarda müxtəlif kanselariya ləvazimatları ilə yanaşı, əlilliyi olan şəxslərin malik olduqları imtiyazlar, dövlətin bu istiqamətdə qəbul etdiyi sərəncam və qərarlar barədə məlumatlandırıcı vərəqlər də yer alıb.

Çıxış edən gözdən əlil Fərrəli Əliyev layihənin onlar üçün faydalı olduğunu vurğulayaraq minnətdarlığını bildirib: “Bu məlumatlandırıcı vərəqlər hər zaman masa üzərimizdə olacaq və bizə yol göstərəcək.” Digər iştirakçılar – Ədalət Qarayev, Fərrəddin Mirzəyev, Mayılxan Əliyev və başqaları da layihəyə dəstək göstərdiyinə görə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib, bir sıra problemlərin həllində dəstək istədiklərini qeyd ediblər.

Xədicə Mikayılova isə bildirdi ki, aidiyyəti qurumlara məktublar göndəriləcək və qaldırılan məsələlərin həlli istiqamətində addımlar atılacaq. Tədbir çay süfrəsi ətrafında davam edib.

Chosen
13
2
qht.az

3Sources