EN

“RDL Group”un rəhbəri: Orta Dəhliz Çindən Avropaya yükdaşımalar üçün əsas arteriyalardan birinə çevrilir

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 11 sentyabr, AZƏRTAC

Mövcud geosiyasi dəyişikliklər şirkətləri yeni marşrutlar axtarmağa vadar edir. Bu kontekstdə Orta Dəhlizin Mərkəzi Asiya və Cənubi Qafqaz üçün rolu son dərəcə böyükdür. O, Çindən Avropaya yükdaşımalar üçün əsas arteriyalardan birinə çevrilir və həm beynəlxalq, həm də regional logistika baxımından mühüm əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a müsahibəsində “RDL Group” şirkətinin təsisçisi və baş direktoru Roman Dedkov bildirib.

Onun sözlərinə görə, Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalar region üçün əlavə imkanlar yaradır: “Bu, regional logistikanın inkişafına yeni təkan verəcək, yeni marşrutlar və istiqamətlər yaradacaq. Bununla da həm regiondaxili, həm də qitələrarası yük axınları artacaq”.

Roman Dedkov qeyd edib ki, “RDL Group” mütəmadi olaraq Orta Dəhlizin inkişafına həsr olunmuş beynəlxalq konfranslar keçirir: “Bu il Düsseldorf, Konstansa və Almatıda forumlar təşkil etmişik. Hazırda Bakıdayıq, noyabrda İstanbuldа, dekabrda isə Tbilisidə tədbir keçirməyi planlaşdırırıq. Beləliklə, biz marşrutun əsas məntəqələrini müəyyənləşdirərək regional logistikaya qlobal tendensiyalar fonunda baxırıq”.

Şirkətin əsas məqsədi bizneslər arasında dayanıqlı tərəfdaşlıq əlaqələri yaratmaqdır: “Belə əlaqələr iqtisadi inkişafı və Orta Dəhlizin keçid imkanlarını stimullaşdırır. Bizim qlobal məqsədimiz vahid “logistika ailəsi” formalaşdırmaqdır ki, bu da regionun bütün ölkələrinə əhəmiyyətli fayda gətirəcək,” – deyə “RDL Group” rəhbəri əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
2
azertag.az

3Sources