EN

"Azərbaycan özünün beyin mərkəzlərini bir dövlət sistemi kimi formalaşdırmağa çalışır" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Qabaqlayıcı siyasət bir dövlətin siyasətinin ən mühüm aspektlərindən biri olmalıdır. Buna beyin mərkəzləri ilə aparılan siyasət, eləcə də strateji araşdırmalara və perspektiv tədqiqatlara əsaslanan siyasət də deyirlər". Bu sözləri SİA-ya açıqlamasında siyasi-şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bütün hallarda dövlətin ən müxtəlif sahələrdə qabaqlayıcı siyasətin əsaslarının işlənib hazırlanmasına və planlaşdırılmasına çox böyük ehtiyac var: "Bu cür Azərbaycanın da müsbət mənada iddialı bir ölkə olaraq öz siyasətini beyin mərkəzləri ilə daha sıx əlaqəli şəkildə qurmaq cəhdləri başadüşülən və təqdirəlayiqdir. Əslində, beyin mərkəzləri ilə Azərbaycanın təmaslarını, ümumiyyətlə, bu mövzuya, ölkənin fəaliyyətinə iki aspektdən yanaşmaq lazımdır:

1. Azərbaycan elə özü də daxili və xarici siyasətdə qabaqlayıcı tədbirlərə, önləyici tədbirlərə daha çox üstünlük verməklə, əslində siyasətdə intellektual yükün çəkisini daim artırmağa çalışıb.
2. Azərbaycan ölkə daxilində həm beyin mərkəzlərinin miqyasını genişləndirməyə, həm də xarici beyin mərkəzləri ilə əməkdaşlığı gücləndirməyə çalışır.

Bu cür keçirilən tədbir, məhz elə ümid deməyə əsas verir ki, Azərbaycan həm özünün beyin mərkəzlərini bir dövlət sistemi kimi formalaşdırmağa çalışır, həm də dünyanın müxtəlif beyin mərkəzləri ilə əlaqələri gücləndirir. Beyin mərkəzlərinin imperativləri, tədqiqatları, araşdırmaları əsasında işlənmək, hər bir dövlətin sabahını müəyyən risklərdən qorumaq üsuludur. Biz Azərbaycanın siyasətində bunu dəfələrlə görmüşük. Məsələn, Azərbaycanın dəhliz siyasəti, enerji, nəqliyyat və logistika infrastrukturlarının yaradılması, onların rəqəmsallaşdırılması kimi layihələri digər ölkələri qabaqlamaq üslubunda həyata keçirmişdir. Azərbaycanın “Bir kəmər, bir yol” layihəsi yönümündə atdığı addımlar hələ bu layihənin əhəmiyyətini bəzi başqa ölkələr lazımi qədər dəyərləndirmədiyi vaxtlara təsadüf edirdi. Layihə fəaliyyətə başlayanda artıq Azərbaycanın bu dəhliz üçün gərəkli infrastrukturların xeyli hissəsi yaradılmışdı və fəaliyyət göstərirdi.

- Sonradan Şimal-Cənub nəqliyyat dəhlizinin də tam potensialı üzə çıxanda, artıq Azərbaycanın burada da müəyyən infrastrukturları hazır idi və fəaliyyət göstərirdi. Nəticə olaraq, Azərbaycanın beyin mərkəzləri ilə əlaqəli siyasəti ölkənin həm bu gün işlərini düzgün qurmağa kömək edir, həm də gələcəkdə ən yaxşı inkişaf istiqamətlərini müəyyənləşdirməyə imkan verir. Qarşıya çıxa biləcək riskləri indidən müəyyənləşdirməyə kömək edir".

Müəllif: Ziya Hikmətoğlu
Chosen
13
1
sia.az

2Sources