EN

Fərid Şəfiyev: Azərbaycan AQEM sədrliyinə xüsusi önəm verir

AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası yalnız müzakirələr meydanı deyil, həm də müxtəlif regionlardan gələn ekspertləri, diplomatları və gəncləri bir araya gətirən mühüm platformadır. SİA xəbər verir ki, bu sözləri “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının bağlanış mərasimində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O qeyd edib ki, Azərbaycan bu sədrliyə xüsusi önəm verir. Prezident İlham Əliyevin Forumun 13-cü sessiyasının iştirakçılarına ünvanladığı müraciət də AQEM-ə göstərdiyi diqqət və verdiyi dəyərin bariz nümunəsidir. Bu, həm də təşkilatın gələcəyinə qoyulan töhfədir.

“Burada keçirdiyimiz sessiyalarda çox intellektual, dərin və faydalı müzakirələr apardıq. Çox maraqlı fikirlər səsləndirildi, yeni ideyalar irəli sürüldü. Hesab edirəm ki, bu fikirlər və tövsiyələr gələcəkdə AQEM-in fəaliyyət istiqamətlərinə ciddi töhfə verəcək”, - deyə F.Şəfiyev vurğulayıb.

Forumun rəsmi bağlanışından sonra əlavə yan tədbirin olacağını diqqətə çatdıran İdarə Heyətinin sədri bildirib ki, bu tədbirdə universitetlərdən gənc tələbələr iştirak edəcəklər: “Onların iştirakı bizim üçün çox vacibdir. Çünki gənclər həm təşkilatın gələcəyidir, həm də regionun inkişafına yeni baxış və təzə nəfəs gətirən qüvvədir. Əminəm ki, burada əldə etdiyimiz nəticələr real əməkdaşlıqlara, birgə layihələrə və davamlı tərəfdaşlığa çevriləcək. Bu isə həm bizim, həm də regionumuzun gələcəyi üçün çox mühüm addımdır”.

Chosen
32
1
sia.az

2Sources