EN

Bakıda 2-ci Beynəlxalq Su Təsərrüfatı sərgi və konfransıkeçirilir

10–12 sentyabr tarixlərində Bakı yenidən qlobal su gündəminin mərkəzinə çevriləcək. 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - “Baku Water Week” (Bakı Su Həftəsi) su təsərrüfatı sahəsində ən son texnologiyaları və innovativ həlləri Azərbaycana gətirərək, dövlət qurumlarını, beynəlxalq şirkətləri, ekspertləri və peşəkar ziyarətçiləri Bakı Ekspo Mərkəzində bir araya toplayır.

Dünyada su ehtiyatlarının azalması və iqlim dəyişikliklərinin təsiri bəşəriyyətin qarşısında duran ən böyük çağırışlardan biridir. Azərbaycan üçün də su təhlükəsizliyi prioritet istiqamətlərdən biridir. Dövlət tərəfindən həyata keçirilən layihələr bu sahədə davamlı inkişafı təmin etməyi hədəfləyir.

Son illər Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən olunmuş təxirəsalınmaz tədbirlər çərçivəsində ölkədə bir sıra mühüm layihələr həyata keçirilib: suvarma sistemlərinin yenilənməsi, yeni su anbarlarının tikintisi, irriqasiya sistemlərinin bərpası, duzsuzlaşdırma texnologiyalarının tətbiqi, o cümlədən Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə pilot layihələr.

“Baku Water Week” məhz bu kontekstdə ölkəyə yeni həllər, avadanlıqlar və qabaqcıl yanaşmalar gətirərək, su təsərrüfatında texnoloji yeniliklərin tətbiqinə və dayanıqlı idarəetməyə stimul verir. Azərbaycan və region üçün strateji əhəmiyyət daşıyan, su təsərrüfatı sahəsində açıq dialoq və praktiki əməkdaşlıq imkanları yaradan Bakı Su Həftəsi bu il də yerli və xarici iştirakçılar üçün konkret fayda və real imkanlar təqdim etməyə hazırlaşır.

Bakı Su Həftəsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı Su Həftəsindən bəhs edərkən bu tədbirin yeni imkanların yaranmasına və qarşılıqlı əməkdaşlıqların qurulmasına şərait yaradacağından ümidvar olduğunu bildirmişdir:

“İnanıram ki, Bakı Su Həftəsi dövlət qurumları ilə yanaşı, özəl sektora və mütəxəssislərə yeni ideyalar əsasında problemlərin həlli üçün innovativ üsullar tapmaq imkanı yaradacaqdır. Bakı Su Həftəsi yeni təşəbbüslər və səmərəli işgüzar əlaqələrin qurulması, ölkəmizdə su ehtiyatlarının idarə olunmasında effektivliyin artırılmasına yeni töhfələr verəcəkdir.”

“Baku Water Week”də Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, İsrail, İsveçrə, Hindistan, Macarıstan, Türkiyə, Serbiya, Səudiyyə Ərəbistanı və Sinqapuru təmsil edən 70-dək şirkət və nümayəndə heyətləri iştirak edir.

Səudiyyə Ərəbistanının enerji və su sahəsində ixtisaslaşmış aparıcı şirkətlərindən olan “ACWA Power” “Baku Water Week”in baş sponsoru qismində çıxış edir.

Sərgidə təqdim olunan məhsul və xidmətlər çoxşaxəlidir: analiz və laboratoriya texnologiyaları; bank xidmətləri; borular və boru kəməri avadanlığı və məhsulları; bulud toxum səpmə texnologiyaları; daşqınlardan qorunma texnologiyaları və sahilbərkitmə işləri; drenaj üçün avadanlıqlar; elmi-tədqiqat institutları; hidrotexniki qurğular; içməli suların emalı; su təchizatı və kanalizasiya; su təchizatı və su təsərrüfatında inşaat və qazma texnikası və avadanlığı; su təchizatı və su təsərrüfatında ölçmə, tənzimləmə və nəzarət texnologiyaları; su təsərrüfatı obyektlərinin layihələndirilməsi və tikintisi; su təsərrüfatında informasiya və kommunikasiya texnologiyaları; su təsərrüfatında süni intellekt; su təsərrüfatında təhsil, elmi araşdırmalar; suvarma sistemləri; suyun duzsuzlaşdırılması texnologiyaları; tullantı və yağış sularının axıdılması və emalı sistemləri.

“Baku Water Week 2025” çərçivəsində zəngin işgüzar proqram təqdim olunmuşdur. Burada su ehtiyatlarının idarə edilməsi, sudan səmərəli istifadə, qlobal iqlim dəyişikliyi, su təhlükəsizliyi, su təsərrüfatı sahəsində innovativ yanaşmalar, su diplomatiyası, eləcə də yeni su texnologiyaları və təcrübələri kimi mövzular gündəmdə olacaqdır və sahə ilə bağlı mühüm təşəbbüslər yer alır.

Tədbirin ilk günü təqdimat zonasında “Su təmizlənməsi üçün kompleks həllər” və “Su təchizatı və tullantı sularının obyektlərinin kompleks mühəndisliyi vasitəsilə zəmanətli nəticələrin əldə edilməsi” adlı təqdimatlar, "Qlobal iqlim dəyişikliyi: Azərbaycanda quraqlıq risklərinin idarəolunması" adlı keys sessiyası, “Xəzər dənizinin mövcud vəziyyəti, problemləri və həll yolları” adlı ekspert sessiyası, həmçinin “Tullantı sularının dayanıqlı idarəolunması - COP29 məqsədləri yolunda” adlı sessiya keçiriləcəkdir.

2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransı - Gələcək üçün su: su qıtlığından strategiyaya doğru

“Baku Water Week 2025”in 2-ci günü - 11 sentyabr tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşkilatçılığı ilə keçiriləcək 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransı aktuallığı ilə diqqət çəkir. Bakı Ekspo Mərkəzində baş tutacaq konfrans çərçivəsində ötən il olduğu kimi bu il də müvafiq dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, özəl şirkətlərin rəhbərləri, eləcə də sahə üzrə aparıcı yerli və beynəlxalq ekspertlərin iştirakı ilə geniş və zəngin proqram təqdim olunacaqdır. 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransında 10-a yaxın ölkədən 40-dan çox məruzəçi çıxış edəcəkdir.

Konfrans zamanı “Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər” mövzusunda plenar sessiya, “Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma”, “Alternativ su mənbələrinin idarəedilməsində innovativ yanaşmalar”, “Su diplomatiyası: Sərhədləri aşan əməkdaşlıq”, “Su ehtiyatlarının davamlılığı: elm və innovasiyanın rolu” adlı panel müzakirələri keçiriləcəkdir.

Bununla yanaşı, konfrans çərçivəsində “Hackathon” müsabiqəsində qalib gəlmiş komandanın təltifetmə mərasimi mükafatlandırılması mərasimi baş tutacaq.

2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransının qızıl sponsoru “AquaLink Azərbaycan” və "Hidroloq" şirkətləridir.

6-cı Xəzər Su İnnovasiya Forumu

12 sentyabr - “Baku Water Week”in 3-cü günü tədbirin qızıl sponsoru olan “AquaLink Azərbaycan” şirkətinin təşkilatçılığı ilə 6-cı Xəzər Su İnnovasiya Forumu keçiriləcəkdir. Bu məqam Bakı Su Həftəsinin regionda su təsərrüfatı sahəsində əsas görüş, əməkdaşlıq, eləcə də innovasiyalar və beynəlxalq dialoq platformasına çevrildiyini bir daha təsdiqləyir.

“Suya dəyər qatırıq” şüarı ilə təşkil olunacaq bu forum zamanı da sahə ilə bağlı mühüm mövzular gündəmdə olacaqdır. Forum çərçivəsində dörd əsas panel müzakirəsi baş tutacaq: “Qabaqcıl su texnologiyalarının tətbiqinin üstünlükləri”, “Ətraf mühitin qorunması texnologiyaları və təcrübələri”, “Təkrar emal etmə texnologiyaları və onların əhəmiyyəti” və “Suyun idarə edilməsində innovativ texnologiyaların tətbiqi”. Foruma Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi kimi dövlət qurumları ilə yanaşı, 10-dan çox ölkəni təmsil edən beynəlxalq şirkətlər və ölkənin aparıcı elm və təhsil müəssisələrinin nümayəndələri qatılacaq.

Bütün bunlarla yanaşı, “Baku Water Week” çərçivəsində dövlət qurumları, özəl sektor və innovativ startaplar arasında əməkdaşlığın inkişafına yönəlmiş B2B və B2G görüşlər də keçirilir. Bu görüşlər yerli və beynəlxalq şirkətlərə, eləcə də dövlət qurumlarına əməkdaşlıq imkanlarını müzakirə etmək üçün real platforma təqdim edir.

“Baku Water Week”in təşkil olunduğu üç gün ərzində Bakı Ekspo Mərkəzinin foyesində "Zabuxçay su anbarı" – Azad Qarabağın ilk su anbarı, eləcə də "Şiber" su çarxı, Hövsan aerasiya stansiyası, "Bakı Su Təchizatı", Oğuz-Qəbələ su təchizatı sistemləri, eləcə də suyun tarixi ilə bağlı maketlər maketləri nümayiş olunur. Bununla yanaşı 1 nömrəli pavilyonda “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin üzvlərinin "Baku Water Week 2025" fərqlilərin fırçasında adlı rəsm əsərləri sərgilənir.

Beləliklə, “Baku Water Week 2025” Azərbaycanın su təsərrüfatı sahəsində beynəlxalq tərəfdaşlıqların genişləndirilməsinə, ölkəyə yeni texnologiyalar və innovasiyalar gətirilməsinə töhvə verəcək, həm də investisiya və əməkdaşlıq üçün yeni imkanlar açacaqdır. Tədbir bir daha təsdiq edir ki, Bakı regional deyil, həm də qlobal səviyyədə su təsərrüfatı məsələlərinin müzakirəsi üçün strateji mərkəzə çevrilməkdədir.

Tədbirin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) da layihəyə dəstək göstərir.

Bakı Su Həftəsinin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” çıxış edir.

2025-ci ilin payız sərgilərinin rəsmi otel tərəfdaşları “Absheron Hotel Group”, “Hilton Baku”, “Radisson Hotel Baku”, “Hilton Garden Inn Baku”, "Ibis Baku City", florist tərəfdaşları "Gloria Flowers" və “Buketeria”, səyahət tərəfdaşı "Greenwich Travel Club" şirkəti, eləcə də digər rəsmi tərəfdaşları qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services” şirkətləri çıxış edir.

“Baku Water Week” haqqında ətraflı məlumatı www.bakuwaterweek.az rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

2
Chosen
11
27
redaktor.az

10Sources