EN

Karate üzrə milli komanda və beynəlxalq dərəcəli məşqçilər Zalsburqdakı Azərbaycan Evinin qonağı olublar

Vyana, 10 sentyabr, AZƏRTAC

Avstriyanın mədəniyyət paytaxtı hesab olunan Zalsburq şəhərində Karate A Seriyası üzrə dünya çempionatının seçmə mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, dünyanın 77 ölkəsindən ən güclü idmançıların iştirak etdiyi bu möhtəşəm turnirdə Azərbaycan millisi də iştirak edib.

Ölkəmizi 9 nəfərlik heyətlə təmsil edən karateçilərimiz gərgin və əzmkar mübarizə apararaq, iki medal qazanmağa nail olublar. Gənc və istedadlı idmançımız Hüseyn Hüseynli sərt rəqiblərlə qarşılaşmalardan qalib ayrılaraq finala yüksəlib və nəticədə gümüş medal əldə edib. Digər təmsilçimiz Rəşid Süleymanov isə 3-cü yer uğrunda döyüşdə Almaniya idmançısını 4:3 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb. Bu uğur həm idmançılarımız, həm də bütün Azərbaycan üçün böyük qürur mənbəyi olub.

Komandanın kapitanı və baş məşqçisi Asiman Qurbanlının rəhbərliyi altında çıxış edən milli komandamızın əzmkarlığı və peşəkarlığı tamaşaçılar tərəfindən də yüksək qiymətləndirilib. Yarışlarda yalnız fiziki güc deyil, həm də strateji düşüncə, döyüş taktikasına sadiqlik və yüksək motivasiya ön planda dayanıb.

Azərbaycan idmançılarına yarış ərzində qardaş Türkiyənin milli komandasının məşqçisi Hamza Kör də yaxından dəstək göstərib. Onun təcrübəsi və yardımı karateçilərimizin hazırlığında mühüm rol oynayıb. Bu, iki qardaş ölkə arasında idman sahəsində də “İki dövlət, bir millət” prinsipinin bir daha təzahürü idi.

Zalsburq arenasında azərbaycanlı idmançıları həmvətənlərimiz – Avstriyada yaşayan diaspora nümayəndələri də böyük dəstək və sevgi ilə izləyiblər. Tribunadan yüksələn “Azərbaycan!” şüarları gənc karateçilərimizə əlavə motivasiya verib.

Turnir başa çatdıqdan sonra isə Zalsburqda fəaliyyət göstərən Azərbaycan Evində milli komandanın şərəfinə möhtəşəm ziyafət təşkil olunub. Tədbirdə Almaniya karate millisinin baş məşqçisi Nika Tsurtsumia, Türkiyə milli komandasının gənclər üzrə baş məşqçisi Hamza Kör və Ukrayna yığmasının baş məşqçisi Oleksander Tonkoşkur da iştirak edib.

Ziyafətin sonunda komanda üzvləri Azərbaycan Evində xatirə kitabına ürək sözlərini yazıblar və bütün iştirakçılarla birlikdə xatirə şəkilləri çəkdirilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

 

Chosen
12
6
azertag.az

7Sources