EN

Ayxan Abbasov Ukrayna ilə heç-heçəni şərh etdi

Futbol üzrə Azərbaycan millisinin müvəqqəti baş məşqçisi Ayxan Abbasov Ukrayna yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turu çərçivəsində Bakıda üz-üzə gəliblər.

D qrupunun oyununda qalib müəyyənləşməyib – 1:1. Ötən gün istefaya göndərilmiş Fernando Santosun əvəzində millimizi bu oyuna Ayxan Abbasov çıxarıb. U-21 yığmamızın baş məşqçisi olan gənc mütəxəssis matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Belə oyundan sonra danışmaq çətindir. Amma futbolçularıma təşəkkür etmək istəyirəm. Çünki bir gün vaxtımız var idi. Ancaq psixoloji durumu yaxşılaşdırmağa çalışdıq. Hesab necə olsaydı da, onlara təşəkkür edəcəkdim. Çoxdandır, millidə belə ruh görünmürdü. Bəlkə də futbolçular da təzyiq altında idilər. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Çətin anda bizə dəstək oldular. Elvin Cəfərquliyev yorulmuşdu, dəyişiklik istədi. Amma Xaybuallayev zədələndi deyə, onu meydanda saxladıq. Ona olan dəstək sayəsində gümrah olduğu vaxtda etmədiyi sprintləri etdi. Sizin də əməyiniz var. Hamımız birgə mübarizə aparırıq. Bəlkə bu istək, qazanılan xal futbolumuza ruh gətirəcək.

Rəqib güclü idi. Biz də ağır səfərdən gəlmişdik. Böyükhesablı məğlubiyyətdən sonra psixoloji durum pis idi. Bəzi dəyişikliklər etdik. Rüstəm Əhmədzadə və Abdulla Xaybullayevin milliyə gəlişi də əlavə ruh verdi. Emin Mahmudovu təbrik edirəm, istədiyi qolu vurdu. Seviniriksə, gülüş varsa, deməli, daha artığını edə bilərik”.

Ayxan Abbasov U-21 yığmamızın bu gün Bolqarıstanla 1:1 hesablı heç-heçə etməsinə də münasibət bildirib:

“U-21 yığmamıza görə sevinirəm. Portuqaliyada hesab böyük oldu. Yaxşı oynadığımızı desəm, düz olmaz. Amma inanın ki, futbolçular orada gözəl mübarizə apardılar. U-21 yığmamızın inkişafı göz önündədir. Dörd aydır birlikdəyik. Bolqarıstanla görüşü 65-ci dəqiqəyə qədər izləyə bildim. Desəm ki, 2 gündür yatmamışam… Burada Azərbaycan adı varsa, hər bir şeyə dözməliyik”.

“Üç yerdə işləmək çətindir, iki yer problem deyil” – Ayxan Abbasov

Ayxan Abbasov Fransa ilə qarşıdakı matç barədə danışmağın tez olduğunu bildirib:

“İndi U-21 yığmamızın baş məşqçisiyəm. Bizi gələn ay iki çətin səfər oyunu gözləyir. Fransa haqda danışmağım düz olmazdı. Qərarlar nə olacaq, bilmirəm. Mübarizə aparmaq lazımdır. Bilirik ki, Fransa top komandadır. Ukrayna da onlarla yaxşı mübarizə apardı. Görünür ki, oynamaq olar. Öz gücümüzü tapmalıyıq. Biz çox şey istəyirik. Böyük ölkələrlə özümüzü müqayisə edirik. Vaxt lazımdır”.

Ayxan Abbasov Renat Dadaşov və Mahir Emrelinin zəif oyununa da münasibət bildirib:

“Mahirlə Renat taktiki baxımdan pis oynamadılar. Mahir ötən oyunda meydanda olmuşdu. Renat sonradan daxil olmuşdu. Oyuna baxmadım, epizodlara baxdım. Biz Portuqaliya səfərindəydik. Bolqarıstanı təhlil edirdik. Ani hadisə baş verdi. Futbolçuları da İslandiya ilə oyuna qaytarmaq istəmədik. Mahir, Renat və digər oyunçuların potensialı var”.

Ayxan Abbasov əsas millimizdəki işinin AFFA rəhbərliyinin qarşıdakıqərarlarından asılı olacağını bildirib:

“Oyundan sonra rəhbərlik təbrik etdi. Görüşümüz oldu. Əsas məqsəd bir oyunluq kömək edib, bu durumdan çıxmaq idi. Peşəkar yanaşsaq, kənardan hansısa məşqçinin bir gündə gəlməsi düzgün olmazdı. U-21 yığmamız əvəzedici kimi gedir. Federasiya məşqçiləriyik, kömək lazımdırsa, borcumuzdur. Gələcək haqda söhbət etmək tezdir. Zaman göstərəcək. Üç yerdə işlədiyimi deməzdim. Məcburidir. U-21 yığmasının oyununda köməkçilər var idi. Üç yerdə çətindir, iki yer problem deyil”.

error: Məzmun qorunur!
Chosen
29
4
arena.az

10Sources