Quba füsunkar təbiəti ilə seçilən rayonlarımızdandır. Lakin son illər rayonun bəzi kəndlərində məişət tullantılarının düzgün idarə olunmaması ekoloji mühitə zərbə vuran problemlərdən birinə çevrilib.
Təbiətin təmizliyi təkcə insanların sağlamlığı üçün deyil, həm də ətraf mühitin qorunmasından ötrü həyati əhəmiyyət daşıyır. Lakin Quba rayonunun Uzunmeşə kəndi yaxınlığında bu həqiqəti anlayan yoxdur. Olsaydı, ərazidə zibil poliqonu ilə üzləşməzdik. Kənddə zibil qablarının olmaması səbəbindən sakinlər və kəndə gələn turistlər tullantıları meşəyə atır, çaya axıdır və ya yandırmaq məcburiyyətində qalırlar.
Məlumdur ki, tullantıların meşəyə atılması torpağın münbitliyini azaldır, bitkilərin inkişafına mane olur və ekosistemdə tarazlığın pozulmasına gətirib çıxarır. Plastik və digər çürüməyən materiallar torpaqda yüz illərlə qalaraq onun keyfiyyətini korlayır. Çaya atılan zibillər suyun çirklənməsinə, balıq və digər canlıların məhvinə səbəb olur. Yandırılan məişət tullantılarının tüstüsü isə kənd sakinlərinin nəfəs aldıqları havanı zəhərləyir, xüsusən uşaqların və yaşlıların sağlamlığı üçün risk yaradır.
Problem yalnız tullantıların atılması ilə bitmir, bu vəziyyət kəndin turizm potensialına da mənfi təsir edir. Yaşıllığı, təmiz havası ilə seçilən bir kənddə zibillik "mənzərə"si istirahətə gələn qonaqlarda mənfi təəssürat yaradır və turizmin inkişafına mane olur.
Çıxış yolu isə sadədir: kənddə zibil qablarının yerləşdirilməsi, tullantıların toplanması üçün xüsusi nəqliyyatın ayrılması və əhalinin maarifləndirilməsi. Belə olarsa, Uzunmeşənin meşələri və çayları zibil yığını ilə yox, gözəlliyi ilə yadda qalar.
Nərminə ƏSGƏROVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"