EN

Avropada Belarus casus şəbəkəsi aşkarlanaraq ləğv edilib – Çexiya XİN

Çexiya Belarus diplomatını persona non qrata elan edib. Musavat.com xəbər verir ki, məlumatı ČTK xəbər agentliyi yayıb. Bildirilir ki,  Belarus xüsusi xidmət orqanları üçün diplomatik pərdə altında işləyən Belarus səfirliyinin əməkdaşı 72 saat ərzində Çexiyanı tərk etməlidir.

Məlumatda o da bildirilir ki, Çexiyanın Təhlükəsizlik və İnformasiya Xidməti digər Avropa ölkələrinin xüsusi xidmət orqanları ilə birlikdə Belarus kəşfiyyat şəbəkəsini məhv etməyə nail olub. Şəbəkənin Belarusun Təhlükəsizlik Xidməti tərəfindən yaradıldığı qeyd edilir.

Çexiyanın Təhlükəsizlik və İnformasiya Xidmətinin X hesabında bildirilib: "Biz Belarusun kəşfiyyat şəbəkəsini Avropada ləğv etdik! Təhlükəsizlik və İnformasiya Xidməti Rumıniya və Macarıstanın xüsusi xidmət orqanları ilə birlikdə Avropada yaradılan Belarus kəşfiyyat şəbəkəsini uğurla dayandırıb və məhv edib. Bu beynəlxalq əməliyyatla əlaqədar Çexiya Xarici İşlər Nazirliyi Belarusun xüsusi xidmət orqanlarının tərkibində diplomatik ad altında fəaliyyət göstərən zabiti ölkədən çıxarmaq qərarına gəlib".

Çexiyanın xarici işlər naziri Yan Lipavski ČTK üçün şərhində deyib: "Bu hadisə göstərdi ki, biz Şengen zonasını düşmənçilik fəaliyyəti üçün açıq qoya bilmərik. Diplomatik pərdə altında olan agentlər bütün Avropada fəaliyyət göstərmək azadlığına malik ola bilməzlər. Avropa səviyyəsində, ilk növbədə, rus diplomatları ilə bağlı lazımi məhdudiyyətləri təşviq etməyə davam edəcəyəm".

Agentlik xatırladır ki, Çexiya Rusiya diplomatlarının akkreditə olunduqları dövlətlərin ərazisində hərəkətini məhdudlaşdırmağı təklif edir.

 

Musavat.com

Chosen
51
5
musavat.com

8Sources