EN

İdman jurnalistləri: "Futbolçularımız indi əsl problemin Santuşda olduğunu sübut etməlidirlər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İslandiya ilə görüşdə böyükhesablı biabırçılıq, 11 oyundan doqquzunda məğlubiyyət, iki heç-heçə Fernandu Santuşun Azərbaycan millisindən qovulmasına səbəb oldu.
Məsələ ilə bağlı Oxu.Az idman jurnalistlərinin fikirlərini öyrənib:
Kənan Məstəliyev Fernandu Santuşun gedişini yüksək qiymətləndirib.
"Düşünürəm ki, Fernandu Santuşun baş məşqçi postundan göndərilməsi çox doğru qərardır. Bu şəxs təcrübəli olmasına baxmayaraq, Azərbaycan millisinə heç bir xeyir vermədi. Hətta buraya pul qazanmaq üçün gəldiyini də demişdi. Yəni işin mənəvi dəyərində çox geri qaldığını da gördük.
AFFA rəhbərliyini təbrik edirəm ki, çox doğru qərar verdi. Onun yerinə Ayxan Abbasov Ukrayna ilə oyunda millimizi idarə edəcək. Düşünürəm ki, o, yığma komandamız ilə çox uğurlu ola bilər. Hazırda üç namizəd var ki, bunlar da Ayxan Abbasov, Rəşad Sadıqov və Qurban Qurbanovdur. Amma Qurban Qurbanov "Qarabağ"la Çempionlar Liqasına hazırlaşdığı üçün onun milliyə gəlişi doğru olmaz. Ayxan Abbasov və ya Rəşad Sadıqovun gəlişi isə uğurlu ola bilər", - deyə K.Məstəliyev bildirib.
İlkin Sultanlı isə Oxu.Az-a açıqlamasında bildirib ki, AFFA İslandiya ilə görüşdən sonra Fernandu Santuşun "qələmini qırmışdı".
"İslandiya ilə görüşdə böyükhesablı məğlubiyyətdən sonra AFFA-nın Santuşun "qələmini qırdığını" gördük. Sadəcə, bir qədər gec olması təəccüb yaratdı. Məncə, daha tez, oyundan sonra göndərilməli idi. Xeyirli olsun!
Məncə, Azərbaycan millisinə yerli mütəxəssis lazımdır. Hətta Ayxan Abbasov özü qalsa, Fernandu Santuşdan daha uğurlu ola bilər. Bu qərarı alqışlayıram. Təzminat bahasına belə olsa, Santuşun göndərilməsi tamamilə doğru qərar idi", - deyə İ.Sultanlı bildirib.
Oxu.Az-a açıqlamasında Sadiq Kərimli bildirib ki, indi, sadəcə, irəli baxmaq vaxtıdır.
"Portuqaliya yığmasından sonra daim qovulan, taktikası sistemsiz olan, yeni futbol anlayışından xəbərsiz Fernandu Santuşun milli komandamızın çalışdırıcısı postundan ayrılması sevindiricidir. Bu barədə artıq danışmağa dəyməz, çünki Santuş tarixə qovuşdu. İndi isə sırada irəli baxmaq, düzgün seçimlər etmək, komandaya fayda verən və ən əsas - azərbaycanlı baş məşqçiyə ehtiyac var. Çünki vətəndaşı olduğu bir millini çalışdıran baş məşqçi uduzanda mənəvi olaraq pis olacaq.
Əcnəbilər bu posta, sadəcə, iş kimi baxırlar. Ayxan Abbasov yalnız icarədar kimi yaxşı fikirdir, çünki U21 komandamızın çalışdırıcısı odur. Hər iki komandanı çalışdırmaq fikrinin necə yanlış olduğunu Qurban Qurbanov bizə əyani sübut etdi. Qalıb doğru seçim etmək, yerli futbolçuların dilini bilən, Azərbaycan futboluna və futbolçularına bələd olan baş məşqçi gətirmək. Təbii ki, burada bir sıra adlar var - Rəşad Sadıqov, Arif Əsədov, ən pis halda elə Ayxan Abbasov. Qurban Qurbanov isə hələ "Qarabağ"la çox iş görə bilər deyə bu siyahıda olmasa, yaxşıdır. Ümid edirik ki, baş məşqçi postuna bundan sonra komandamızı düzgün formalaşdıran bir şəxs gətiriləcək".
Nazilə Əhmədova da Oxu.Az-a açıqlamasında digər həmkarlarına qatıldığını və AFFA-nın doğru qərar qəbul etdiyini bildirib.
"Fernandu Santuşun millidən göndərilməsi gözlənilən hal idi. İstər milli, istər klub səviyyəli turnirlərdə bu statistika ilə hər hansı məşqçi ilə yola davam edilməsi, sadəcə, sensasiya olardı. Həmçinin daha biabırçı nəticələrə də yol açıla bilərdi.
Santuş gələndə yeni strategiya ilə bağlı səsləndirdiyi fikirlər az da olsa, ümid vəd edirdi. Lakin hamılıqla bu fikirlərin boş xəyaldan ibarət olduğunu gördük.
İndidən proqnoz vermək düzgün olmasa da, fikrimcə, portuqaliyalı baş məşqçi özü ilə birgə DÇ-2026-nın seçmə mərhələsini də apardı. Millimiz mundiala vəsiqə qazanmasa da, ən azı, Santuşla itirilən vaxt səmərəli istifadə edilsə idi, belə biabırçı nəticələr əldə olunmazdı. İndi isə yığmada həmişə dediyimiz milli ruha ehtiyac daha çoxdur. Futbolçularımızın indi əsl problemin F.Santuşda olduğunu sübut etmək üçün özlərini göstərmək imkanı var", - deyə N.Əhmədova bildirib.
Anar Həsənov
Chosen
95
oxu.az

1Sources