EN

Gecə klubunda musiqi üstündə diceyi bıçaqlayan şəxsə cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən İntiqam Salayevin (soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.


Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


İttiham aktına görə, hadisə 21 oktyabr 2024-cü il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Pubar” adlı gecə klubunda qeydə alınıb. Müştəri qismində klubda olan təqsirləndirilən İntiqam Salayevlə orada dicey işləyən, zərərçəkmiş Fərid Əlizadə (soyadı şərtidir) arasında musiqi sifarişinin gec qəbul olunması səbəbindən mübahisə yaranıb.


Mübahisə zamanı zərərçəkmiş şəxs əvvəlcə İntiqam Salayevi yumruqla və sınmış bakalın parçası ilə vuraraq ona sol əl və sol çiyin nahiyəsinin kəsilmiş yaraları, burun və sağ gicgah nahiyələrinin sıyrıqları ilə nəticələnən xəsarətlər yetirib. Bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olub.


Daha sonra təqsirləndirilən şəxs bıçaqla zərərçəkmişə hücum edib. O, Fərid Əlizadəni dəfələrlə vuraraq, sol çiyin nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş yara, alın nahiyəsində kəsilmiş yara və sol bel nahiyəsində daxilə nüfuz edən dərin yara yetirib. Bu xəsarətlərdən sonuncusu həyati təhlükə daşıyan ağır bədən xəsarəti kimi qiymətləndirilib.


Beləliklə, İntiqam Salayev diceyə qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıq edib.


Hadisədən sonra o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


Qeyd: İntiqam Salayev daha əvvəl adam bıçaqladığına görə məhkumluq həyatı yaşayıb.

Kamal Məmmədov 

Tarix: 8 Sentyabr 2025, 08:10   
Chosen
17
3
pravda.az

4Sources