EN

Bakıda yük maşını körpüdən avtomobilin üzərinə aşıb, 2 nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB-5 - VİDEO - FOTO

***

11.41

Sentyabrın 6-da saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

"Son məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hazırda onların müayinə və müalicələri davam etdirilir. 2 nəfərin (kişi cinsli) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb", məlumatda deyilir.

Gülcahan Məmmədova

***

11.29

Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat qəzası baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avtoqəza nəticəsində xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

11.24

Biləcəridə yük maşınının körpüdən avtomobilin üzərinə aşması nəticəsində iki nəfər ölüb.

APA-nın xəbərinə görə, avtomobildən 2 nəfərin meyiti çıxarılıb.

***

11.05

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi paytaxtın Biləcəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

İdarədən APA-ya verilən məlumata görə, sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 6-da saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Hazırki məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın cinsli) tibb müəssisəsinə hospitalizasiya olunur.

1 nəfərin (kişi cinsli) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.

Əlavə məlumat veriləcək.

***

10.41

Biləcəri qəsəbəsində, Sumqayıt istiqamətində yolda qəza baş verib.

APA-nın xəbərinə görə, yük maşını yol ötürücüsündən avtomobilin üzərinə aşıb.

Xəsarət alanların olduğu bildirilir.

***

10.19

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Əlavə məlumat veriləcək.

Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda
Chosen
27
19
apa.az

10Sources