EN

"Azərbaycanın MİQ-29-ları Ukrayna səmasında döyüşür" - bunca absurd?..


Əgər belə bir fakt olsaydı, Rusiya bunu dərhal sübutlarla gündəmə gətirərdi

Erməni mediası "Voevoda veşaet" Telegram kanalında yayımlanan paylaşımı təsdiqlənmiş bir iddia kimi tirajlayır. İstənilən Teleqram və digər soaial şəbəkə istifadəçisi Azərbaycana məxsus döyüş təyarəsinin səmada fotosunu paylaşaraq deyə bilər ki, bu təyyarə Kremli bombalayıb.

Amma təsdiqi yoxdursa, deməli bu, dezinformasiyadır. İndiki halda Azərbaycan və Ukrayna tərəfinin rəsmi açıqlamalarına və müstəqil ekspert təhlilinə əsaslanmadan belə paylaşımları “birbaşa sübut” kimi qəbul etmək ağılsızlıqdan başqa bir şey deyil.

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayanda Lvov və digər şəhərlərdə hərbi infrastruktur da intensiv raket hücumlarına məruz qaldı. Həmin gün yayılan xəbərlərə görə, Lvov Aviasiya-Təmir Zavoduna (Lğvіvsğkiy avіaüіyno-remontniy zavod) də zərbə endirilib. Zavod əsasən MiQ-29 qırıcılarının texniki xidməti və modernləşdirilməsi ilə məşğul olurdu.

Azərbaycanın da bir sıra MiQ-29 təyyarələrinin orada təmir prosesində olduğu haqda məlumatlar mətbuata yayıldı. İddialara görə, həmin qırıcılar zədələnib və ya tamamilə sıradan çıxıb.

Amma rəsmi Bakı bu məsələ ilə bağlı geniş açıqlama vermədi. Yalnız qeyri-rəsmi mənbələrdə Azərbaycan Hərbi Hava Qüvvələrinə aid təyyarələrin zavodda olduğu və raket hücumu nəticəsində itkiyə məruz qaldığı iddia edilirdi. Yəni hələ bu da rəsmən təsdiqlənməyib, qeyri-rəsmi məlumat hesab edilir.

İndi erməni mediası həmin informasiyadan yola çıxaraq dezinformadiya yayir ki, guya həmin döyüş təyyarələri təmir edilərək Ukrayna tərəfindən cəbhədə istifadə edilir. Birincisi, belə bir fakt mövcud deyil, Azərbaycanın Lvov Avaiasiya-Təmir Zavodunda zərər çəkən döyüş təýyarələrinin vəziyyəti və sonrakı taleyi barədə heç bir əsaslı məlumat yoxdur. İkincisi, əgər Ukrayna tərəfi həmin təyyarələrdən cəbhədə istifadə edirsə (hərçənd, bu mümkün deyil, çunki bu məsələyə beynəlxalq nəzarət var), nəyə görə təyyarələrın üzərində Azərbaycan Respublikasına aid nişanlanma aparır? Bu təsdiqlənərsə, Azərbaycan və Ukrayna arasında böyük diplomatik savaşa səbəb ola bilər. Çünki Azərbaycan Ukraynaya heç bir hərbi dəstək verməyib və vermir də...

Bu dezinformasiyanın Ermənistan mediasi tərəfində Rusiya ilə Azərbaycan arasında münasibətlərin həssas dönəmində tirajlanmasi heç də təsadüfi deyil. Ermənilər yenə Azərbaycana qarşı düşmənçiliyi sürdürməkdədir, Azərbaycanın kölgəsini belə qılınclamağa məqam axtarırlar. Belədə isə Ermənistan yalvarır ki, gəlin sülh sazişi imzalayaq.

İnformasiyanın mənbəyi olan “Voevoda veşaet” kimi anonim və təxribat xarakterli Telegram kanalları reytinq naminə təsdiqlənməmiş iddiaları “fakt” kimi təqdim edirlər. Lakin rəsmi media təsdiqlənməmiş informasiyanı tirajlamamalı, etibarli mənbələrə istinad etməlidir. Ermənistan mediası isə bu tip materialları qəsdən süzgəcdən keçirmədən tirajlamaqla informasiya manipulyasiyası edir.

Bu barədə rəsmi açıqlamalar mövcud deyil.

2022-ci ilin fevralında Lvov Aviasiya-Təmir Zavoduna zərbə endirilməsi təsdiqlənmiş faktdır. Lakin orada Azərbaycanın MiQ-29-larının olması və onların dəqiq taleyi barədə nə Bakı, nə də Kiyev rəsmi məlumat verib. Bu da məsələnin açıq qalmasına səbəb olur. Əgər rəsmi açıqlama yoxdursa, hər hansı “foto” və ya sosial şəbəkə paylaşımını sübut kimi qəbul etmək mümkün deyil.

Dezinformasiyanı yayan erməni mediasınin məqsədi Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirmək, Azərbaycan-Ukrayna münasibətlərinə şübhə toxumu səpmək və ölkə daxilində ictimai rəyi çaşdırmaqdır.

Hərbi-texniki reallıq isə tamamilə başqa gerçəkləri ortaya qoyur. Əgər Azərbaycan təyyarələri hava zərbələri zamanı zədələnmişdisə, onların bərpa edilərək Ukrayna tərəfindən döyüşdə istifadəsi birmənalı olaraq mümkün deyil. Çünki hərbi aviasiyanın istismarı ciddi qeydiyyat və beynəlxalq nəzarət tələb edir. Azərbaycan heç vaxt təyyarələrini Ukraynaya vermədiyini bəyan edib. Əgər belə bir fakt olsaydı, Rusiya bunu dərhal sübutlarla gündəmə gətirərdi.

Əgər doğrudan da Azərbaycan təyyarələrinin Ukrayna tərəfindən istifadə edilməsi təsdiqlənsəydi, bu, üç dövlət arasında (Rusiya, Azərbaycan və Ukrayna) ciddi diplomatik böhrana səbəb olardı. Amma hazırda belə bir sübut yoxdur. Ona görə də bu iddia yalnız Ermənistan mediasının siyasi məqsədlərlə yaydığı dezinformasiyadır.

Yekun olaraq qeyd edək ki, Ermənistan mediasının “Azərbaycan təyyarələri Ukraynada döyüşür” iddiası əsasızdır və sübutlarla təsdiqlənməyib. Bu, informasiya müharibəsinin bir hissəsidir. Azərbaycan üçün ən doğru yol yalnız rəsmi mənbələrə və müstəqil ekspert rəylərinə istinad etmək, sosial şəbəkə manipulyasiyalarına uymamaqdır.

Akif NƏSİRLİ

Chosen
28
baki-xeber.com

1Sources