EN

Putin Fitso ilə görüşdə postsovet ölkələri üçün qorxulu fikir söylədi...


Gürcüstan və Ukrayna nümunələri göstərir ki, Moskva belə ölkələrin NATO üzvlüyünə yaxınlaşmasını öz təsir dairəsinə zərbə kimi qəbul edir

Rusiya Prezidenti Vladimir Putin Slovakiya Baş naziri Robert Fitso ilə görüşündə deyib ki, NATO bütün postsovet məkanını öz nəzarəti altına almağa çalışdı, Rusiya buna reaksiya verməyə məcbur oldu.

Rusiya prezidenti yəqin ki, reaksiya dedikdə 2022-ci ilin 24 fevralında Ukraynaya hücumu nəzərdə tutur. Elə isə, Putinin sözlərindən belə çıxır ki, Rusiya NATO-ya qoşulmaq istəyən istənilən postsovet dövlətinə hücum etmək fikrindədir?

Doğrudan da bu müəyyən mənada məntiqə uyğundur.

Baki-xeber.com nəşrinə görə, Putinin dediyi “NATO postsovet məkanını nəzarətə götürməyə çalışdı, Rusiya buna reaksiya verməyə məcbur oldu” sözləri Kreml tərəfindən uzun müddətdir təkrarlanan əsas arqumentdir. Rusiya bu tezisi belə təqdim edir: guya NATO-nun genişlənməsi Rusiyanın “təhlükəsizlik zonası”nı daraldır və Moskva buna görə “önləyici addımlar” atır.

2022-ci ilin 24 fevralında Ukraynaya hücum da məhz bu “reaksiya” kimi izah olunur. Lakin əslində bu arqument iki nəticəyə işarə edir.

Birincisi, Rusiya NATO-ya inteqrasiya etmək istəyən hər bir postsovet ölkəsini “təhlükə” hesab edir.

Gürcüstan və Ukrayna nümunələri göstərir ki, Moskva belə ölkələrin NATO üzvlüyünə yaxınlaşmasını öz təsir dairəsinə zərbə kimi qəbul edir.

İkincisi isə, Kreml “məcburi reaksiya” adı altında hərbi müdaxiləni legitimləşdirməyə çalışır.

Bu, əslində Rusiyanın təhlükəsizliyilə bağlı deyil, geosiyasi nəzarət ambisiyaları ilə bağlıdır.

Yəni Putinin bu yanaşmasından belə nəticə çıxır ki, Rusiya NATO-ya yönələn istənilən postsovet ölkəsinə qarşı müxtəlif təzyiq mexanizmlərindən - informasiya müharibəsindən tutmuş, hərbi təcavüzə qədər - istifadə etməyi istisna etmir.

İndi isə gəlin, postsovet ölkələrinin NATO ilə münasibətlərini və Rusiya tərəfindən onlara qarşı mümkün təhdidləri ayrıca nəzərdən keçirək.

Ukrayna

2014-cü ildən bəri rəsmi olaraq NATO-ya inteqrasiya kursunu seçib, 2022-ci ilin sentyabrında isə sürətləndirilmiş üzvlük üçün müraciət edib.

Ona görə də artıq 2014-dən bəri Krımın ilhaqı və Donbas münaqişəsi ilə başlayan hərbi təcavüz baş verdi, 2022-ci ilin fevralında isə bu, tammiqyaslı müharibəyə çevrildi.

Gürcüstan

2008-ci ildə Buxarest sammitində Gürcüstana NATO üzvlüyünə söz verildi. İndiyədək NATO ilə çox sıx əməkdaşlıq edir.

Bu səbəbdən 2008-ci ildə Abxaziya və Cənubi Osetiyada müharibə baslandı və həmin ərazilər Rusiya tərəfindən işğal olundu. Rusiya Gürcüstanın NATO-ya qoşulmasını əngəlləmək üçün hələ də bu ölkədə hərbi varlığını saxlayır.

Moldova

Rəsmi neytral statusu olsa da, son illər Qərbə inteqrasiya meyli güclənib. NATO ilə əməkdaşlıq edir, lakin üzvlük istəyini bildirməyib.

Dnestryanı bölgədə Rusiya hərbçiləri yerləşib. Kreml bu bölgədən təzyiq aləti kimi istifadə edir. Moldova tam NATO kursu seçsə, separatçılıq və xaos risqi artacaq.

Baltik ölkələri (Estoniya, Latviya, Litva)

Artıq 2004-dən bu ölkələr NATO üzvləridir.

Bu ölkələrə qarşı Rusiya tərəfindən açıq hərbi hücum çox çətindir. Çünki dərhal NATO Nizamnaməsinin 5-ci maddəsi işə düşəcək. Amma hibrid müharibə, kibertəhlükələr, rusdilli əhalidən istifadə etmə kimi təhdidlər qalır.

Azərbaycan

NATO ilə tərəfdaşlıq var, amma üzvlük planı yoxdur. Azərbaycan balanslı xarici siyasət yürüdür.

NATO-ya inteqrasiya istəyi açıqlansa, Moskva həm Qarabağ, həm də iqtisadi təzyiqlərdən istifadə edə bilər. Hazırda balans siyasəti Rusiyanın təxribatını minimuma endirir.

Ermənistan

KTMT üzvüdür, amma Qərbə yaxınlaşmaq cəhdləri var. NATO ilə əməkdaşlıq edir, lakin üzvlük müraciəti mövcud deyil.

Rusiyanın Ermənistana qarşı açıq hərbi güc işlətmə ehtimalı çox azdır, amma daxili siyasi təzyiq, iqtisadi təsir və sərhəd təhlükəsizliyində asılılıq aləti ilə onu nəzarətdə saxlayır.

Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan)

Bu ölkələr NATO-ya üzvlük istəmirlər, əsasən neytral və ya Rusiya-Çin blokuna bağlıdırlar.

Əgər kimsə NATO-ya yaxınlaşsa, Rusiya sərhəd münaqişələri, etnik faktorlar və iqtisadi asılılıqdan istifadə edər. Xüsusilə Qazaxıstanda rusdilli əhalinin çoxluğu “təhlükə bəhanəsi” olaraq qalır.

Beləliklə, ən yüksək risq zonası: Ukrayna, Gürcüstan, Moldovadır.

Nisbətən təhlükəsiz (amma hibrid təhdidlər altında): Baltik ölkələri sayıla bilər.

Balanslı siyasət aparan ölkələr sırasına isə Azərbaycan və Mərkəzi Asiya dövlətlərini aid etmək olar.

Rusiya təsirindən çıxmaq istəyən, amma hələ cəsarət etməyən isə Ermənistandır.

Akif NƏSİRLİ

Chosen
33
50
baki-xeber.com

10Sources