EN

Dölün cinsiyyətinin formalaşması: abortun yaratdığı risklər HƏKİM DANIŞDI

ain.az, Sia Az saytına istinadən bildirir.

“Hamiləliyin erkən dövrlərində dölün cinsiyyətinin formalaşması ilə bağlı müxtəlif tibbi və genetik faktorlar mühüm rol oynayır. 12-ci həftədən etibarən dölün cinsiyyətinin müəyyənləşdirilməsi daha aydın şəkildə mümkün olur. Bu mərhələdən sonra aparılan abortlar isə həm tibbi, həm də psixoloji baxımdan daha mürəkkəb nəticələr doğura bilir. Belə abortların icrası zamanı müxtəlif fəsadlar – ağır qanaxmalar, uşaqlıq perforasiyası, septiki iltihablar və sonrakı reproduktiv problemlər yarana bilər”. Bu sözləri SİA-ya açıqlamasında ixtisaslaşmış həkim, mama-ginekoloq Nailə Əzizova deyib.

Nailə Əzizova sözlərinə belə davam edib: “Abortun yalnız tibbi deyil, həm də emosional və psixoloji nəticələri mövcuddur. Ana üçün travmatik təsirlər, uzunmüddətli psixoloji gərginlik, hətta depressiv sindromların yaranması müşahidə oluna bilər. Buna görə də müasir tibbdə abortların qarşısının alınması üçün profilaktik tədbirlər – ailə planlaşdırılması, kontraseptiv üsulların düzgün istifadəsi və maarifləndirici işlər xüsusi əhəmiyyət daşıyır.

Genetik və bioloji əsaslar

Dölün cinsiyyəti spermatozoidlərin xromosom tərkibindən asılı olaraq müəyyənləşir. Qadınlarda xromosom komplekti XX, kişilərdə isə XY şəklindədir. Yumurta hüceyrəsi hər zaman X xromosomu daşıyır. Əgər mayalanmada iştirak edən spermatozoid X xromosomu gətirirsə, döl qız (XX) olur; əgər Y xromosomu gətirirsə, döl oğlan (XY) olur.

Bioloji baxımdan Y xromosomu daşıyan spermatozoidlər daha sürətli hərəkət edir, lakin onların ömrü nisbətən qısadır (təxminən 12–18 saat). X xromosomu daşıyan spermatozoidlər isə daha yavaş hərəkət edir, lakin daha uzun müddət (təxminən 48 saat) yaşama qabiliyyətini saxlayır. Bu səbəbdən ovulyasiya vaxtı və spermanın döllənmə qabiliyyəti dölün cinsiyyətinin formalaşmasına müəyyən qədər təsir göstərə bilər.

Tibbi müayinələr

Hamiləliyin 7–8-ci həftələrindən etibarən müxtəlif analizlər vasitəsilə dölün cinsiyyətini müəyyənləşdirmək mümkündür. 12-ci həftədən sonra isə ultrasəs müayinəsi ilə daha dəqiq nəticə əldə olunur. Bununla belə, bu analizlərin etibarlılıq səviyyəsi 80% civarındadır və yalnız genetik testlər tam dəqiqlik təmin edə bilir.

Hamiləliyin planlaşdırılması və düzgün nəzarəti həm ana, həm də uşaq sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir. Əsas məqsəd sağlam, möhkəm və sağlam ruhlu övladın dünyaya gəlməsini təmin etməkdir. Cinsiyyət fərqindən asılı olmayaraq, valideynlərin övladlarını sağlam böyütmək və düzgün tərbiyə etmək məsuliyyəti əsas götürülməlidir”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
1
sia.az

2Sources