EN

Eltun Süleymanov : "Prezident İlham Əliyevin Əl-Ərəbiyyə telekanalına müsahibəsi diplomatik ustalıq və strateji mesajdır "



Cənab Prezident İlham Əliyevin Əl-Ərəbiyyə televiziyasına müsahibəsi həm siyasi, həm diplomatik, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan Cənubi Qafqazda regional güc mərkəzi olmaqla yanaşı, beynəlxalq münasibətlərdə də söz sahibidir. Prezidentin mesajları təkcə bölgəyə deyil, həm də qlobal siyasətə ünvanlanmış strateji mövqeləri ifadə etdi. Bir daha Azərbaycanın regional güc statusunun təsdiqlədi.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, diplomatik uğurlar və qlobal əməkdaşlıq, eləcə də Azərbaycanın balanslaşdırılmış xarici siyasəti müsahibədə də aydın göründü. Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz həm region dövlətləri, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıqda sabitlik və inkişaf amilinə çevrilib. Onun sözləri, əslində, Azərbaycanın həm İslam dünyasında, həm də Qərb və Şərq arasında körpü rolu oynadığını bir daha nümayiş etdirdi. Cənab Prezident İlham Əliyev Donald Trampın vasitəçilik səyləri ilə Ermənistan və Azərbaycan arasında imzalanmış həmin tarixi razılaşmaya aid ilk suala cavabında xüsusi vurğuladı ki, “ Düşünürəm ki, avqustun 8-də Vaşinqtonda baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu deməkdir. Danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var - Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur. Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal sülh sazişi də imzalanacaq. Lakin fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır”. Müsahibənin ən mühüm məqamlarından biri cənab Prezidentin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi idi. Prezident İlham Əliyev bəyan etdi ki, bu yol təkcə Azərbaycan üçün deyil, bütövlükdə region və qlobal nəqliyyat şəbəkəsi üçün strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Zəngəzur dəhlizi yeni iqtisadi fürsətlər açacaq, türk dünyasını birləşdirəcək və Avrasiyanın ticarət xəritəsini yenidən formalaşdıracaq. Bu, Azərbaycanın təkcə enerji layihələri ilə deyil, həm də nəqliyyat və logistika sahəsində qlobal mərkəzə çevrilmək siyasətinin davamıdır.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın sülh təşəbbüslərini xüsusi vurğuladı. O, Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu, Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu qeyd etdi. İndi əsas məqsəd bölgədə uzunmüddətli sabitlik, qarşılıqlı etimad və iqtisadi inteqrasiyanı təmin etməkdir. Bu, həm Ermənistan üçün yeni imkanların açılması, həm də region xalqlarının rifahı baxımından böyük əhəmiyyət daşıyır. Müsahibədəki çıxışların tonunda iki mühüm mesaj ön planda idi. Azərbaycan artıq münaqişədən qalib çıxmış dövlət kimi diktə edən tərəfdir və Azərbaycanın siyasəti yalnız milli maraqlara deyil, həm də regional sabitliyə xidmət edir. Bu yanaşma həm İslam aləmi, həm də beynəlxalq ictimaiyyət üçün açıq mesajdır. Yəni, Azərbaycan sabitliyin, əməkdaşlığın və inkişafın tərəfdarıdır. Əl-Ərəbiyyə televiziyasına müsahibə Azərbaycanın beynəlxalq mövqeyini bir daha möhkəmləndirdi. Cənab Prezident İlham Əliyev həm diplomatik ustalığını, həm də strateji baxışını nümayiş etdirərək, Azərbaycanın qlobal arenada etibarlı tərəfdaş və sabitlik dayağı olduğunu sübut etdi-deyə E. Süleymanov fikrini tamamlayıb.



Chosen
52
aia.az

1Sources