EN

"Fəal siyasi dialoq iqtisadi inteqrasiyanın dərinləşməsinə təkan verir" - Deputat

"Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistanın Avaza şəhərinə səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcını göstərir, digər tərəfdən isə regional əməkdaşlıq baxımından strateji nəticələr doğurur. Son illərdə bu ölkələr arasında əlaqələrin yüksələn xətlə inkişafı müşahidə olunur. Xalqlarımızı birləşdirən tarixi, mədəni və mənəvi körpülər dövlətlərarası münasibətlərin də möhkəm təməllər üzərində qurulmasına imkan yaradır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.

Deputat bildirib ki, iyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfəri çərçivəsində həm Bakıda, həm də Qarabağ bölgəsində müxtəlif görüşlər keçirərək ölkəmizin sosial-iqtisadi və mədəni həyatındakı proseslərlə yaxından tanış olub. Bu səfərin gedişində iki dövlət arasında mövqelərin siyasi, iqtisadi və humanitar sahələrdə üst-üstə düşdüyü bir daha təsdiqlənib. Avaza şəhərində keçirilən son görüşlər çərçivəsində imzalanan sənədlər arasında Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması haqqında razılaşma xüsusi əhəmiyyət daşıyır. Həmin sənəd təkcə şəhərlər arasında deyil, bütövlükdə xalqlar arasında möhkəmlənmiş dostluğun və qardaşlığın təzahürü kimi qiymətləndirilir. Bu razılaşma Azərbaycanla Türkmənistan arasında münasibətlərin gələcək inkişafına yeni impuls verən bir addım kimi dəyərləndirilir, həmçinin qarşılıqlı mədəniyyət mübadiləsini, iqtisadi əməkdaşlığı və sosial layihələrin icrasını stimullaşdıracaq. Həmçinin, belə bir təşəbbüs xalqlar arasında ümumi dəyərlərin qorunmasına, ortaq tarix və mədəni irsin təbliğ olunmasına xidmət edəcək. Bu cür layihələr təkcə rəsmi səviyyədə deyil, həm də cəmiyyətlər arasında təmasların möhkəmlənməsinə səbəb olur və gələcəkdə daha geniş əməkdaşlıq platformalarının yaranmasına zəmin hazırlayır. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Bu, əslində, bizim qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır”.

Avaza şəhərində keçirilən yüksək səviyyəli üçtərəfli görüş Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yeni əməkdaşlıq formatının əsasını qoyub. Bu toplantı region üçün tarixi hadisə hesab olunur. Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında həyata keçirilən genişmiqyaslı quruculuq işləri qardaş ölkələrin dəstəyi ilə daha da sürətlənir. Türkmənistan bu istiqamətdə xüsusi təşəbbüs nümayiş etdirərək Füzuli şəhərində məscid inşa edəcək. Artıq məscidin memarlıq layihəsi hazırdır və yaxın gələcəkdə təməlqoyma mərasimi keçiriləcək. Bu addım həm türkmən xalqının, həm də onun liderlərinin Azərbaycana və azərbaycanlılara dərin qardaşlıq münasibətinin təcəssümü kimi qəbul edilir.

Özbəkistan da Qarabağın dirçəldilməsində fəal şəkildə iştirak edir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Xankəndidə iri tikiş fabriki fəaliyyətə başlayıb. Bundan əlavə, Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəb inşa edilərək istifadəyə verilib. Bu təhsil ocağı Azərbaycan və Özbəkistan xalqları arasında mənəvi əlaqələrin möhkəmlənməsinə də xidmət edir.

Avaza görüşü regional sülhə, tərəfdaşlığa və yeni inkişaf perspektivlərinə xidmət edən əməkdaşlığın təməlini qoyur. Türkdilli dövlətlərin birliyi xalqların rifahına, qarşılıqlı etimada və regional sabitliyin möhkəmlənməsinə böyük töhfə verəcək. Gələcəkdə isə bu əməkdaşlıq modelinin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpüyə çevrilməsi tamamilə realdır".

Chosen
66
2
unikal.az

10Sources