EN

“Abituriyentlər üçün uğursuzluq da bir fürsətdir” - PSİXOLOQ

Ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələrinə əsasən, müsabiqədə iştirak edən 31520 nəfər tələbə adını qazana bilməyib. Universitetə qəbul ola bilməyənlər arasında 500-600-dən çox bal toplayan abituriyentlər də var. Tələbə adını qazana bilməmək gənc üçün ciddi psixoloji sarsıntı yaradır. Bu məqamda onu düzgün şəkildə toparlamaq, emosional dəstək vermək və yenidən inandırmaq həyati əhəmiyyət daşıyır. Tələbə adını qazana bilməmək - həyatın sonu deyil, yeni bir mərhələnin başlanğıcıdır. Bu mərhələdə əsas məsələ uşağın ruhdan düşməsinə imkan verməmək, onu sevgi, anlayış və düzgün istiqamətlə toparlamaqdır. Hər bir uğursuzluq içində bir fürsət daşıyır – onu görmək üçün sadəcə bir az sakitlik, inam və yeni plan lazımdır.

Bu mərhələdə valideynlərin reaksiyası xüsusilə həlledici rol oynayır. Tənqid və müqayisə əvəzinə dəstək və anlayış lazımdır.  "Bacarmadın!", "Filankəs keçdi, sən keçə bilmədin" demək əvəzinə, "Bu, sadəcə bir mərhələdir", "Sənin dəyərin bir imtahanla ölçülmür" kimi sözləri ilə ona dəstək vermək, təsəlli etmək ən doğru olandır. Uşağın psixoloji sağlamlığını qorumaq üçün onu anlamağa çalışmaq, onunla açıq danışmaq və yanında olduğunu hiss etdirmək vacibdir.

Psixoloq Arifə Məmmədovanın sözlərinə görə, tələbə adını qazana bilməyən uşağın özünü toparlaması üçün psixoloq baxımından yanaşma çox vacibdir. Belə bir situasiyada gəncin yaşadığı emosional sarsıntını düzgün qiymətləndirmək və ona psixoloji dəstək vermək vacibdir. Ona uğursuzluğu “şəxsiyyət problemi” kimi deyil, “situasiya problemi” kimi izah etmək lazımdır.  Bir çox gənc ali məktəbə qəbul ola bilmədikdə bunu “Mən uğursuzam”, “Mən bacarıqsızam” kimi qəbul edir. Psixoloq olaraq burada düşüncə formasını dəyişmək əsas məqsəddir. Bu il istədiyin nəticəni əldə edə bilmədin. Bu, sənin kim olduğunu göstərmir. Sadəcə, hazırlaşma prosesində bəzi boşluqlar olub və bunları aradan qaldırmaq mümkündür. Psixoloji baxımdan emosiyalar basdırıldıqca daha dərin zədələrə səbəb ola bilər. Gəncə ağlamaq, susmaq, danışmaq və ya qısa müddət özünə çəkilmək üçün emosional icazə verilməlidir: “İmtahanda uğursuzluqla qarşılaşan gəncin yaşadığı hissləri “şişirtmə” və ya “əsassız” kimi görmək doğru yanaşma deyil. Bəzən bir gənc üçün bu cür uğursuzluq şəxsiyyətin sarsılması kimi hiss oluna bilər. Valideyn sadəcə bu məqamda övladının yanında olub, onu dinləmək, müdaxilə etmədən varlığınını hiss etdirməlidir. Gəncin özgüvəni zədələndiyi üçün müsbət tərəflərinə fokuslanmaq önəmlidir. Bir imtahan nəticəsi gəncdə həyat boyu uğursuz olacağına dair qorxu yarada bilər. Bu qorxunu aradan qaldırmaq çox vacibdir. Valideyn münasibəti bu qorxunu aradan qaldırıb gəncin tez bir zamanda toparlanmasına köməklik göstərə bilər. Tövsiyyə edirəm ki, valideynlər övladlarına dəstək versinlər, amma təzyiq etməsinlər. Tənqid yox, vəziyyəti təhlil etsinlər. Uşağı başqaları ilə müqayisə etməmək, onunla birlikdə plan qurub, amma məsuliyyəti onun özünə buraxmaq lazımdır. “Gənc hiss etməlidir ki, o bir nəticəyə görə sevilmir və dəyərləndirilmir. O, bir fərd kimi dəyərlidir. Bu, onun emosional təhlükəsizliyinin bərpası üçün əsas şərtdir”.

İmtahanlar ağır xəstəliklərə səbəb olur - Hansı addımlar atılmalıdır...

Psixoloq bildirib ki, psixoloji motivasiyanın qalıcı olması üçün gənc uzaq və çətin hədəflər deyil, günlük və kiçik nailiyyətlər üzərində işləməlidir. Məsələn, bu gün 1 mövzu öyrənmək, 20 test sualı həll etmək, 30 dəqiqə idman etmək və.s. Bu sadə addımların uğurla tamamlanması dopamin ifrazını artırır və beyin “uğur əldə etdim” siqnalı alır. Bu isə motivasiyanın əsas açarıdır: “Uşaqda uzun müddətli özünə qapanma, yuxusuzluq, iştahsızlıq, davamlı özünü günahlandırma halı varsa, depressiv əlamətlər müşahidə olunursa, bu zaman peşəkar psixoloq müdaxiləsi vacibdir. Sadəcə ailə dəstəyi bəzən kifayət etməyə bilər və vaxtında müdaxilə gələcək fəsadların qarşısını ala bilər”.

Arifə Məmmədovanın dediyinə görə, gənclər üçün imtahan yalnız bir qiymətləndirmə vasitəsi deyil, bəzən özlərini sübut etmə və dəyərli olduqlarını göstərmə vasitəsidir. Uğursuz nəticə isə onları dərin bir psixoloji boşluğa sala bilər: “İmtahanda uğursuzluqla üzləşən gənc özünü bacarıqsız hiss edir, öz dəyərini şübhə altına alır, cəmiyyətdəki yerini və gələcəyini sual edir, depressiyaya və ya sosial təcridə meyil göstərir. Əgər bu anda valideynlər və yaxın ətraf təzyiqli, qınayıcı və müqayisəli davranarsa, gəncin vəziyyəti daha da ağırlaşır. “Sən bizim ümidimizi puça çıxardın”, “Dostun keçdi, sən keçə bilmədin?”, “İndi utan, camaat nə deyəcək?”, “Sənə xərclədiyim hər şey boşa getdi” kimi ifadələr gənci yalnız depressiyaya salmır, həm də onunla psixoloji bağların qırılmasına səbəb olur. Gənc artıq evini təhlükəsiz yer yox, təzyiq və tənqid məkanı kimi görməyə başlayır. Ona görə də anlayış göstərmək, qəti şəkildə qınamamaq, müqayisə etmək, təzyiq göstərməmək lazımdır. İmtahandan sonra sarsılmış, özünə qapanmış gənc dəstəyə, anlayışa və şəfqətə ehtiyac duyur - təzyiqə və qınağa yox. Əgər ailə və cəmiyyət ona bu anlayışı göstərsə, o, çox qısa müddətdə toparlana, yenidən gücünü bərpa edə və hədəflərinə doğru irəliləyə bilər. Ən əsas olan onu dinləmək, anlamalı və sevgi ilə müşayiət etməkdir”.

Psixoloq qeyd edəb ki, bir çox hallarda gəncin uğursuzluqdan sonra keçirdiyi emosional gərginliyin əsas səbəbi imtahanın özü yox, ətrafın reaksiyasıdır. Valideyn, müəllim, qohum, qonşu və sosial media mühitinin təzyiqi gəncin özünə inamını məhv edə bilər: “Müşahidələr göstərir ki, imtahandan sonra toparlana bilməyən gənclərin çoxunda real, şəxsən mənimsənilmiş bir hədəf yoxdur. Sadəcə valideyn və ya cəmiyyətin tələbi ilə oxuyan gənc uğursuzluq yaşadıqda, boşluğa düşür”.

Nərmin Qarazadə

Chosen
30
azedu.az

1Sources