EN

REGİONAL ƏMƏKDAŞLIQDA YENİ MƏRHƏLƏ - Qəvami Sadıqbəyli yazır

Son günlər gündəmə gələn – Rusiya qazının Azərbaycan üzərindən İrana nəqli ilə bağlı açıqlamalar regiondakı enerji xəritəsində strateji dəyişikliklərin xəbərçisi kimi dəyərləndirilə bilər. 

İranın Rusiyadakı səfiri Kazım Cəlalinin sözlərinə görə, “Qazprom”la danışıqlarda əksər məsələlər razılaşdırılıb, yalnız qiymət mexanizminin dəqiqləşdirilməsi qalır. Rusiya energetika naziri Sergey Tsivilev də hələ ötən iclaslardan birində bu layihənin 2025-ci ildən etibarən reallaşdırılacağını bəyan etmişdi. İlkin mərhələdə Azərbaycan üzərindən İrana ildə 1,8 milyard kubmetr qazın nəql olunması planlaşdırılır.

Hazırkı mürəkkəb geosiyasi şəraitdə enerji resurslarının tranziti yalnız iqtisadi deyil, həm də siyasi təsir alətidir. Rusiya Qərb tərəfindən sərt sanksiyalarla üz-üzə qaldığı bir vaxtda öz qazını yeni marşrutlarla ixrac etməyə çalışır. İran da daxili istehlakını tənzimləmək və regiondakı mövqeyini gücləndirmək üçün əlavə mənbələrə maraq göstərir.

Azərbaycan isə bu əməkdaşlıqda körpü rolunu oynayır. Bakı üçün əsas məqam balanslaşdırılmış siyasət yürütmək, həm qonşularla münasibətləri qorumaq, həm də Qərb tərəfdaşları ilə strateji əməkdaşlığı davam etdirməkdir.

 Azərbaycanın bu prosesdə iştirak etməsi ölkəmizə bir neçə mühüm üstünlük gətirir:

1. Azərbaycan artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixrac edən etibarlı tərəfdaş kimi tanınır.

Bakının Rusiya–İran xəttində iştirakı isə tranzit ölkə kimi Dövlətimizin regional əhəmiyyətini daha da artırır.

2. Qaz nəqlinə görə tranzit haqqı, əlavə infrastruktur layihələri və xidmətlər Azərbaycanın dövlət büdcəsinə ciddi gəlirlər qazandıracaq. Bu, ölkənin iqtisadi dayanıqlığını gücləndirəcək.

3.Bakı uzun illərdir “müstəqil xarici siyasət kursu” həyata keçirir. Bu layihədə iştirak etməklə Azərbaycan həm Moskva, həm Tehranla münasibətlərini möhkəmləndirir ; həm də Qərblə münasibətlərində balansı qorumağa nail olur.

4.Azərbaycan hər zaman regionda sülh və əməkdaşlığın tərəfdarı kimi çıxış edib. Enerji əməkdaşlığı qarşıdurmanı azaldan, qarşılıqlı asılılığı artıran mühüm vasitə kimi regional əməkdaşlığa töhvə verəcək.

Layihənin uğurla reallaşması Azərbaycanı Yaxın Şərq–Qafqaz–Avropa enerji xəritəsində daha vacib mərkəzi oyunçuya çevirəcək. Bununla yanaşı, rəsmi Bakı gələcəkdə qaz nəqlində diversifikasiya imkanlarını genişləndirəcək. 

Yəni Azərbaycan öz qazını yalnız Avropaya deyil, həm də İrana, Gürcüstana və Türkiyə üzərindən digər ölkələrə satmaq imkanı əldə edə biləcək və bununla da həm iqtisadi, həm də siyasi manevr qabiliyyətini artıracaq.

Azərbaycanın bu qərarı rəsmi Bakının strateji uzaqgörənliyini təsdiqləyir. Bu, həm iqtisadi baxımdan faydalı olacaq, həm də ölkəmizin regional və qlobal miqyasda etibarlı tərəfdaş imicini daha da möhkəmləndirəcək.

Qəvami SADIQBƏYLİ 

Chosen
11
1
hurriyyet.az

2Sources