EN

Sağlam pəhriz və idman diabet riskini azaldır - ARAŞDIRMA

Bakı, 26 avqust, AZƏRTAC

Aralıq dənizi pəhrizi, kalori qəbulunun azaldılması və müntəzəm fiziki fəaliyyət 2-ci tip diabet riskini 31 faiz aşağı sala bilər.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, bununla bağlı araşdırma “Annals of Internal Medicine” jurnalında dərc olunub.

Araşdırmaya əsasən, tədqiqatçılar 4 min 746 nəfəri 6 il ərzində izləyiblər. İştirakçılar 55-75 yaş arası, artıq çəkili və ya obez şəxslər olublar. Onlar aşağıdakı iki qrupa bölünüblər:

• Müdaxilə qrupu – Aralıq dənizi pəhrizinə əməl edib, gündəlik kalorini azaldıb, orta fiziki fəaliyyətlə məşğul olub (sürətli gəzinti, güc və balans məşqləri) və arıqlamaq üçün peşəkar dəstək alıb.

• Nəzarət qrupu – Yalnız Aralıq dənizi pəhrizinə əməl edib, lakin kalori məhdudiyyəti tətbiq olunmayıb və əlavə dəstək almayıb.

Nəticələrə əsasən, müdaxilə qrupunda diabet riski 31 faiz daha az olub. Həmçinin onlar orta hesabla 3,3 kiloqram arıqlayıblar və belin ətrafında 3,6 santimetr azalma müşahidə edilib.

Professor Frank Hu bildirib ki, sadə və davamlı həyat tərzi dəyişiklikləri milyonlarla insanda diabetin qarşısını ala bilər. Professor Miguel Martinez-Qonzalez isə diqqətə çatdırıb ki, bu yanaşma hər 100 nəfərdən 3-də diabetin qarşısını alır və ictimai sağlamlığa mühüm fayda verir.

 

Chosen
32
1
azertag.az

2Sources