EN

AİB ölkəmizdə iqlimə davamlığı dəstəkləyir

Asiya İnkişaf Bankının (AİB) məlumatına görə, bu maliyyə qurumu Azərbaycanla 2025-2029-cu illər üçün Tərəfdaşlıq Strategiyasına əsaslanaraq Azərbaycan infrastrukturunun iqlimə davamlığının artırılması ilə bağlı layihələr hazırlayacaq.

Bildirilir ki, Azərbaycan davamlı iqtisadi artımı poza biləcək müxtəlif təbii təhlükələrə məruz qalır. Su ehtiyatlarının çatışmazlığı kənd təsərrüfatı istehsalı, məşğulluq, su təchizatı və su – elektrik enerjisi istehsalı üçün ciddi təhlükə yaradır. Buzlaqların əriməsi güclü daşqınlara, torpaqların deqradasiyasına və su anbarları kimi infrastrukturun zədələnməsinə səbəb olur. Bu riskləri azaltmaq üçün AİB qarşısında iqlimə davamlı infrastrukturun yaradılması, ekosistemlərin və həssas icmaların qorunması qarşıya mühüm vəzifə kimi qoyulur.

AİB-in məlumatına görə, Azərbaycan zəngin təbii ehtiyatlara və müxtəlif iqlim qurşaqlarına malikdir. Qlobal istixana qazı emissiyaları nəticəsində ölkə səhralaşma, su qıtlığının artması və dəniz səviyyəsinin aşağı düşməsi də daxil olmaqla iqlim dəyişikliyinin ciddi təsirləri ilə üzləşir. Bu çağırışlara uyğun olaraq 2024-cü ildə iqlim dəyişikliyinə uyğunlaşma üzrə hazırlanan milli proqramın icrası nəticəsində əldə edilən töhfələrin 2025-ci ildə elan olunması nəzərdə tutulur.

Azərbaycan hazırda özəl investorların fəal iştirakı ilə bərpa olunan enerjinin ümumi quraşdırılmış istehsal gücündə, o cümlədən ixracda payının artırılması istiqamətində fəal iş aparır. Eyni zamanda aşağı karbonlu regional nəqliyyat və logistika şəbəkələrinə investisiya qoymaqla gəlirləri diversifikasiya etməyi planlaşdırılır. Digər məqsəd bacarıqların inkişafı, iqlimə davamlı infrastruktur, yüksək əlavə dəyərli kənd təsərrüfatı məhsulları, eləcə də kiçik və orta biznesə dəstək proqramları vasitəsilə regionlarda məhsuldarlığı artırmaqdır.

Beynəlxalq maliyyə təşkilatı olan AİB 1966-cı ildə yaradılıb. Əsas məqsədi Asiya məkanında, bütövlükdə Şərq ölkələrində iqtisadiyyatın inkişafına yardım göstərməkdən ibarət olan bankın baş ofisi Filippinin Manila şəhərində yerləşir. AİB-ni maliyyələşdirən 67 üzv ölkə var ki, onlardan 48-i Asiya və Sakit Okeanı regionunda yerləşir.

Azərbaycan Respublikası 1999-cu il oktyabrın 20-də Asiya İnkişaf Bankına üzvlüyə qəbul olunub. 2004-cü ilin noyabr ayından etibarən isə təşkilatın ölkəmizdə nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanın AİB-in səhmlərində payı 0,447 faiz təşkil edir.

Chosen
8
1
xalqqazeti.az

2Sources