Azərbaycan, Türkmənistan və Özbəkistan arasında münasibətlər tarixi, mədəni və iqtisadi bağlılıqlara əsaslanır. Bu ölkələr türksoylu xalqlar olaraq ortaq dəyərləri paylaşır və bir çox sahədə oxşar maraqlara sahibdirlər. Azərbaycan–Türkmənistan və Azərbaycan–Özbəkistan münasibətləri müstəqillik illərindən etibarən qarşılıqlı hörmət və qeyri-müdaxilə prinsipləri üzərində qurulub.
Bu barədə Milli Məclisin deputatı Pərvanə Vəliyeva Ölkə.Az-a açıqlamasında bildirib. O deyib ki, hər üç ölkə beynəlxalq təşkilatlar – xüsusilə Türk Dövlətləri Təşkilatı, BMT və Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq edir:
“Azərbaycan, Türkmənistan və Özbəkistan türkdilli dövlətlər kimi ortaq tarixi, mədəniyyəti və dili paylaşır. Bu ortaq xüsusiyyətlər onların siyasi əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər, sammitlər, beynəlxalq tədbirlərdə fəal iştirak, regionda sülh, sabitlik və təhlükəsizlik məsələlərində oxşar mövqelər nümayiş olunur”.
Deputat xatırladıb ki, 3–4 iyul 2025-ci il tarixlərində Qarabağın Xankəndi şəhərində yeni inşa edilmiş Konqres Mərkəzində Azərbaycan, Türkmənistan və Özbəkistan rəhbərlərinin iştirakı ilə keçirilmiş 17-ci ECO Zirvə görüşü də əməkdaşlığın bariz nümunəsidir:
“Bu Zirvə görüşü ‘Dayanıqlı və iqlim dəyişikliyinə davamlı bir gələcək üçün yeni ECO vizyonu’ mövzusu ətrafında qurulmuşdu. Görüşün sonunda qəbul edilən Xankəndi Kommunikəsi bölgədə bərpa işlərinin qiymətləndirilməsi və sülhün möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdı”.
Pərvanə Vəliyeva vurğulayıb ki, həmin görüşün davamı olaraq avqustun 22-də Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri çərçivəsində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli üçtərəfli görüş keçirildi və bir sıra mühüm razılaşmalar əldə olundu:
“Bu görüş üç dost və qardaş dövlət arasında yeni strateji əməkdaşlıq dövrünün başlanğıcı oldu. Azərbaycan–Türkmənistan–Özbəkistan dostluğu xalqların iradəsinə əsaslanan dərin qardaşlığın nəticəsidir və münasibətlər getdikcə yeni üfüqlərə doğru inkişaf edir”.
Deputat əlavə edib ki, görüş çərçivəsində imzalanmış sənədlər bu əməkdaşlığın mahiyyətini göstərir:
“Üç dövlətin birgə bəyanatı ilə yanaşı, Azərbaycan–Türkmənistan–Özbəkistan arasında nəqliyyat-logistika əməkdaşlığına dair Anlaşma Memorandumu, Azərbaycan (Füzuli) və Türkmənistan (Arxadağ) şəhərləri arasında qardaşlaşma protokolu, eləcə də Azərbaycanla Türkmənhavayolları arasında beynəlxalq hava əlaqələrinin inkişafına dair memorandum imzalandı”.
Onun sözlərinə görə, bütün bu mühüm addımlar yaxın gələcəkdə regional əməkdaşlığın dərinləşməsi, iqtisadi artımın sürətlənməsi, Türk dünyasının birliyinin möhkəmlənməsi və qlobal arenada daha güclü çıxışların təmin olunması üçün geniş imkanlar yaradacaq.