EN

Qarabağda sənaye "bum"u: 500 milyon manatlıq istehsal, 18 milyonluq ixrac

İşğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parkları regionun sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayır.

Bu Sənaye Məhəlləsində 6 ayda 19 milyon manatlıq məhsul istehsal edilib

FED.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərin sənaye potensialının reallaşdırılması, regionda istehsal sektorunun inkişafı, mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə olunması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə regionda yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında innovativ metodların cəlb edilməsi ilə sənaye istehsalının qurulması, rəqabətqabiliyyətli məhsul istehsalı, qabaqcıl texnologiyaların geniş tətbiqi istiqamətində sistemli tədbirlər görülür.

Azərbaycan Respublikası Prezidentinin 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılan Ağdam Sənaye Parkında investisiya portfeli 285 milyon manatdan çox olan 30 rezident və 4 qeyri-rezident qeydiyyatdan keçib. Rezident sayına görə ölkə üzrə ikinci yerdə olan sənaye parkında sahibkarlar tərəfindən görülmüş işlərə 138 milyon manata yaxın investisiya yatırılıb, 900-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Sənaye Parkında fəaliyyətə başladığı müddətdən indiyədək təxminən 500 milyon manat dəyərində məhsul istehsal olunub, bunun təxminən 18 milyon manatlıq hissəsi ixrac edilib. Burada əsasən tikinti materiallarının, tütün məmulatlarının, müxtəlif növ ayaqqabıların, havalandırma, yanğınsöndürmə və metal məmulatlarının, dəmiryolu avadanlıqlarının, elektirk avadanlıqlarının və s. istehsalı həyata keçirilir. İstehsal edilən məhsullardan işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilir.

FED.az xəbər verir ki, Ağdam Sənaye Parkının əksər hissəsi sahibkarların istifadəsinə verilib. Parkın qalan əraziləri üzrə sahibkarlardan investisiya müraciətlərinin qəbulu hazırda davam edir.

Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2021-ci il tarixli Fərmanı ilə yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ümumi investisiya portfeli 150 milyon manata yaxın 18 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Cəbrayıl rayonunda yerləşən sənaye parkında sahibkarlar tərəfindən indiyədək 3,4 milyon manatlıq, həmçinin, bu ilin I yarısında 2,7 milyon manatlıq məhsul satışı edilib.

Ərazisi 200 hektar olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı logistika baxımından strateji əhəmiyyətə malik Cəbrayıl rayonunda, yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir. Sənaye parkının əsas fəaliyyət istiqamətləri logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiridir.

Qeyd edək ki, sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli mühit yaradılıb. Sənaye parkının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar.

FED.az xəbər verir ki, bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahıya əsasən) aiddir.

Sənaye parklarında rezident kimi qeydiyyatdan keçmək istəyən sahibkarlar İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə müraciət edə bilərlər.

QarabağdaQarabağdaQarabağdaQarabağda
Chosen
18
3
fed.az

7Sources