EN

I yarımildə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 2,7 milyon manatlıq məhsul istehsal edilib

BAKI, 22 avqust. TELEQRAF

Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2021-ci il tarixli Fərmanı ilə yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ümumi investisiya portfeli 150 milyon manata yaxın 18 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən Teleqraf-a verilən məlumata görə, Cəbrayıl rayonunda yerləşən sənaye parkında sahibkarlar tərəfindən indiyədək 3,4 milyon manatlıq, həmçinin, bu ilin I yarısında 2,7 milyon manatlıq məhsul satışı edilib.

Ərazisi 200 hektar olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı logistika baxımından strateji əhəmiyyətə malik Cəbrayıl rayonunda, yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir. Sənaye parkının əsas fəaliyyət istiqamətləri logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiridir.

Qeyd edək ki, sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli mühit yaradılıb. Sənaye parkının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar.

Chosen
24
4
teleqraf.com

7Sources