EN

Türkmənistan səfəri siyasi, iqtisadi və humanitar əməkdaşlığı gücləndirəcək -ŞƏRH

Prezidentin Türkmənistan səfəri strateji tərəfdaşlığın yüksəlməsi baxımından xüsusi əhəmiyyət daşıyır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistana işgüzar səfərə gedib.
Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb və onu Türkmənistan Nazirlər Kabineti sədrinin ticarət üzrə müavini Nökərqulu Ataqulıyev və digər rəsmi şəxslər qarşılayıblar.
Bu səfər Azərbaycanla Türkmənistan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən bariz nümunədir. Son illərdə iki ölkə arasında siyasi dialoqun intensivləşməsi, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi və iqtisadi əməkdaşlıq istiqamətində irəli sürülən təşəbbüslər strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Milli Məclisin deputatı Aydın Hüseynov Sherg.az-a söyləyib ki, səfər çərçivəsində iki qardaş ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində danışıqlar aparılması nəzərdə tutulur:

"Müzakirələrin əsas mövzularını enerji sahəsində birgə layihələr, xüsusilə Xəzər dənizindəki “Dostluq” yatağının işlənməsi, nəqliyyat-logistika marşrutlarının — Orta Dəhliz, Lapis-Lazuli və Şimal-Cənub xəttinin inkişaf etdirilməsi, həmçinin qarşılıqlı ticarət dövriyyəsinin artırılması təşkil edir. Bununla yanaşı, tərəflər beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi, humanitar və mədəni əlaqələrin möhkəmləndirilməsi məsələləri də müzakirə olunacaq. Azərbaycan–Türkmənistan əlaqələri 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi əsasında inkişaf edir. Son illərdə qarşılıqlı səfərlərin intensivliyi, ikitərəfli ticarət dövriyyəsinin artımı və enerji, nəqliyyat layihələri bu əməkdaşlığın dərinləşdiyini göstərir".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə yüksəlməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Chosen
58
sherg.az

1Sources