EN

Azərbaycanın qələbə sonrası siyasi gündəliyi və regional sülh modeli

Azərbaycanın öz torpaqlarını azad etməsi ilə regionda tamamilə yeni siyasi və geosiyasi mühit formalaşdı. Bu, təkcə hərbi qələbənin nəticəsi deyil, həm də uzun illər ərzində aparılan ardıcıl diplomatiyanın, strateji planlaşdırmanın və siyasi iradənin təntənəsidir.

İşğaldan azad olunan torpaqlarda dövlət suverenliyinin bərpa olunması faktı həm regiondaxili güc balansını dəyişdi, həm də beynəlxalq aləmdə Azərbaycanın mövqelərini gücləndirdi. Artıq dünya birliyi də bu yeni reallığı qəbul etmək məcburiyyətindədir. Azərbaycanın legitim addımları regional təhlükəsizliyin və sabitliyin əsas sütununa çevrilib.

Hərb meydanında qələbə qazanan Azərbaycanın bununla kifayətlənməyərək sülh gündəliyinin təşəbbüskarı kimi çıxış etməsi ayrıca diqqətəlayiqdir. Bu, Azərbaycanın regional güc statusunun yalnız hərbi gücə əsaslanmadığını, eyni zamanda siyasi-diplomatik çəkisi ilə də təsdiqləndiyini göstərir. Vaşinqtonda aparılan danışıqlar nəticəsində əldə olunan razılaşmalar Azərbaycanın mövqelərinin və tələblərinin reallıqda öz təsdiqini tapmasının sübutudur.

Beləliklə, Azərbaycan post-müharibə dövründə həm qalib dövlət kimi hüquqi-siyasi reallıqları formalaşdırır, həm də regionda uzunmüddətli sülhün memarı rolunu oynayır. Bu, həm beynəlxalq münasibətlərdə, həm də regionun gələcək inkişaf perspektivlərində Bakının söz sahibinə çevrildiyini təsdiqləyir.

Ruslan Zəngəzur

Chosen
4
1
bakivaxti.az

2Sources