BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin işğalı ilə bağlı qəbul etdiyi qətnamələrin 30 il ərzində icra olunmaması, bir çox daxili və xarici faktorlarla əlaqəli idi. Bu qətnamələr, əsasən, işğal altındakı ərazilərin azad olunmasını və hərbi qüvvələrin münaqişə zonasından çıxarılmasını tələb edirdi.
Lakin həmin dövr ərzində bu qətnamələrin icrası həyata keçməyib. Bunun əsas səbəbləri regional və beynəlxalq maraqların qarşıdurması, münaqişə tərəflərinin daxili siyasi vəziyyəti və beynəlxalq güc balansının dəyişməsi ilə bağlıdır.
ATƏT-in Minsk qrupunun fəaliyyəti, münaqişənin həllində effektiv rol oynamadığı kimi, bəzən onun dondurulması istiqamətində yönləndirildi. Minsk qrupunun həmsədrləri öz ayrı-ayrı strateji maraqlarına uyğun olaraq, regiondakı vəziyyəti stabilizasiya etmək əvəzinə, yalnız münaqişəni "dondurma"ya yönələn addımlar atdılar. Bu, onların daxilindəki siyasi, iqtisadi və hərbi maraqların bir-birinə zidd gəlməsi ilə bağlı idi. Həmçinin, beynəlxalq güc balansının dəyişməsi, regionda və dünyada baş verən yeni geosiyasi dinamika, Minsk qrupunun sülh prosesinə təsir etməyini əngəllədi.
Bu məsələnin dərinliyinə enərək, ATƏT-in Minsk qrupunun bu qədər uzun müddət münaqişə həllində səmərəli fəaliyyət göstərə bilməməsinin səbəblərini daha geniş şəkildə analiz etmək vacibdir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Kəlbəcərin azad olunması ilə bağlı BMT-nin müvafiq qətnamələri vardı, amma bu qətnamələr heç vaxt yerinə yetirilmədi:
"Həmin qətnamələr Kəlbəcərə aid deyildi, amma ümumilikdə dörd qətnamənin yerinə yetirilməməsi ATƏT-in Minsk qrupunun həmsədrliyinin effektivliyini sual altına qoyur. Çünki burada hər bir dövlətin öz maraqları var idi. Fransanın, Amerika Birləşmiş Ştatlarının və Rusiyanın, siyasi, iqtisadi və hərbi maraqları mövcud idi və bu səbəbdən yalnız deklorativ bəyanatlar verildi. Onlar sadəcə olaraq sülh missiyası adı altında görüntü yaratmağa çalışırdılar".
Arzu Nağıyev: ATƏT-in Minsk qrupunun ləğvi çox mühüm məsələdir
Onun sözlərinə görə, bu vəziyyətin ləğv olunması artıq qaçılmaz idi:
"Bu gün Fransa, ATƏT-in Minsk qrupunun həmsədri olduğu halda, şərti sərhəddə niyə bu qədər kəşfiyyatçılar yığılırdı? Nə üçün bu qədər problemlər yaranırdı? Mənim fikrimcə, ATƏT-in Minsk qrupunun ləğvi çox mühüm məsələdir və həm Azərbaycan, həm də Ermənistan öz mövqeyini bildirdi. Azərbaycanın təkidi ilə Ermənistan da bu proseslərə razı oldu".
Deputat əlavə edib ki, son vaxtlar Finlandiya rəhbərliyi də ATƏT-in Minsk qrupunun ləğvinin vacibliyini vurğuladı. Müsahibimiz bu baxımdan düşünür ki, bu qurum ümumiyyətlə ləğv edilməlidir.
“Münaqişə artıq bitib və əgər bu qurum əvvəl sülhə xidmət edəcəyini düşünürdüsə, amma sülhün bərqərar olmasına heç bir əhəmiyyət vermədisə, artıq onun olmaması daha vacibdir”, - deyə Arzu Nağıyev qeyd edib.
Əli Hüseynov