EN

Minsk qrupu daha yoxdur: Son sözü Azəbaycan dedi

"Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir".

Bunu Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə deyib.

Dövlətimizin başçısı vurğulayıb:

"Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq, o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır". 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Prezident İlham Əliyevin Kəlbəcərdə səsləndirdiyi bu fikirlər əslində regiondakı yeni reallığın ən aydın təsdiqidir.

O qeyd edib ki, Ermənistan-Azərbaycan normallaşma prosesinin “demək olar ki, başa çatması” ifadəsi diplomatik dildə münaqişənin artıq bağlanmış səhifə olduğunu göstərir:

“Rəsmi Bakı uzun illərdir tələb etdiyi nəticəni qazanıb. Sülh müqaviləsi Azərbaycanın şərtləri əsasında formalaşıb. Bu, həm də o deməkdir ki, Azərbaycanın əsas prioritetləri, yəni sərhədlərin tanınması, ərazi bütövlüyünün qəbul edilməsi və separatizmin birdəfəlik aradan qalxması sənədlərdə əksini tapıb. Prezidentin Minsk qrupuna dair söylədiyi sözlər isə tarixi bir hesabat xarakteri daşıyır.

Çünki bu qurum 30 ilə yaxın müddətdə münaqişənin həllinə heç bir töhfə vermədi, əksinə, status-kvonun qorunmasına xidmət etdi. Azərbaycan isə güc amili və diplomatik iradə ilə məsələni öz xeyrinə həll etdi. Minsk qrupu hüquqi baxımdan hələ mövcud sayılsa da, artıq siyasi reallıqlarda heç bir çəkisi yoxdur. Onun “son günlərini yaşaması” ifadəsi beynəlxalq vasitəçilik institutlarının iflasını açıq şəkildə göstərir”.

Tural İsmayılov vurğulayıb ki, İlham Əliyevin “biz istədiyimizə nail olduq” bəyanatı həm də Azərbaycanın 2020-dən sonrakı bütün mərhələlərdə strateji üstünlüyünü qoruduğunu təsdiqləyir:

“Ermənistan artıq seçim qarşısında deyil, fakt qarşısındadır. Bu fakt da onun sülh müqaviləsinə imza atmaqdan başqa alternativ yolunun qalmadığını göstərir. Azərbaycanın əldə etdiyi uğur təkcə hərbi zəfər deyil, həm də diplomatik qələbədir. Kəlbəcərdən verilən bu mesaj təsadüfi deyil.

Çünki bu bölgə işğaldan azad olunmuş ən strateji ərazilərdən biridir və bu torpaqlardan səslənən sözlər gələcəyin simvolik zəmanətidir. Əslində, Prezidentin çıxışı həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq auditoriyaya ünvanlanmışdı. Bir tərəfdən Azərbaycan xalqına “sülhün yaxın olduğu” mesajı verildi, digər tərəfdən isə xarici güclərə “Azərbaycan artıq prosesin əsas diqtə edən tərəfidir” mesajı göndərildi”. 

Politoloq bildirib ki, İlham Əliyevin bəyanatı Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlanğıcıdır:

“Normallaşmanın tam başa çatması üçün hələ müəyyən texniki detallara ehtiyac var. Sərhədin delimitasiya və demarkasiya məsələləri, anklav kəndlərinin qaytarılması, kommunikasiyaların açılması hələ də gündəmdədir. Lakin Prezidentin tonuna əsasən görünür ki, bu məsələlər də Azərbaycanın maraqları çərçivəsində həll ediləcək.

Bu isə Cənubi Qafqazda tamamilə yeni bir geosiyasi mərhələnin başlanğıcıdır. Beləliklə, İlham Əliyevin bəyanatı həm yekun siyasi iradəni, həm də gələcək diplomatik kursun istiqamətini ortaya qoyur. Ermənistan-Azərbaycan münasibətləri məhz Azərbaycanın şərtləri əsasında normallaşır və bundan geri dönüş yoxdur”. 

Chosen
7
1
cebheinfo.az

2Sources