Rusiya 2022-ci ildə İstanbulda keçirilən danışıqlardan sonra Ukrayna nümayəndə heyətinin təşəbbüsü ilə razılaşdırılan prinsipləri və təhlükəsizlik təminatlarını dəstəkləyir. Metbuat.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. Lavrov 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlanğıcında tərəflərin əvvəlcə Belarusda, sonra İstanbulda apardığı birbaşa danışıqları xatırladıb. Onun sözlərinə görə, bu danışıqlar münaqişənin köklü səbəblərini aradan qaldırmaq məqsədi daşıyıb. O bildirib ki, həmin prinsiplər bölünməzlik, təhlükəsizlik və kollektiv təhlükəsizlik prinsipinə əsaslanır. Lavrov, “Həmin prinsiplərdə Ukraynanın neytral dövlət olaraq qalacağı, NATO və digər hərbi ittifaqlara qoşulmayacağı yer alır” - deyə bildirib.