Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bildirir ki, moped və motosikletlərin idarə olunmasında yol hərəkəti qaydalarına əməl edilməməsi yollarda ciddi təhlükə mənbəyinə çevrilir. Bu nəqliyyat vasitələrinin texniki xüsusiyyətləri onların təhlükəsizliyini digər nəqliyyat vasitələrinə nisbətən daha aşağı edir. Belə ki, avtomobillərdə mövcud olan təhlükəsizlik kəməri, hava yastığı və digər qoruyucu sistemlər moped və motosikletlərdə nəzərdə tutulmayıb. İki təkər üzərində hərəkət etmək isə balansın itirilməsi ehtimalını daha da artırır.
Ekologiya.az xəbər verir ki, bu barədə BDYPİ-nin moped və motosiklet sürücülərinin ən çox yol verdiyi qayda pozuntuları ilə əlaqədar açıqladığı məlumatda bildirilir.
Qeyd edilir ki, kiçik sürüşmə, qəfil əyləcləmə, yol səthinin qumlu və ya nəm olması, hətta digər nəqliyyat vasitələrinin yaratdığı hava axını belə, moped və motosikletlərin idarəetmədən çıxmasına səbəb ola bilər. Həmin hallarda sürücü və sərnişin birbaşa yola və ya digər maneələrə çırpıldığından, ağır bədən xəsarətləri və ölüm riski qat-qat yüksəlir. Təcrübə göstərir ki, belə qəzalarda nəticələr çox vaxt faciəvi olur.
Aparılan müşahidələr nəticəsində müəyyən edilib ki, ölkəmizdə moped və motosiklet sürücüləri tərəfindən daha çox qoruyucu dəbilqədən istifadə etməmək, həddindən artıq sürət və təhlükəli manevrlər etmək, digər nəqliyyat vasitələrinin “kor zona”sında qalmaq, səkilərdə və piyada keçidlərində hərəkət etməklə piyadalara təhlükə yaratmaq, işıqforun qırmızı işığında hərəkət etmək, dövlət qeydiyyat nişanı olmadan və ya saxta nişanla idarəetmə, səsboğucuda dəyişiklik etməklə gurultu yaratmaq, qanunla müəyyən edilmiş saydan artıq sərnişin daşımaq, müvafiq sürücülük hüququ olmadan və ya tələb edilən kateqoriyasız idarəetmə kimi qayda pozuntularına yol verilir.
BDYPİ bütün motosiklet və moped sürücülərini bir daha qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, qoruyucu vasitələrdən mütləq istifadə etməyə və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə hörmətlə yanaşmağa çağırır.