Moped və motosikletlərin idarə olunmasında yol hərəkəti qaydalarına əməl edilməməsi yollarda ciddi təhlükə mənbəyinə çevrilir. Bu nəqliyyat vasitələrinin texniki xüsusiyyətləri onların təhlükəsizliyini digər nəqliyyat vasitələrinə nisbətən daha aşağı edir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilib.
Bildirilib ki, belə ki, avtomobillərdə mövcud olan təhlükəsizlik kəməri, hava yastığı və digər qoruyucu sistemlər moped və motosikletlərdə nəzərdə tutulmayıb:
“İki təkər üzərində hərəkət etmələri isə balansın itirilməsi ehtimalını daha da artırır. Kiçik sürüşmə, qəfil əyləcləmə, yol səthinin qumlu və ya nəm olması, hətta digər nəqliyyat vasitələrinin yaratdığı hava axını belə, moped və motosikletlərin idarəetmədən çıxmasına səbəb ola bilər. Bu hallarda sürücü və sərnişin birbaşa yola və ya digər maneələrə çırpıldığından, ağır bədən xəsarətləri və ölüm riski qat-qat yüksəlir. Təcrübə göstərir ki, belə qəzalarda nəticələr çox vaxt faciəvi olur”.
Aparılan müşahidələr nəticəsində müəyyən edilib ki, ölkəmizdə moped və motosiklet sürücüləri tərəfindən daha çox aşağıdakı qayda pozuntularına yol verilir:
- qoruyucu dəbilqədən istifadə etməmək;
- həddindən artıq sürət və təhlükəli manevrlər etmək;
- digər nəqliyyat vasitələrinin “kor zona”sında qalmaq;
- səkilərdə və piyada keçidlərində hərəkət etməklə piyadalara təhlükə yaratmaq;
- işıqforun qırmızı işığında hərəkət etmək;
- dövlət qeydiyyat nişanı olmadan və ya saxta nişanla idarəetmə;
- səsboğucuda dəyişiklik etməklə gurultu yaratmaq;
- qanunla müəyyən edilmiş saydan artıq sərnişin daşımaq;
- müvafiq sürücülük hüququ olmadan və ya tələb olunan kateqoriyasız idarəetmə.
BDYPİ bütün motosiklet və moped sürücülərini bir daha qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, qoruyucu vasitələrdən mütləq istifadə etməyə və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə hörmətlə yanaşmağa çağırır.
"Cebheinfo.az"